Dəyişən illər, dəyişməyən
xislət
1905-1906-cı illərdə erməni-rus millətçi dairələrinin əlilə həyata keçirilən qanlı hadisələrdən sonra Tiflisdə erməni və azərbaycanlılara barışıq təklif edən rus canişininə türk dünyasının böyük fədakarı və fikir adamı Əhməd bəy Ağaoğlu belə cavab vermişdi ki, barışıqdan öncə bu qətliamda kimin günahsız, kimin günahkar olduğunu elan edin. Canişinin: "bunların mənə dəxli yoxdur, padşah deyibdir, barışmaq lazımdır"- fikrinə isə Əhməd bəy sonrakı tariximizdə əvəzsiz rol oynayan bu cavabı səsləndirmişdi: "Əgər bir məmləkətdə bir millət o birini qırırsa və dövlət sakitcə dayanıb bu mənzərəni seyr edirsə, deməli, dövlət istəyir ki, bu millət o birini qırsın. Biz imkan verməyəcəyik ki, azərbaycanlıların evlərinin xarabalıqları üstündə ermənilər özlərinə səadət sarayları tiksinlər."
Bu çıxışından sonra Əhməd bəy məclisi tərk etdi və tezliklə onun təşəbbüsü ilə Azərbaycan tarixində yeni bir partiya meydana gəldi - "Difai" partiyası. Azərbaycan ziyalılarının, ümumən vətənpərvər insanların erməni millətçiliyinə, şovinizminə qarşı birgə mübarizəsinin təşkilində bu partiyanın əvəzsiz rolu oldu. Demək olar ki, Azərbaycanın hər yerində bu təşkilatın gizli özəkləri vardı və onlar şəraitdən asılı olaraq mübarizənin bütün formalarından istifadə edirdilər. Təşkilatın sıralarında fəaliyyət göstərən insanların bəzilərinin adlarını çəkmək kifayətdir ki, onun hansı dayağa malik olduğunu biləsən: Ələkbər bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Həmid bəy Yusifbəyli, Mirzə Məhəmməd Axundzadə, Həsən bəy Ağayev, Axund Məhəmməd Pişnamazzadə, Adil xan və İsmayıl xan Ziyadxanlılar, Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlılar, üç qardaş Xəlil, Ələkbər və Ələsgər bəy Xasməmmədovlar, Dəli Alı, Məşədi İsmayıl, Sarı Ələkbər, Bala Məşədi və başqaları...
Ötən əsrin əvvəlləri ziddiyyətlərlə dolu idi və hamını bir fikir birləşdirərək hərəkətə gətirirdi - belə çətin, mürəkkəb bir dövrdə milləti, xalqı qırğınlardan, qarşıdurmalardan necə qorusunlar? Gəncləri necə maarifləndirsinlər və təşkilatlandırsınlar? Bir faktı da qeyd edək ki, bu çətin vəzifələrin öhdəsindən layiqincə gələn difayiçilər sonrakı dövrdə - 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin qorunmasında, ordunun təşkilində böyük rol oynadılar.
Belə bir vaxtda ziyalıların üzərinə düşən məsuliyyət çox böyük idi və onlar az olsalar da, bu işlərin öhdəsindən gəlməyi bacardılar. O vaxtlar deyildiyi kimi, "ermənilərin mütəşəkkil cinayətkarlığına qarşı azərbaycanlıların kortəbii vətənpərvərliyi dayanmışdı." Belə bir vaxtda XX əsr Azərbaycan nəsrinin yaradıcılarından olan Məmməd Səid Ordubadinin qələmə aldığı əsərlər gərgin ictimai-siyasi prosesləri izləmək baxımından çox qiymətlidir. Belə əsərlərdən biri - uzun illərin siyasi təbəddülatlarından keçmiş "Qanlı sənələr" əsəri tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir abidədir. Yazıçının 1908-ci ildə yazıb başa çatdırdığı bu kitab ilk dəfə onun "Tazə həyat" qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra 1911-ci ildə Bakıda milyonçu Murtuza Muxtarovun köməyilə nəşr olunub və bu əsərdə çar hökumətinin himayəsi, erməni daşnaksütyun partiyasının fitvası ilə azərbaycanlılara qarşı törədilən milli qırğın böyük ustalıqla qələmə alınıb. XX əsrin əvvəllərində baş verən erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır.
Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi tarixi yaddaşımızı həmişə qoruyub saxlamalı olduğumuzdan xəbər verir. Bu səbəbdən uzun illər nəşrinə qadağa qoyulan bu əsərin yenidən çap olunması xalqımızın yaddaşını oyatmağa, baş verənlərdən ibrət dərsi almasına xidmət edir. Onu da qeyd edək ki, 1907-ci ildə Culfaya köçən Ordubadi bu illərdə ədəbi fəaliyyətini davam etdirməklə yanaşı Cənubi Azərbaycanda Səttarxanın rəhbərliyi altında başlayan azadlıq hərəkatı ilə də yaxından maraqlanırdı. O, həmin illərdə "Molla Nəsrəddin" jurnalında, Bakıda nəşr olunan qəzetlərdə İran həyatına dair çoxlu felyeton, şeir və digər yazılarla çıxış edirdi. Ədib o dövrdə "İki cocuğun Avropaya səyahəti" (1908), "Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab" (1914) romanlarını çap etdirir. Həmin əsərlərdə maarifçilik ideyaları təbliğ olunur. "Baği-şah, yaxud Tehran faciəsi" (1910), "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" (1914) pyesləri də həmin dövrün məhsuludur. O vaxtkı ictimai-siyasi, ədəbi fəaliyyətinə görə, xüsusilə "Qanlı sənələr"ə görə ədib 1915-ci ilin yanvarında Culfada həbs olunaraq Saritsına sürgün edildi.
...Əsəri vərəqlədikcə erməni vəhşiliyinin və vandalizminin sərhəd tanımadığının şahidi olursan. O dövrdə də ermənilərin bizim torpaqlardan qopartmaq istədikləri təkcə Qarabağ deyildi. İllərlə hazırlaşdıqları elansız müharibəni bütün sərhədlərimiz boyunca aparırdılar. Məmləkətimizin qərbində yerləşən qədim Oğuz yurdu Qazax da bu fitnə-fəsadlardan yan keçmədi. Ötən yüzilliyin əvvəlində bədxah qonşuları ilə üz-üzə qalan Bağanıs-Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Qızılhacılı, Sofulu, Barxudarlı, Xeyrimli kəndləri illər sonra yenə savaş gördü.
O vaxtlar həm də qəzet jurnalisti kimi fəaliyyət göstərən M.S.Ordubadi "Qanlı sənələr" kitabında yazır: "Qazax uyezdinin hadisələri 1905-ci ilin 29 noyabrında başlanıb. Müsəlmanlar müasir işlərdən xəbərsiz olduqlarına görə böyük xəsarət gördülər. Qazax uyezdində hökumət məmurları, xüsusilə polis qulluqçularının əksəriyyəti erməni olduğundan müsəlmanlara artıq zərərlər vermişlər. Qazax uyezdində üç böyük və müdhiş müharibələr də zühur etmişdir. 1. Əlibəyli, 2. Tatlı, 3. Əskipara müharibələri".
Yazıçı əsərdə 12 kəndin də adını çəkir və hadisələrin sonrakı gedişatından, azərbaycanlıların tədricən özlərinə gələrək təcavüzkarlara müqavimət göstərməyindən də söhbət açır: "...ermənilərin qonşuluq və vətəndaşlıq hüququna riayətsizliyini eşidən müsəlmanlarda bir az intibah əmələ gəlir, hər tərəfdən müsəlman könüllü əsgərləri hücuma keçib Əskipara adlı kənddə böyük müharibəyə başlayırlar. Bu müharibədə müsəlmandan 4 nəfər qətl olunur. Ermənilər dəxi 80 nəfər tələfat verib bir çox cəbbəxana hərbi ləvazimatlarını qoyub qaçmağa məcbur olurlar...".
Aradan illər keçdi, amma nə erməninin iştahası azaldı, nə dünya dəyişdi!
1992-ci ildə Qarabağda olduğu kimi, Qazaxın həmin kəndləri yenə müharibə alovuna büründü, torpaqları zəbt edildi. Hazırda Qazaxın yeddi sərhəd kəndi işğal altındadır. 20 il əvvəl o kəndlərdə insanlarımız yaşayır, işlə-güclə məşğul olur, uşaqlarımız məktəbə gedirdi.
Eyni ssenarini Qarabağda, onun kənd və şəhərlərində də görmək, müşahidə etmək mümkündür. "Qanlı sənələr"də göstərildiyi kimi, əsrin əvvəllərində azərbaycanlıları müxtəlif vasitələrlə provakasiyaya çəkərək hökumətə qarşı qaldırmağa çalışan erməni millətçiləri istədiklərinə rədd cavabı aldıqdan sonra digər vasitələrə - qırğınlara və terrora rəvac verirlər.
Ermənilərin bu xisləti o dövrün digər ədəbi abidələrində - "Əli və Nino"da da ustalıqla əks olunub. Şuşaya gələn əsərin qəhrəmanı erməni xarakterini gözəl bir misalda açıb göstərir: "Mən bu xalqın yalançılığına təəccüblənirdim...Hələ dünən kök bir erməni məni inandırmaq istəyirdi ki, Şuşadakı Maraş kilsəsinin yaşı beş min ildir. Ona dedim ki: "Yalan danışma. Bütün xristianlığın yaşı heç iki min il deyildir. Axı bu xristian kilsəsi Məsihdən qabaq tikilə bilməzdi." Gombula sözüm bərk toxundu və o, tənəli tərzdə dedi: "Əlbəttə, sən təhsilli adamsan, sözüm yoxdur. Amma bu qoca kişinin nəsihətinə qulaq as, başqa xalqlarda xristianlığın yaşı iki min il ola bilər. Biz, Qarabağ əhlinə isə Xilaskar Məsih ondan üç min il əvvəl peyda olub."
Maraqlıdır,
illər keçir, kitablar yazılır, həqiqətlər
ortaya çıxır, amma sanki dəyişməyən bircə
şey var: o da ermənilərin xarakteri və yetənə
yetib, yetməyənə daş atmaq xisləti. Amma gərək
unutmayaq - Xilaskar Məsih isə
hələ o vaxtlar deyirdi: daşları atmağa tələsməyin.
Onu atmaq vaxtı olduğu kimi, onu yığmaq vaxtı da var.
Bəxtiyar QARACA
Azərbaycan.-2012.- 29 noyabr.- S.7.