Uşaqlar arasında «BacarArt» layihəsinin yekun mərhələsi çərçivəsində satış-sərgi təşkil olunmuşdur

 

Xəbər verildiyi kimi, "YARAT!" Müasir İncəsənət Məkanının və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "BacarArt" layihəsi həyata keçirilmişdir.

"YARAT!" Müasir İncəsənət Məkanından bildirmişlər ki, noyabrın 20-də "Kempinski Badamdar" hotelində "BacarArt" layihəsinin hesabat sərgisi keçirilmişdir. Layihənin iştirakçıları ölkənin müxtəlif regionlarından olan aztəminatlı ailələrin uşaqlarıdır.

Ötən bir neçə həftə ərzində peşəkar rəssamlar və fotoqraflar layihədə iştirak edən uşaqlara rəsm, fotoqrafiya və kollaj sənətinin "əlifbasını" öyrətmişlər. Layihənin reallaşması nəticəsində yaranan əsərlər yekun sərgidə nümayiş etdirilmişdir. Layihənin bütün iştirakçılarına rəsm üçün dəst və fotoaparatlar hədiyyə edilmişdir.

Dünya şöhrətli sənətkar, Azərbaycanın və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov kimi korifeylər, habelə Azərbaycan incəsənətinin digər tanınmış xadimləri uşaqlara dəstək olmaq məqsədilə sərgini ziyarət etmişlər. Sərgiyə gələn tamaşaçılar bəyəndikləri əsərləri satın almaq və beləliklə, gənc müəlliflərin gələcək taleyinə təsir etmək imkanını qazanmışlar.

Satış-sərgidən əldə olunan vəsait Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sərəncamına veriləcək, sonra isə bu vəsait layihənin kiçik iştirakçılarının ailələrinə yardım məqsədilə istifadə olunacaqdır.

Layihə iştirakçıları ümid edirlər ki, belə bir təşəbbüs uşaqların bacarıqlarının inkişaf etdirilməsinə səbəb olacaq və onların incəsənət aləmində gərəkli olmalarını hiss etməyə və öz güclərinə inanmağa kömək göstərəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.7.