Bakıda ilk dəfə Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi açılmışdır

 

Noyabrın 28-də Bakı Ekspo Mərkəzində Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Azərbaycanda ilk dəfə Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi ("SportExpo-2012") açılmışdır.

AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idman sahəsində əldə olunmuş uğurlardan danışmışdır.

Son illər Azərbaycanda müxtəlif  beynəlxalq idman tədbirlərinin keçirildiyini və 2012-ci ilin "İdman ili" elan olunduğunu, London Yay Olimpiya və Paralimpiya oyunlarında idmançılarımızın möhtəşəm qələbələrini xatırladan nazir demişdir ki, bütün bunlar ölkəmizdə idmanın və idman sənayesinin müsbət inkişaf dinamikasını göstərir.

A.Rəhimov bildirmişdir ki, ölkəmizdə ilk dəfə keçirilən bu sərgi beynəlxalq yarışlarda idman federasiyalarımızın əldə etdikləri nəticələri, habelə müxtəlif idman təşkilatlarını tam şəkildə nümayiş etdirməyə imkan verəcəkdir.

Qeyd olunmuşdur ki, sərgi öz meydançasında 50 iştirakçını, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman mallarının yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirəcəkdir. "SportExpo-2012" sərgisində idman qurğuları və ləvazimatları, habelə trenajorlar təqdim olunacaqdır. Bütün bunlar isə sərginin əhəmiyyətindən xəbər verir.

"SportExpo-2012" sərgisi ilə bir meydançada gənclər təşkilatlarının IV Respublika sərgisinin də keçiriləcəyi bildirilmişdir.

Diqqətə çatdırılmışdır ki, gənclər təşkilatlarının IV Respublika sərgisi Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramı çərçivəsində keçirilir.  Bu sərgidə iştirak edəcək 76 gənclər təşkilatı öz nailiyyət və imkanlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq, həmçinin fəaliyyətlərinin sonrakı inkişafı üçün ticarət strukturları və iri şirkətlərlə əlaqələri genişləndirmək imkanı qazanacaqlar.

Sərgi münasibətilə idman ictimaiyyətinin nümayəndələrini təbrik edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov demişdir ki, Gənclər və İdman Nazirliyi fəaliyyət göstərdiyi 18 il ərzində həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin etimadını doğrulda bilmişdir.

Azərbaycanda mükəmməl vətəndaş cəmiyyətinin formalaşmasını vurğulayan dövlət rəsmisi 2 min 800-dən çox qeyri-hökumət təşkilatının qeydiyyatdan keçdiyini və bunun  200-nün gənclər təşkilatı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, GİN tərəfindən gənclər təşkilatlarına öz layihələrini həyata keçirmək üçün daim yardım ayrılır.

Sərginin yeni əlaqələrin qurulması və genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edən Böyük Britaniyanın "ITE Group plc" şirkətinin regional direktoru Edvard Stroon, həm də sərginin  Azərbaycan gənclər təşkilatlarının sonrakı inkişafına da töhfə verəcəyini bildirmişdir.

Qeyd edilmişdir ki,  noyabrın 30-dək davam edəcək sərgi Azərbaycanda idman infrastrukturunun sürətli inkişafına və formalaşmasına, habelə özəl idman sektorunun inkişafına imkan yaradacaqdır.

Açılış mərasimindən sonra sərgiyə baxış keçirilmişdir.

 

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.5.