Latviyanın Baş naziri Azərbaycan Diplomatik
Akademiyasında olmuşdur
Noyabrın 29-da Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşdur.
AzərTAc xəbər verir ki, latviyalı qonaqlar əvvəlcə akademiyanın yeni tikilmiş tədris mərkəzi, ingilisdilli ədəbiyyatla zəngin kitabxanası və təhsil prosesi ilə tanış olmuşlar.
Sonra "Latviya, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq: çətinliklər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Hörmətli qonağı akademiyada görməkdən məmnun olduqlarını bildirən ADA-nın rektoru akademik Hafiz Paşayev Azərbaycan ilə Latviya arasındakı münasibətlərin sürətlə inkişaf etdirildiyini demişdir. Rektor latviyalı qonaqlara ADA-nın tədris prosesi barədə ətraflı məlumat vermişdir.
Fəaliyyətə başladığı dövrdən sürətlə inkişafda olan akademiyanın beynəlxalq əlaqələrini genişləndirdiyini vurğulayan Hafiz Paşayev ADA-nın dünyanın başqa diplomatik akademiyaları ilə bir çox sahələrdə, o cümlədən alternativ enerji sahəsində də fəal əməkdaşlıq etdiyini demişdir. H.Paşayev bildirmişdir ki, ADA bir çox proqram və layihələr həyata keçirməklə öz fəaliyyətini durmadan genişləndirir. Rektor həmçinin akademiyanın latviyalılar üçün heç də yad bir təhsil ocağı olmadığını, burada Latviyadan olan tələbələrin də təhsil aldığını diqqətə çatdırmışdır.
Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Latviya Respublikasının Baş naziri Valdis Dombrovskis gördüyü qonaqpərvərlik və səmimi qarşılanmadan məmnunluq ifadə etmişdir. Azərbaycan ilə Latviya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayan Baş nazir bu əlaqələrin bundan sonra daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
V.Dombrovskis ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətləri dəstəklədiyini bildirmişdir. Həm ADA-da, həm də Latviya universitetlərində Avropa İttifaqı üzrə təkmilləşmə proqramı keçirildiyini vurğulayan Baş nazir bildirmişdir ki, akademiyada bu proqramın daha da genişləndirilməsi üçün latviyalı ekspertlərin təcrübələrindən yararlanmaq mümkündür.
"Dəyirmi masa"da çıxış edən ADA-nın prorektoru Fariz İsmayılzadə akademiyanın sürətli inkişaf yolundan və beynəlxalq əlaqələrindən danışmışdır. F.İsmayılzadə regionda ilk dəfə olaraq ADA-da yaşıl tədris mərkəzinin yaradıldığını və bu mərkəzdə alternativ enerji mənbələrindən istifadə olunduğunu bildirmişdir.
AzərTAc
Azərbaycan.-2012.- 30 noyabr.- S.3.