Mürəkkəb və iztirablı həyat
yaşamış şair
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturqu, Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş respublika elmi konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tanınmış alimlərin, təhsil işçilərinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 16 fevral tarixli sərəncamının əhəmiyyətini vurğulamışdır.
Görkəmli şair və dramaturq H.Cavidin zəngin yaradıcılığından danışan akademik A.Məhərrəmov milli şüurumuzun, milli təəssübkeşliyimizin inkişafında onun mühüm xidmətlərini vurğulamışdır. Rektor 1937-ci ildə H.Cavidin uzaq Sibirə sürgün olunduğunu, onun çətin həyat yolu keçdiyini, 1941-ci ildə dünyasını dəyişdiyini xatırlatmışdır.
Akademik A.Məhərrəmov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə uzaq Sibirdən H.Cavidin cəsədinin Azərbaycana gətirildiyini və doğma yurdu Naxçıvanda dəfn edildiyini diqqətə çatdırmışdır.
BDU-nun filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyev böyük ədib Hüseyn Cavidin çətin, lakin mənalı və şərəfli ömür yolundan, yaradıcılığının əsas ideya istiqamətlərindən, əsərlərinin əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, H.Cavid 1882-ci ildə Azərbaycanın qədim diyarı Naxçıvanda anadan olmuş, Türkiyənin İstanbul Universitetində təhsil almışdır.
M.Vəliyev böyük şair və dramaturqun "Şeyx Sənan", "Topal Teymur", "Xəyyam" və digər ölməz əsərlərinin ədəbi xəzinəmizə böyük töhfə olduğunu diqqətə çatdırmışdır. H.Cavid bir əqidəyə - həqiqətə xidmət etmişdir. Daim həqiqət, ədalət və səadət axtarmaq yollarında çırpınan romantik qəhrəmanlarının bir çoxu kimi H.Cavid özü də həmişə axtarışlarla dolu mürəkkəb, iztirablı həyat yaşamışdır. O, qəlbini riqqətə gətirən mövzuları qələmə almış, həmişə bəşəri ideyalarla yaşamışdır.
Professor
Q.Namazov və digər çıxış edənlər də
görkəmli şair və dramaturq H.Cavidin
yaradıcılığının əhəmiyyətindən
bəhs etmişlər.
Azərbaycan.-2012.- 29 noyabr.- S.7.