Qədim İçərişəhərlə
tanışlıq Latviyanın Baş
nazirində
zəngin təəssürat yaratmışdır
Latviya Respublikasının Baş naziri Valdis Dombrovskis Azərbaycana rəsmi səfəri çərçivəsində noyabrın 29-da İçərişəhərlə tanış olmuşdur.
Əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqda böyük maraq doğurmuşdur.
Elektromobillə gəzinti zamanı Latviyanın Baş nazirinə və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Valdis Dombrovskis təndir çörəyinə qonaq edilmişdir.
Gəzinti zamanı qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar sarayı kompleksi" ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bugünədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Ali qonaq tanınmış kinorejissor Leonid Qaydayın ekranlaşdırdığı "Brilyant əl" kinokomediyasının ən maraqlı epizodlarının lentə alındığı İçərişəhərdəki küçədə xatirə şəkli çəkdirmişdir.
Dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidi ilə tanışlıq da böyük maraq doğurmuşdur.
Daha sonra Latviya Respublikasının Baş naziri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Azərbaycan
paytaxtının qədim guşəsi ilə
tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim
edilmişdir.
AzərTAc
Azərbaycan.-2012.- 30 noyabr.- S.3.