AQUPDK və Latviyanın Rifah Nazirliyi arasında imzalanmış

 anlaşma memorandumu çərçivəsində görüş olmuşdur

 

Noyabrın 29-da Bakıda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova  Latviyanın rifah naziri İlze Vinkelenin  başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AQUPDK və Latviyanın Rifah Nazirliyi arasında imzalanmış  anlaşma memorandumu çərçivəsində keçirilən görüşdə qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan - Latviya əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən  H.Hüseynova Azərbaycan dövlətinin siyasətində ailə, qadın, uşaq problemlərinin həllinin prioritet istiqamətlərdən biri  olduğunu söyləmişdir.

İkitərəfli əlaqələrdən danışan H.Hüseynova  hər iki qurum arasında əməkdaşlığın həyata keçirilməsinin vacibliyini qeyd etmiş, bu baxımdan imzalanmış memorandumun əhəmiyyətini vurğulamışdır. H.Hüseynova bildirmişdir ki, artıq  bu istiqamətdə bir sıra layihələr reallaşdırılmaqdadır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə  əməkdaşlığa böyük önəm verdiyini deyən İlze Vinkele  memorandumun hər iki qurum arasında əlaqələrin inkişafında yeni mərhələ olduğunu bildirmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 30 noyabr.- S.3.