Latviyanın Baş naziri Dövlət Bayrağı meydanı ilə
tanış olmuşdur
Latviya Respublikasının Baş naziri Valdis Dombrovskis Azərbaycana rəsmi səfəri çərçivəsində noyabrın 29-da Dövlət Bayrağı meydanı ilə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, əvvəlcə qonağa Azərbaycan Prezidenti İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı meydanı ilə birləşdirilməsinə dair tapşırıqları əsasında bu ərazidə həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Meydan üçün seçilmiş yer Dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Dövlət Bayrağı meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı meydanının təntənəli açılış mərasimi keçirilmişdir.
Məlumat verilmişdir ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır.
Qeyd edilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.
Səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə tanışlıq zamanı bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən 2010-cu 29 may tarixli sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.
Qonağa xatirə hədiyyələri təqdim olunmuşdur.
Ətrafı seyr edən qonağa "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Baku Crystal Hall" barədə də ətraflı məlumat verilmişdir.
Dövlət
Bayrağı meydanı ilə tanışlıq Valdis
Dombrovskisdə xoş təəssürat
yaratmışdır.
Azərbaycan.-2012.- 30 noyabr.- S.3.