İçərişəhərdə dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun yaradıcılığına həsr edilmiş sərgi açılmışdır

 

Noyabrın 29-u müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvi Tahir Salahovun  doğum günüdür.

Bu münasibətlə noyabrın 28-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun ev-muzeyində rəssamın yaradıcılığına və ictimai fəaliyyətinə həsr olunmuş sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, ev-muzeyində Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunmuşdur. Muzeyin kolleksiyasında  700-dən artıq eksponat vardır.

Tədbirdə  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  rəis müavini Samir Nuriyev, xalq rəssamı Fuad Salayev, muzeyin direktoru Səadət Mirzəyeva və başqaları çıxış edərək ev-muzeyin yaradılmasından və onun qarşısında duran vəzifələrdən danışmışlar.

Xüsusi olaraq diqqətə çatdırılmışdır ki, Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq mühüm işlər görülmüş və 2013-cü ildə sənətkarın 85 illik yubileyi günlərində muzeyin rəsmi açılışı planlaşdırılmışdır. Tahir Salahovun öz yaradıcılığının bütün qiymətli nümunələrini və arxivini dövlətə təmənnasız hədiyyə etmək arzusu müdrik addım kimi dəyərləndirilmişdir.

Diqqətə çatdırılmışdır ki, ev-muzey istifadəyə verildikdən sonra paytaxt sakinləri ilə yanaşı, şəhərimizə gələn hər bir qonaq burada böyük sənət fədaisinin bənzərsiz sənət inciləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəkdir.

Bildirilmişdir ki, Tahir Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni parlaq səhifə açmışdır. Onun dünyanın mötəbər muzeylərində və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırmışdır.

Çıxış edənlər  Tahir Salahovun ad günü ərəfəsində belə bir  tədbirin keçirilməsinin əhəmiyyətindən, rəssamın təkrarolunmaz yaradıcılığından, milli mədəniyyətimizin beynəlxalq aləmdə tanınmasına verdiyi töhfələrdən və böyük fırça ustasının irsinin qorunub saxlanmasının vacibliyindən danışmışlar.

Tahir Salahovun  bacısı,  Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri Zərifə Salahova  ev-muzeyinin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.7.