Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karqarın etimadnaməsini qəbul etmişdir.

Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Mohammad Şaker Karqar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Xalqlarımız arasında böyük tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı bu əlaqələri yeni mərhələdə genişləndirməyin zəruriliyini bildirdi. Əfqanıstan Prezidenti Həmid Kərzainin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakına toxunan Prezident İlham Əliyev bu səfərin uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından  əhəmiyyətli olduğunu dedi.  Dövlət başçısı ölkəmizin Əfqanıstanı  sabitliyin təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı məsələlərdə bundan sonra da dəstəkləyəcəyini qeyd etdi.

Səfir Mohammad Şaker Karqar Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzainin salamlarını dövlət başçısına çatdırdı. Mohammad Şaker Karqar Əfqanıstan xalqının hökumətinin Azərbaycanın mövqeyini bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə daim dəstəklədiyini vurğuladı.

Dövlət başçısı müxtəlif beynəlxalq təşkilatlarda Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.

Prezident İlham Əliyev Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 30 noyabr.- S.1.