Aqrar sahə modernləşmə mərhələsindədir
Bazar iqtisadiyyatı prinsipləri əsasında öz milli iqtisadiyyatını inkişaf etdirən Azərbaycan üçün aqrar sahənin mümkün potensialından tam mənada istifadə edilməsi Gələcəyə baxış Konsepsiyası üçün ən aktual mövzularından birinə çevrilmişdir. Bu gün söyləyə bilərik ki, iqtisadi islahatların başlanmasından 20 il keçməsinə baxmayaraq, respublikada aqrar sahə müasir iqtisadiyyatın təkrar istehsalı prosesində bazar tələblərinə uyğun formada öz funksiyasını icra etməkdə hələ də çətinliklərlə üzləşir. Belə ki daha çox ön plana çəkilmiş institusional, iqtisadi, texniki-texnoloji və digər cəhətlər bu sahənin inkişafı üçün lazımi formada təkmilləşə bilməmişdir. Ona görə də aqrar sahədə dövlət sektorunun rolu bir çox sahələrlə - seqmentlər, istiqamətlər, miqyaslar, funksiyalar, forma, növ və aqrar iqtisadiyyata dövlətin müdaxilə metodları ilə müəyyən olunmalıdır. Həmçinin dövlət sektoruna aid müəssisə və təşkilatların gəlirləri və xərclərinin müəyyən olunması da bu yöndə dövlətin rolunu zəruri edən amil kimi də çıxış edir.
Aqrar sahədə dövlət sektorunun iştirakı kənd təsərrüfatında istehsalın növü ilə bilavasitə şərtlənir. Arzu olunmaz iqlim və ekoloji təhlükələr şəraitində, yerli istehsalçıları müdafiə etmək məqsədi ilə idxalın subsidiyalaşdırılması və beynəlxalq rəqabətə tab gətirilməsi zərurəti ortaya çıxdıqda, şübhəsiz ki, dövlətin bu sahədə rolu əhəmiyyətli dərəcədə artır.
Aqrar sahədə dövlət sektorunun sərhədləri və miqyasının müəyyənləşməsinə metodoloji cəhətdən yanaşmaq lazımdır. Burada minimum yanaşmaya istinad edilməlidir. Məlumdur ki, həm dövlət, həm də bazar səmərəli reallaşdıra biləcəyi funksiyaları üzərlərinə götürürlər. Lakin özəl sektorun daha çox gəlir götürmək marağı və sosial-ekoloji səmərəliyi aqrar sahədə bir o qədər nəzərə almaması fonunda dövlətin üzərinə böyük məsuliyyət düşür. Belə bir şəraitdə özəl sektordan fərqli olaraq dövlət üçün iqtisadi maraq ikinci dərəcəli vəzifəyə çevrilir. Dövlət aqrar sahədə həmçinin hər bir təsərrüfat subyekti üçün bərabər rəqabət mühiti yaratmaqla şirkətlərin işgüzar aktivliyinə müdaxilə etməməlidir.
Bu gün aqrar sahədə başlıca problem əhalinin aqrar məhsullara tələbatını yerli istehsal hesabına mümkün olduğu halda tam ödəyə bilməməsidir. Qeyd edilən cəhətin hazırlanacaq konsepsiyada prioritetlər sırasında olması şərtdir. Bu aspektdən aqrar sahəyə dövlətin dəstək və qayğısı keyfiyyətcə yeni mərhələyə keçməlidir. Belə ki, bu dəstək və qayğı öncəki illərdə olduğu kimi, dövlətin iqtisadi vəzifəsi formasında deyil, faydalanma və gəlir götürmək məqsədi ilə yanaşmasından irəli gəlməlidir. Şübhəsiz ki, bu da kifayət qədər mülkiyyət payı, maliyyə resursları, təbii resurslara çıxışı, iqtisadi siyasəti müəyyənləşdirən və ən nəhayət, beynəlxalq aləmlə geniş əlaqələri olan dövlətin (dövlət sektoru mahiyyətində) mövcud problemlərin həllinə müdaxiləsi ilə mümkün ola bilər. Burada əsas məqsəd mülkiyyət baxımından aqrar sahədə dövlətin funksiyasının deyil, gəlirin və mənfəətin artırılmasındakı rolunun genişlənməsidir. Bunun üçün dövlət qarşısında başlıca vəzifələr aşağıdakılardan ibarətdir:
ölkə üzrə aqrar sahənin potensial imkanları (təbii resurs, mühit, infrastruktur, işçi qüvvəsi, maliyyə imkanları və s.) qiymətləndirilərək bu baxımdan "iqtisadi xəritəsi" tərtib olunmalı;
ölkəyə idxal olunan kənd təsərrüfatı məhsullarının tərkibi, keyfiyyəti və digər göstəriciləri dərindən öyrənilməli və aqrar sahənin potensialı ilə müqayisə edilməli;
aqrar sahə ilə paralel kəndin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq davamlı tədbirlər görülməli;
kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar dövlətin tətbiq etdiyi güzəştlər keyfiyyətcə yeni sistemə salınmalı və genişləndirilməlidir. Pərakəndə formada keçirilən yarmarkalar öz yerini ixtisaslaşdırılmış kənd təsərrüfatı məhsulları bazarına verməli və bu bazarlar da müəyyən imtiyazlardan yararlanmalıdır. Bu bazarların fəaliyyətinin şəffaflığına mütləq nəzarət edilməli;
Çevik gömrük siyasəti ilə həyata keçirilən iqtisadi tədbirlərə qiymət siyasəti vasitəsi ilə paralel cavab verilməli və bu prosesdə yarana biləcək inhisarçılığın qarşısı alınmalıdır. Yəni istənilən halda aqrar sektorun inkişafı rəqabət mühitinin genişlənməsi və inkişafından keçir. Bundan əlavə, aqrar sahənin inkişafı üçün zəruri olan investisiya və lizinq xidmətlərinin genişlənməsinə dövlət təminatı artırılmalıdır. Xüsusilə də qabaqcıl texnologiyaya əsaslanan xarici müəssisələrin bu sahəyə daxil olması həm hüquqi, həm də iqtisadi cəhətdən dəstəklənməlidir.
Qarşıya qoyulmuş bu vəzifələrin həlli bilavasitə dövlət dəstəyi ilə öz həllini tapmalıdır. Belə ki, kənd təsərrüfatı məhsulları ilə əhalinin tələbatının ödənilməsində dövlət həm istehsalçı, istehlakçı (sifarişçi) və stimullaşdırıcı, həm də maraqların düzgün, ədalətli təmin olunmasının təminatçısı kimi çıxış etməlidir. Yəni dövlət bu prosesə sistemli və kompleks yanaşmalıdır.
Kifayət qədər maliyyə resurslarına malik olan ölkəmiz bu gün bütövlükdə aqrar sahənin modernləşdirilməsinə başlamalıdır. Modernləşdirmə inkişafın əsas istiqaməti kimi aqrar sahənin təkcə tərkib elementlərinin deyil, həmçinin onun daxili harmoniyasının müasirləşməsinə də xidmət etməlidir. Çünki iqtisadiyyatın digər sahələrinə nisbətən aqrar sektor daha çox sosial-iqtisadi yanaşmanı zəruri edir. Ona görə də modernləşdirmə sosial-iqtisadi əsaslarla həyata keçirilməlidir.
Hazırkı dövrdə aqrar sahənin modernləşdirilməsində başlıca vəzifələrdən biri onun strukturlaşmasının daha da təkmilləşdirilməsidir. Burada əsas məqam, heç şübhəsiz ki, istehsal-kommersiya istiqamətli strukturlaşmanın genişlənməsidir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfat subyektləri kommersiya fəaliyyətini həyata keçirmək üçün iqtisadi cəhətdən sərbəst olmalıdır. Həmçinin bu prosesin tam reallaşması üçün bazar infrastrukturu da kifayət qədər inkişaf etdirilməlidir. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı çoxfunksiyalı konsepsiyaya əsasən inkişaf etməlidir. Bu konsepsiyanın əsas məğzi ondan ibarətdir ki, kənd təsərrüfatı nəinki ərzaq məhsulları istehsal etməli və sənaye üçün xammal verməlidir, həmçinin ümumən ictimai əhəmiyyətli nemətlər də yaratmalıdır. Onun əsas istiqamətlərinə bunları aid etmək olar: ölkənin ərzaq təhlükəsizliyinin daxili potensial hesabına maksimum ödənilməsi; daim ekoloji mühitin qorunması və tarazlığın təmin edilməsi; aqrolandşaftın qorunması və bərpası; iri, orta və kiçik təsərrüfat tiplərinin xas olduğu bazar mühitinin yaradılması; yararlı torpaqlardan səmərəli istifadənin təmin edilməsinə nəzarətin gücləndirilməsi; sığorta sisteminin kənd təsərrüfatında genişləndirilməsi və bunun modernləşdirməyə xidmət etməsi.
Ümumən maliyyə, kredit, sığorta, lizinq, vergi güzəştləri və s. aqrar sahədə istehsal-bölgü-mübadilə-istehlak prosesinin bütün fazalarında səmərəliyə istiqamətlənməli və reallaşmalıdır. Eyni zamanda, diversifikasiya məqsədi ilə aqrar sektorda xidmət sahələri inkişaf etdirilməli, bu sahədə insan kapitalı yenilənməli və ixtisaslı kadrların artırılmasını nəzərdə tutan siyasət formalaşmalıdır.
Aqrar sahənin modernləşdirilməsində başlıca məqsəd kənd əhalisinin bütün təbəqələrinin iqtisadi fayda götürməsi üçün səfərbər olması, aqrar iqtisadiyyatın diversifikasiyası və istehsalın genişlənməsi, öncə idxalı əvəzləyən, sonra isə ixrac oluna bilən məhsulların istehsalının reallaşmasıdır. Nəzərə almaq lazımdır ki, 2020-ci ildən sonra kənd təsərrüfatı məhsullarının idxalından asılılıq milli iqtisadiyyatımız üçün böyük zərbə ola bilər.
Tənzimləmə konsepsiyası ötən əsrin 90-cı illərinin əvvəlində bütün sahələrdə, o cümlədən aqrar sektorda sərbəst mövqeyin nəzəri əsasını qoymuşdur. Həmin dövrdə elmi cəhətdən əsaslandırılmış fəaliyyət proqramının olmaması isə aqrar sahədə bir çox institusional proseslərin meydana çıxmasına şərait yaratdı ki, bu da öz növbəsində, beynəlxalq rəqabətin tələblərinə uyğunlaşmağı çətinliyə saldı.
Aqrar sahədə dövlət sektorunun iştirak mexanizmi öncə vacib vəzifənin reallaşmasına köklənməlidir: şaquli və üfüqi istiqamətdə aqrar sahənin təşkilati-strukturunun yenidən qurulmasını və qiymət pariteti konsepsiyası əsasında kənd təsərrüfatı istehsalçılarının müdafiəsini təmin etmək; qırılmış əlaqələrə və bazarın yaranmasına uyğun kooperasiya əlaqələrini formalaşdırmaq və s. Hazırda aqrar sahədə dövlət sektorunun miqyası və sərhədləri haqda tam, dolğun izahat vermək olduqca çətindir. Bütövlükdə hər bir ölkədə dövlət sektorunu tənzimləyən hüquqi-normativ aktlar mövcuddur. Bu hüquqi sənədlər özəlləşdirmənin gedişindən asılı olaraq müəyyən dəyişikliklərə məruz qalır. Amma bütün hallarda aqrar sahədə dövlət sektorunun sərhədlərini, onun müəssisələrinin fəaliyyət məqsədlərini, miqyasını və sosial-iqtisadi məzmununu müəyyən etmək üçün mütləq əmlak münasibətləri sahəsində struktur yeniləşməsinə uyğun dövlətin siyasəti nəzərə alınmalıdır. Bəzi qəbul edilən proqram sənədlərdə dövlət qısa və orta müddətdə aqrar sahədə öz rolunu ortaya qoymaqla həm milli iqtisadiyyatın təhlükəsizliyini, həm də öz strateji maraqlarını təmin etmiş olur. Çünki müasir dövrü xarakterizə etdikdə aydın olur ki, ərzaq təhlükəsizliyi milli iqtisadi təhlükəsizliyin bir hissəsi kimi dövlətin spesifik idarəetmə obyektinə çevrilmişdir. Artıq aqrar sahənin inkişafında dövlətin rolu danılmaz faktdır və inkişaf etmiş ölkələrin təcrübələri buna əyani sübutdur.
Nəzərə almaq lazımdır ki, keçid prosesini yaşayan ölkələrdə aqrar sahə, onun inkişafında dövlətin rolu məsələsi çox ciddi və zəruri bir məsələ kimi milli iqtisadiyyatın qarşısında duran əsas vəzifədir. Əgər biz keçid prosesini yaşayan ölkələrin təcrübəsinə baxsaq, görərik ki, aqrar sektor üçün ümumi olan problemlər (qiymətlər liberallaşandan sonra sahələrarası iqtisadi münasibətlərdə qeyri-bərabərlik sürətlənmiş, bu da öz növbəsində, kənd təsərrüfatında son məhsulun hazırlanması prosesini ləngitmişdir; aqrar-sənaye kompleksində inteqrasiyanın və kooperasiya əlaqələrinin mövcud vəziyyəti dəqiq təsbit edilmədən xidmət və emaledici sahələrdə özəlləşdirmə prosesi həyata keçirilmişdir; kənd təsərrüfatının spesifik xüsusiyyətlərinin və məhsul istehsalının dövri xarakter daşımasının nəzərə alınması kreditlərin verilməsində öz əksini tapmış, bu da öz növbəsində, kapitalın dövr etməsini zəiflətmişdir; bazar infrastrukturunun zəif inkişaf etməsi kənd təsərrüfatı məhsullarının sərbəst bazara çatdırılmasında problemlər yaratmış məhsulların satılmasında bölgü dolayı xarakter daşımışdır ki, bu da bəzi inhisar qiymətlərinin yaranması ilə nəticələnmişdir və s.) mövcuddur. Bunlar problemlərin yalnız bir qismidir.
Aqrar sahədə qəbul olunmuş proqramlar dövlətin idarəetmə baxımından rolunu təsbit edir. Belə proqramlardan biri də 2007-2015-ci illəri əhatə edən kənd təsərrüfatının inkişafına dair dövlət proqramıdır. Proqramın başlıca hədəfi birinci ərzaq məhsulu olan taxılın istehsalının artırılması və əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Dövlət proqramında nəzərdə tutuluan amillər Gələcəyə baxış Konsepsiyasının hazırlanmasında mühüm rol oynaya bilər. Bu baxımdan hesab edirik ki, konsepsiyada bir sıra tədbirlər (aqrar sənaye kompleksinin dayanıqlı inkişafını təmin etmək üçün konkret addımların atılması, kənd təsərrüfatı və sənaye məhsullarının qiymət paritetinin qorunması; kənd təsərrüfatına xidmət edən sənaye müəssisələri arasında sağlam rəqabət mühitinin formalaşdırılması; investisiya siyasətinin, kənd təsərrüfatının texniki-texnoloji təchizatının təkmilləşdirilməsi, aqrar elmin prioritet inkişaf istiqamətlərinin müəyyən edilməsi; ASK-nın idarə edilməsi metodu və sisteminin yenidən təşkili məsələsinə baxılması; kəndlərin sosial inkişaf proqramlarının təkmilləşdirilməsi və bu əsasda kadrların hazırlanması; böhran zamanı kənd təsərrüfatı istehsalçılarına maddi yardımın göstərilməsi və aqrar sahə üçün proteksionist siyasətin yürüdülməsi; kənd təsərrüfatı məhsullarının satış yarmarkasının əhatə dairəsinin genişləndirilməsi, iqtisadi və sosial məqsədlərin uyğunluğunu və s. tədbirlərin həyata keçirilməsi) xüsusi vurğulanmalıdır.
Konsepsiyada nəzərdə tutulan və qeyd edilən tədbirlərin reallaşmasında keçid dövrünün ilk illəri üçün xarakterik olan problemlərin yenidən ortaya çıxmasına yol vermək olmaz. Çünki bu problemlər təkcə iqtisadi sistemin dəyişilməsi ilə deyil, aqrar sahədə köklü surətdə aparılan istənilən islahat və tədbirlər zamanı ortaya çıxa bilər. Həmin problemləri belə sıralamaq olar: qiymətlərin liberallaşması zamanı sahələrarası iqtisadi münasibətlərdə qeyri-bərabərliyin sürətlənməsi və son məhsulun hazırlanması problemi; aqrar sənaye kompleksində inteqrasiyanın və kooperasiya əlaqələrinin düzgün əlaqələndirilməsi, xidmət və emal sahələrində modernizasiya problemi; kənd təsərrüfatının spesifik xüsusiyyətlərinin və məhsul istehsalının dövri xarakter daşımasının nəzərə alınmamasının kreditlərin verilməsində öz əksini tapması və kapitalın dövr etməsi problemi; bazar infrastrukturunun inkişafı ilə kənd təsərrüfatı məhsullarının sərbəst bazara çatdırılması problemi.
Məlumdur ki, qloballaşma prosesi, onun milli iqtisadiyyatlar üçün təsirləri birmənalı qarşılanmır. 2008-ci ildə geniş vüsət almış dünya maliyyə böhranı özü-özlüyündə bir çox problemlərin həllini aktuallaşdırdı ki, bunlardan da ən vacibi ərzaq təhlükəsizliyi məsələsidir. Ərzaq təhlükəsizliyi baxımından əsas diqqət kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına yönəldilməlidir. Prezident İlham Əliyevin Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün dövlət proqramının hazırlanmasına dair sərəncamı problemin həlli istiqamətində atılmış ən vacib addımlardan hesab olunur. Həmin sənədin əsas məqsədlərindən biri əhalinin ərzaqla təminatını və həyat səviyyəsini yaxşılaşdırmaq, daxili ərzaq bazarının idxaldan asılılığını maksimum azaltmaq, ümumilikdə ölkənin ərzaq ehtiyatlarının yaradılmasından ibarətdir. İdxaldan asılılığı və ərzaq ehtiyatının yaradılması aqrar sahədə dövlət mülkiyyəti obyektlərinin fəaliyyəti və dövlət sektoru çərçivəsində baş verməlidir. Burada dövlət mülkiyyəti anlayışı ilə dövlət sektoru ifadələri arasında müəyyən cəhətlər üzə çıxır. Belə ki, dövlət əmlakı ilə idarəetmə təkcə sahibolma, istifadəetmə və sərəncamvermədən yaranan mülkiyyət münasibətləri ilə deyil, həmçinin dövlətin normativ hüquqi aktlarla tənzimlənən investisiyalarda (və ya sahib olduğu korporasiyaların kapitalında) iştirakı ilə də həyata keçirilir. Burada normativ hüquqi aktlarla idarəetmə mülkiyyət hüququndan fərqli aspektdə dəyərləndirilməlidir. Dövlət sektorunun bütövlükdə milli iqtisadiyyatda 19 faiz təşkil etməsi halında onun aqrar sahədəki fəaliyyət sərhədlərini, miqyasını müəyyən etmək olduqca çətindir. Öncə qeyd etdiyimiz kimi, dövlət sektorunun aqrar sahədəki sərhədləri bu sahədə olan müəssisə və təşkilatların formalaşma məqsədləri, vəzifələri, rolu, miqyası və sosial-iqtisadi məzmunu nəzərə alınaraq dəqiqləşdirilməlidir. Yaddan çıxarmaq olmaz ki, qeyd edilən amillər üzrə və keçid dövrü ilə əlaqədar bu sahənin deformasiyaya uğramış strukturu üzrə dövlətin iqtisadi siyasəti də həmin sərhədlərin müəyyənləşməsində önəmli rola malikdir. Yəni sözügedən tədbirlərin həyata keçirilməsində dövlət sektorunun həm hüquqi, həm də iqtisadi əsasları tam formada ifadə edilməlidir.
Praktikada dövlət hələ bir o qədər də effektli mülkiyyətçi kimi nəzərə çarpmır. Bazar iqtisadiyyatının geniş vüsət aldığı bir şəraitdə onun prinsiplərinin bərqərar olması, sahibkarlığa diqqətin artırılması özlüyündə dövlətin fəaliyyətini müəyyən mənada səmərəsiz edir. Lakin bunu müasir mərhələdə birmənalı qəbul etmək düzgün olmazdı. Çünki beynəlxalq iqtisadi proseslər hər bir milli iqtisadiyyatın qarışıq iqtisadi sistemə əsaslanmasını zəruri edir. Bu baxımdan qarışıq iqtisadi sistemdə bazarın fəaliyyəti miqyasında da dövlət sektorunun mövcudluğunu qəbul etməyimiz lazımdır. Belə bir şəraitdə kəmiyyət və keyfiyyət baxımından aqrar sahədə dövlət sektorunun optimallaşması olduqca vacibdir. Burada dövlət və özəl sektorların qarşılıqlı güclənməsi ortaya çıxır ki, bu da makroiqtisadi aqrar siyasətin tərkib hissəsi olaraq reallaşmalıdır.
Ümumiyyətlə, aqrar-sənaye kompleksində (ASK) dövlət sektoru məsələsini özündə ehtiva edən proqram sənədin qəbulu zəruridir. Proqramda kənd və kənd təsərrüfatında dövlətin rolu və yardımının mahiyyəti fərqləndirilməlidir. Məqsədəuyğundur ki, dövlət öz fəaliyyətini ASK-nın müəyyən mərhələsində qursun. Məsələn, son məhsulun istehsalı prosesinə kömək və ya onun reallaşmasını həyata keçirməkdə yardımçı olsun.
Dövlət sektorunun tərkibinin müxtəlif və mürəkkəb olması dövlət müdaxiləsini nəzəri-metodoloji tədqiqatı baxımından daha da vacib problemə çevirir. Fikrimizcə, dövlət mülkiyyəti probleminə aid olan proqram, normativ hüquqi sənədlərdə cəmiyyətin kompleks tədqiqi və cəmiyyətin daxili münasibətləri mütləq nəzərə alınmalıdır. Buna görə də aqrar sahədə dövlətin iqtisadi fəaliyyətinin sərhəd və miqyası dövlət müdaxiləsinin intensivliyi və hüdudları çərçivəsində müəyyən etmək lazımdır.
Beləliklə, nəticə çıxarmaq olar ki, hazırkı mərhələdə dövlət sektorunun fəaliyyəti özünü xərclərdə daha çox büruzə verir. Şübhəsiz ki, bunların içərisində aqrar sahəyə çəkilən xərclər də vardır. Və həmin xərclər müxtəlif ölkələrdə fərqlidir. Əgər Avropa İttifaqı ölkələrində bu xərc ÜDM-in 1,7 faizini təşkil edirsə, həmin rəqəm Rusiyada 0,8 faiz həcmindədir. Şübhəsiz ki, burada xərclərin məbləği ilə yanaşı, ÜDM-in həcmindəki fərqləri də diqqətdə saxlamaq lazımdır. Bunun üçün də məqsədəuyğundur ki, təhlillər kənd təsərrüfatına yararlı torpaqlara görə hər hektara düşən xərcə əsasən aparılsın. Onda müəyyən qənaətə gəlmək asandır. Məsələn, yuxarıdakı müqayisəni hər hektara çəkilən xərc üçün aparsaq, görəcəyik ki, Rusiyada hər hektara düşən xərc 9,5 dollar təşkil edirsə, bu rəqəm Avropa İttifaqı ölkələrində 801 dollara bərabərdir.
Beynəlxalq aləmdə aqroməhsul sistemi fəaliyyət göstərir. Həmin sistemə üzv olmaq qloballaşma şəraitində iqtisadiyyatın digər sahələri kimi, vacib məsələlərdən hesab edilir. Bu baxımdan dünya bazarına rəqabətqabiliyyətli məhsul çıxarmaq üçün ölkə ərazisində mövcud aqrar-sənaye sistemi bütün aqrar regionlarda inkişaf etdirilməlidir.
Hesab edirik ki, müasir dövr üçün iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də dövlət 3 əsas makrofunksiyanı reallaşdırmalıdır: sahələrarası proporsiyanın optimallaşdırılması üçün resursların yenidən bölgüsünü həyata keçirmək; sosial bərabərsizliyin minimuma endirilməsi üçün əhalinin gəlirlərinin ədalətli yenidən bölgüsünə nail olmaq; makroiqtisadi stabilliyi təmin etmək. Bu tədbirlər ümumi xarakter daşısa da, əsas məqsəd ondan ibarətdir ki, dövlət belə tədbirləri həyata keçirərkən aqrar sahədə mövcud vəziyyəti mütləq nəzərə alsın. Bundan başqa, aqrar sahədə dövlət idarəetməsindəki diferensasiyanı da mütləq nəzərə almaq lazımdır. Belə ki başda dövlət olmaqla bələdiyyə strukturu, xüsusi mülkiyyətdə olan təsərrüfat strukturları qarşılıqlı bazar qüvvələrini təşkil etməlidir.
Aqrar sahədə rəqabətqabiliyyətli məhsulun istehsalı üçün mövcud müəssisə və təsərrüfat subyektlərində istehsal prosesində "elmi məhsulların" tətbiqi müasir dövrün ən aktual problemlərindəndir. Bir çox inkişaf etmiş ölkələrdə aqrar məhsullar aqrar "elmi-istehsal" birləşməsində hazırlanır. Respublikamızda da bunu həyata keçirmək dövlətin əsas vəzifələrindən biri olmalı, aqrar sənaye istehsalı ilə elmi-tədqiqat müəssisələrinin qarşılıqlı münasibətləri təşkil edilməlidir. Bu münasibətlər Qərb ölkələrində "elm parkları" təşkilatları adı altında reallaşır. Şübhəsiz ki, bu sahəni yaxşı bilən kadr potensialını formalaşdırmaq, elmi işlərə maliyyə dəstəyi vermək, həmçinin onların reallaşdırılmasını həyata keçirmək, ilk növbədə, dövlətin köməyi ilə reallaşa bilər. Beynəlxalq təcrübəyə görə, aqrar sektorun inkişaf etdiyi ölkələrdə kənd təsərrüfatı məhsullarının 60 faizini yenilikçi-elmtutumlu məhsullar təşkil edir ki, onların da həyat dövrü 3-5 ildir. Bundan başqa, qeyd etmək lazımdır ki, idarəetmə sistemində də müasir tələblərə cavab verən kadr potensialı formalaşmalıdır. Yəni təkcə elmtutumlu məhsulların istehsalı deyil, həmçinin bu məhsulların bazarlarını təşkil və reallaşmasını təmin edə bilən kadrlar hazırlanmalıdır. Bu işləri isə müasir idarəedənlər - menecerlər həyata keçirə bilər. ABŞ, Almaniya, Fransa və s. ölkələrdə dövlət aqrar sahə üçün mütəxəssislərin hazırlanmasına kifayət qədər vəsait xərcləyir. Məqsəd aqrar sənaye məhsulunun rəqabətqabiliyyətli və innovasiyalı olmasını təmin etməkdir. Bunun üçün dövlət sektorunun aqrar sahədə fəaliyyət problemləri bir sıra vacib vəzifələrlə (dövlət sektoruna aid aqrar müəssisə və təşkilatların fasiləsiz fəaliyyəti üçün maliyyə vasitəsi ilə təminatı; aqrar istehsalda dayanıqlı artımın təmin olunması; aqrar sahənin istehsal strukturunda proqressiv yenidənqurmanın təşkil edilməsi, aqrar sənaye istehsalının texniki-texnoloji baza əsasında modernləşdirilməsi; yerli istehsalçıların məhsullarının rəqabətqabiliyyətli dərəcəsinin yüksəldilməsi; sahələrarası mübadilədə prioritetin təmin olunması; müxtəlif əhali qrupları arasında gəlirlərin ədalətli bölgüsünün təşkili və s.) müəyyən edilməlidir.
Beləliklə, hazırlanacaq konsepsiyada aqrar sahənin inkişafı xüsusi əhəmiyyət daşımalıdır. Qeyri-neft sektoru kimi özünü göstərən bu sahədə inkişafın davamlı olması üçün dövlətin iqtisadi rolu mütləq yeni keyfiyyət müstəvisində reallaşmalıdır. Bunun üçün isə problemin həllinə dövlət sektoru çərçivəsində yanaşılması məqsədəuyğundur. Çünki aqrar sahənin inkişafında dövlətin rolu, sadəcə, vəzifə və funksiya xarakteri daşımamalı, həmçinin iqtisadi bir subyekt kimi ümumi təsərrüfat mexanizminin işləməsində faydalanan tərəf kimi çıxış etməlidir. Yalnız belə halda rəqabətqabiliyyətli mühitin inkişafı təmin edilər, innovativ-texnoloji yeniliklərdən istifadə imkanları genişlənər.
İsa ALIYEV,
AMEA-nın İqtisadiyyat İnstitutunun
direktoru,
iqtisad elmləri
doktoru, professor
Asif MUSTAFAYEV,
AMEA-nın İqtisadiyyat İnstitutunun
aparıcı elmi işçisi,
iqtisad üzrə
fəlsəfə
doktoru, dosent
Azərbaycan.-2012.- 30 noyabr.- S.4.