Şahdağın qoynunda

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Təhsil" nəşriyyatı tərəfindən "Quba və qubalılar" adlı kitab çapdan çıxmışdır. Azərbaycanın qədim və dilbər guşələrindən olan, Şahdağın ətəyində yerləşən Qubanın tarixinə, memarlıq abidələrinə, görkəmli şəxsiyyətlərinə həsr olunmuş kitabda bu bölgənin tanınmış şəxsiyyətləri haqqında bioqrafik məlumatlar verilib.

Kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Qubaya etdikləri səfərlər zamanı rayon ictimaiyyəti ilə görüşlər və imzalanan sərəncamlar haqqında məlumat verilir. Kitabı əlinə alanlar ilk növbədə Qubanın coğrafi mövqeyindən, əhatə olunduğu inzibati rayonlardan, əhalisindən xəbər tutacaqlar. Eləcə də XX əsrin əvvəllərində ermənilərin Qubada törətdikləri soyqırımı haqqında ətraflı məlumatlanacaqlar. 2007-ci ilin aprelində Qudyalçayın ətrafında torpaq işləri görülərkən azərbaycanlılara qarşı vəhşi cinayətlərdən xəbər verən kütləvi məzarlıq aşkarlanmışdır. Tədqiqatlar göstərmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər Qubada kompakt halda yaşayan ləzgilər, yəhudilər, tatlar, avarlar və s. etnik qrupların nümayəndələri ermənilər tərəfindən qətlə yetirilərək basdırılmışdır. Aşkarlanmış 400-dən artıq insan cəsədindən 50-dən çox uşaq, 100-ə qədəri qadındır. Qubada törədilən qətliamın dünya ictimaiyyətinə çatdırılması üçün bu məzarlıq dəhşətli soyqırımı əks etdirmək baxımından çox tutarlı arqumentdir.

Dünya şöhrətli məşhur səyyahların, şərqşünas alimlərin, yazıçıların vaxtilə Quba ilə bağlı qələmə aldıqları yazılarda bu bölgənin qədimliyindən və abidələrlə zənginliyindən xəbər verir. Qubalıların fəxr etdiyi şəxsiyyətlər və Qarabağ savaşında şəhid olmuş övladları haqqında da ətraflı məlumatlar var. Kitabın ən maraqlı səhifələrindən biri də Qubanın yazılı mənbələrdə əks olunmuş mənzərəsi haqqında verilən biblioqrafiyadır.

Tədqiqatçı alimlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş yeni nəşrin tərtibçiləri əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, filologiya elmləri namizədi Esmira Fuad, hüquq elmləri namizədi Əli Eyvazovdur. Kitabın elmi məsləhətçisi tarix elmləri namizədi Lətifə Məmmədovadır.

 

 

 F.XƏLİLZADƏ

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.7.