Bakıda «Müəllim
hazırlığının müasir
problemləri: təhsildə elmi və texnoloji innovasiyalar» mövzusunda
Beynəlxalq elmi konfrans başa çatmışdır
Azərbaycan
Müəllimlər İnstitutunda (AMİ) Təhsil Nazirliyi və
Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası (UMPEA) ilə birgə
keçirilən "Müəllim
hazırlığının müasir problemləri: təhsildə
elmi və texnoloji innovasiyalar" mövzusunda ikinci Beynəlxalq
elmi konfrans noyabrın 28-də
işini yekunlaşdırmışdır.
AzərTAc
xəbər verir ki, konfransın sonuncu günü bölmə
rəhbərlərinin hesabatları dinlənilmiş,
onların fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Bildirilmişdir
ki, bölmə iclaslarında Azərbaycan ilə
yanaşı, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan,
Gürcüstan, Hindistan, İspaniya, İsveçrə,
Belarus və digər ölkələrin tanınmış elm
adamlarının və mütəxəssislərin
ümumilikdə 160-dək məruzəsi dinlənilmiş, müzakirələr
aparılmışdır.
Məruzələrdə müasir şəraitdə müəllim
hazırlığının aktuallığından,
respublikada müəllim hazırlığının
inkişaf perspektivlərindən bəhs olunmuş, bu sahədə
yeni təlim texnologiyalarının tətbiqinin əhəmiyyəti, qazanılmış uğurlar və
dünya təcrübəsindən istifadə problemləri
müzakirə edilmişdir.
Konfransın
bağlanış mərasimində AMİ-nin rektoru, Milli Məclisin
deputatı, professor Aqiyə Naxçıvanlı tədbirin yekunları barədə məlumat vermişdir.
Rektor bildirmişdir ki, üç gün davam etmiş
konfransda müəllim hazırlığı və diplomdan
sonrakı fəaliyyətlə bağlı maraqlı təkliflər
səslənmiş, səmərəli müzakirələr
aparılmışdır. Konfrans
məqsədlərinə tam nail olmuşdur. Burada
keçirilən müzakirələr göstərmişdir
ki, təhsil sahəsində vacib problemlər var və biz
onların aradan qaldırılması üçün birgə
çalışmalıyıq.
A.Naxçıvanlı
konfransın təşkilində və keçirilməsində
fəal iştiraklarına görə UMPEA-nın Təhsilin
Menecmenti Universitetinin rektoru,
akademik Viktor Oleynikə, Ukrayna İnformasiya
Texnologiyaları və Təhsil Vasitələri İnstitutunun
direktoru, akademik Valeri Bıkova, eləcə də bütün
iştirakçılara dərin təşəkkürünü
bildirmişdir.
Tədbirdə
ukraynalı akademiklər Viktor Oleynik və Valeri Bıkov,
İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin
professoru Ketevan Pavliaşvili, Rusiya Təhsil
Akademiyasının nümayəndəsi Marina Yakuşkina və
başqaları çıxış edərək üç
gün ərzində konfransda bir sıra vacib məsələlərin
müzakirə olunduğunu, burada qaldırılan problemlərin
ümumi xarakter daşıdığını və yeni
görüşlərin zərurətini
vurğulamışlar.
Azərbaycanda
özlərini doğma evlərində olduğu kimi hiss etdiklərini
söyləyən qonaqlar onlara göstərilən səmimi
münasibətə və qonaqpərvərliyə görə
minnətdarlıqlarını bildirmişlər.
Sonda bütün
iştirakçılara sertifikatlar
verilmişdir. Qeyd edək ki, konfransın materialları
toplu şəklində
çap ediləcəkdir.
Azərbaycan.-2012.-
29 noyabr.- S.5.