Tokioda Asiya və
Sakit Okean Ölkələri
İnformasiya
Agentlikləri Təşkilatının
İcraiyyə Komitəsinin 34-cü iclası
keçirilmişdir
İclasda Azərbaycanı
OANA-nın İcraiyyə Komitəsinin
büro üzvü olan AzərTAc-ın
baş direktoru təmsil etmişdir
Noyabrın 29-da Tokioda Yaponiyanın Kyodo İnformasiya Agentliyinin təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 34-cü iclası keçirilmişdir.
İclasda OANA İcraiyyə Komitəsinin üzvü olan 12 ölkənin, o cümlədən Rusiyanın İTAR-TASS, Türkiyənin Anadolu, Azərbaycanın AzərTAc, Çinin Sinxua, Yaponiyanın Kyodo, Koreya Respublikasının Yonhap, Malayziyanın Bernama, İndoneziyanın ANTARA milli informasiya agentliklərinin rəhbərləri iştirak etmişlər.
OANA-nın prezidenti, Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk və Kyodo İnformasiya Agentliyinin prezidenti Satoşi İşikava iclasın iştirakçılarını salamlamış, təşkilatın işinin daha da təkmilləşdirilməsi, informasiyanın cəmiyyətdə rolunun artdığı indiki şəraitdə qurumun fəaliyyətinin gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışmışlar. Region ölkələri arasında informasiya mübadiləsində OANA-nın rolu, dünya informasiya məkanında təşkilatın yeri, qlobal çağırışlar və digər məsələlər müzakirələrin əsas mövzusu olmuşdur.
OANA-nın baş katibi Ərcan Göçər 33-cü iclasdan keçən dövrdə qurumun internet saytına artan maraqdan danışmış, bu elektron resursa informasiya göndərən ən fəal üzv agentliklər sırasında AzərTAc-ın adını xüsusi vurğulamışdır. Baş katib bildirmişdir ki, OANA-nın internet səhifəsi həm dizayn, həm də dinamiklik baxımından yenilənmişdir ki, bu da onun təkcə regionda deyil, dünyada istifadəçilərinin sayının sürətlə artması ilə nəticələnmişdir. Əlbəttə, bu, qurumun üzvü olan ölkələrin milli agentliklərinin xəbərlərinə dünyada artan marağın göstəricisidir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov iclasda çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycanın milli agentliyi OANA-nın əsas məqsədlərinə sadiqdir. 2004-cü ildən OANA-ya üzv qəbul olmuş AzərTAc 2008-ci ildən onun rəhbər orqanının büro üzvüdür. Agentliyimiz OANA-nın saytındakı yenilikləri diqqətlə izləyir, eyni zamanda, özünün inkişaf modelini yaradaraq regionun lider dövlətinə çevrilmiş Azərbaycanın uğurları barədə dünya ictimaiyyətini məlumatlandırmaq işində təşkilatın internet platformasından fəal istifadə edir.
Baş direktor bildirmişdir ki, AzərTAc innovativ yeniliklərin tətbiqinə, tərəfdaşlar arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Son illər AzərTAc-da multimedia texnologiyalarından fəal istifadə edilir və bu sahədə yaxşı təcrübəyə nail olunmuşdur.
OANA-nın mövqeyinin möhkəmləndirilməsi, qurumun internet resursunun fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı bir sıra təkliflər verən AzərTAc-ın baş direktoru demişdir ki, bu gün informasiya agentliklərinin qarşısında duran əsas məsələ hər bir insanın həyatının ayrılmaz hissəsinə çevrilmiş internetlə, sosial şəbəkələrlə qarşılıqlı fəaliyyətdə olmaq və eyni zamanda, informasiyanın əsas təchizatçısı rolunu qoruyub saxlamaqdır. Hazırda sosial medialar ünsiyyət məkanından daha çox informasiya partlayışının detonatoru rolunu oynayır, çünki onlar cəmi bir neçə saniyə ərzində məlumatları bütün dünyaya yaymaq, beləliklə, bu və ya digər əməliyyatın gedişinə təsir göstərmək imkanına malikdir.
İnformasiyanın yaradılmasının və yayılmasının müxtəlif formalarından eyni vaxtda istifadə edilməsini nəzərdə tutan multimedia indi xəbər agentliklərinin gündəlik fəaliyyətinin reallıqlarından birinə çevrilmişdir, - deyən A.Aslanov təklif etmişdir ki, üzv agentliklər multimedia məhsullarının mübadiləsinə diqqəti artırmaqla həm OANA-nın internet resursunun məzmununu zənginləşdirə, həm də öz ölkələrinin ictimai-siyasi həyatında baş verən yenilikləri daha geniş coğrafiyada yaymağa nail ola bilərlər.
Asiya-Sakit okean regionunun sürətlə inkişaf etdiyini vurğulayan A.Aslanov bütün dünyanın nəzərlərinin bu bölgəyə yönəldiyi və burada baş verən proseslərin diqqətlə izləndiyi bir vaxtda region ölkələrinin dünya siyasətinə təsir dairəsinin daha da genişlənməsi məsələsinin gündəmdə olduğunu və bununla əlaqədar OANA kimi mühüm platformanın əhəmiyyətinin xüsusilə artdığını qeyd etmiş və bu platforma çərçivəsində daha fəal iş aparmağın vacibliyinə toxunmuşdur.
Əlbəttə, biz OANA-nın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün yeni yollar axtarmalıyıq, - deyən baş direktor bildirmişdir ki, üzv agentliklər arasında əlaqələrin inkişafı, təcrübə mübadiləsi təşkilat çərçivəsində əməkdaşlığın səmərəliliyini daha da artıra bilər. Bu məsələdə AzərTAc-ın yaxşı təcrübəsi vardır. Ötən illərdə agentliyimizin Malayziyanın Bernama, İndoneziyanın ANTARA, Rusiyanın İTAR-TASS agentlikləri ilə təcrübə mübadiləsi sahəsində çox yaxşı ənənələri yaranmışdır. Biz bu ənənələri bütün üzv agentliklərlə davam etdirməyə hazırıq.
AzərTAc-ın baş direktoru demişdir ki, üzv agentliklərin həyatında baş verən yeniliklərdən operativ məlumat əldə etmək üçün OANA-nın saytında milli informasiya qurumlarının ən son yeniliklərini təqdim edəcək korporativ xəbərlər bloqunun yaradılmasına ehtiyac vardır: "Bu bloq vasitəsilə biz agentliklərimizin həyatında baş verən ən son təşkilati və texnoloji yeniliklərdən xəbər tuta bilərik. Bu cür bloqun yaradılması OANA platformasında daha sıx əməkdaşlığa töhfə vermiş olar".
Müzakirələrin sonunda OANA-nın üzvü olan agentliklərin yayım prinsipləri barədə bəyannamə elan edilmişdir. Türkiyənin Anadolu agentliyi tərəfindən hazırlanmış bəyannamənin layihəsində təcavüz, işgəncə və insanların vəhşicəsinə qətlə yetirildiyi səhnələrin işıqlandırılması zamanı agentliklərin əməl etməli olduqları prinsiplər öz əksini tapmışdır. Bəyannamənin OANA Baş Assambleyasının gələn ilin sentyabrında Moskvada keçiriləcək iclasında qəbul ediləcəyi bildirilmişdir.
Vüqar AĞAYEV,
AzərTAc-ın xüsusi müxbiri
Tokio
Azərbaycan.-2012.- 30 noyabr.- S.5.