«Uzadılmış münaqişələr və Avropa İttifaqının Cənubi

 Qafqazda mövcudluğu» mövzusunda konfrans keçirilmişdir

 

Noyabrın 29-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Uzadılmış münaqişələr və Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda mövcudluğu"  mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə tələbələr ilə yanaşı ictimaiyyət nümayəndələri və KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort çıxış etmiş, Cənubi Qafqazın Avropaya inteqrasiyası, ittifaqın strukturu və fəaliyyəti, Aİ-Cənubi Qafqaz əməkdaşlığı, regionda baş verən münaqişələrdə qurumun rolu və maliyyə böhranı ilə mübarizədə göstərilən səylər haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan F.Lefort qeyd etmişdir ki, Aİ ATƏT-in münaqişənin həlli yönündə səylərini dəstəkləyir.

F.Lefort Aİ-nin Cənubi Qafqazla bağlı maraqlarını regionda müharibə və silahlı münaqişələrə yol verilməməsi,  enerji sahəsində əməkdaşlıq, Avropanın öz dəyərlərini bölgə ölkələri ilə bölüşməsi, təhlükəsizliyə olan təhdidlərə və terrorçuluğa qarşı birgə mübarizə olaraq beş əsas maddə üzrə xarakterizə etmişdir. Vurğulanmışdır ki, həm Aİ-nin təhlükəsizliyi, həm də bölgənin inkişafı üçün sabitliyin və əmin-amanlığın qorunması əsas məsələlərdəndir.

Sonda jurnalistlərin sualları cavablandırılmışdır.

 

Azərbaycan.-2012.- 30 noyabr.- S.2.