Bakıda «Bərpa olunan enerji mənbələrindən istifadə olunma problemləri

 və perspektivləri» mövzusunda Beynəlxalq konfrans işə başlamışdır

 

Noyabrın 29-da Azərbaycan Texniki Universitetində (AzTU) "Bərpa olunan enerji mənbələrindən istifadə olunma problemləri və perspektivləri" mövzusunda Beynəlxalq elmi-texniki konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar AzTU-nun foyesində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

AzTU-nun rektoru, professor Havar Məmmədov tədbiri açaraq konfransın məqsəd və əhəmiyyətindən, mövzunun müasir dövr üçün aktuallığından danışmışdır.

Energetika sektorunun Azərbaycanın iqtisadiyyatında mühüm sahələrdən biri olduğunu qeyd edən H.Məmmədov ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərindən bu sahənin inkişafına xüsusi diqqət göstərdiyini bildirmişdir. Çünki elektrik enerjisi sahəsi ölkənin sosial problemlərinin həllində önəmli rol oynayır.

Bildirilmişdir ki, respublikamız müstəqilliyini bərpa etdiyi ilk illərdə  iqtisadiyyatın digər sahələri kimi, energetika sektoru da durğunluq dövrünü yaşamış, lakin buna baxmayaraq, əhalinin fasiləsiz enerji təminatını qoruyub saxlaya bilmişdir. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev respublikada hakimiyyətə qayıtdıqdan sonra energetika sahəsi sürətlə inkişaf etmiş, məhz onun uğurlu siyasəti nəticəsində xarici dövlətlər tərəfindən bu sektora irimiqyaslı sərmayə qoyuluşuna  başlanılmışdır. Ümummilli liderin energetika sahəsində əsasını qoyduğu inkişaf və tərəqqi yolunu  Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Hazırda ölkənin energetika sektoru özünün uğurlu inkişaf mərhələsini yaşayır.

Rektor demişdir ki, bərpa olunan enerji mənbələri nəhəng və tükənməz olmaqla yanaşı, həm də ekoloji təmiz mənbədir. Bu istiqamətin inkişaf etdirilməsi Azərbaycan  Prezidentinin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli Fərmanında, "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 2004-cü il 21 oktyabr tarixli Sərəncamında və 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nda əksini tapmışdır.

Qeyd olunmuşdur ki, neft ehtiyatlarının zənginliyinə görə Azərbaycanın dünyada qabaqcıl yerlərdən birini tutmasına baxmayaraq,  gələcəkdə onun enerjiyə  tələbatının daxili ehtiyatlar hesabına tamamilə ödənilməsi getdikcə çətinləşə bilər.  Hazırda dünyada istehsal olunan elektrik enerjisinin təxminən 15 faizi alternativ enerji mənbələrinin payına düşür. Bu sahədəki dünya təcrübəsindən istifadə etmək üçün Azərbaycan 2009-cu ildə yeni yaradılmış Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin üzvü olmuşdur.

Qəbul edilmişdir ki, dövlət proqramları əsasında ATƏT-in Bakı ofisinin bərpa olunan enerji üzrə hüquqinormativ baza üçün ən yaxşı təcrübələr üzrə beynəlxalq seminar keçirməsi bu sahədəki səmərəli işin məntiqi nəticəsidir.

Respublikamızda energetika sahəsində çalışacaq gənc mütəxəssislərə ehtiyacın durmadan artdığını  qeyd edən H.Məmmədov bildirmişdir ki, AzTU-nun istiliksoyuqluq texnikası kafedrası 1993-cü ildən bərpa olunan enerji mənbələri və qurğular ixtisası üzrə bakalavr hazırlığını həyata keçirir. Universitetdə keçirilən beynəlxalq tədbirin bu sahədə əhəmiyyətini və ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini  vurğulayan rektor  konfransın  işinə uğurlar arzulamışdır.

Tədbirdə Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, alternativ enerjidən istifadə şərtlərindən, enerji sektorunun işinin düzgün qiymətləndirilməsinin vacibliyindən danışmışdır.

"Alternativ enerji mənbələri üzrə yeni Azərbaycan modeli"  mövzusunda məruzəsində alternativ enerjidən istifadə baxımından beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətindən  söz açan  A.Bədəlov bildirmişdir ki, biz enerji mənbələrini təyin edəndə ölkədəki  yataqlardan daha səmərəli istifadə olunması istiqamətində bir sıra mühüm  işlər görmüşük. Məqsədimiz günəşdən 30-35 faiz, küləkdən isə 40-50 faiz enerji almaqdır.

Alternativ enerjidən istifadə sahəsində Azərbaycanı  digər ölkələrdən fərqləndirən prinsiplərdən danışan  A.Bədəlov demişdir ki, dövlətdə siyasi iradənin olması və güclü elmi-texniki potensialın mövcudluğu vacib məsələlərdəndir. Bütün amillər və bununla yanaşı, ölkədə elmi-texniki potensialın mövcudluğu bizi alternativ enerji məsələləri ilə daha ciddi məşğul olmağa sövq edir.

 Sonra Rumıniyanın Ovidius Universitetinin professoru Eden Mamutun "Mikro və nano  ölçmələrdə istilik-mübadilə proseslərinin təcrübi və nəzəri aspektləri",  Almaniyanın Rostok Universitetinin professoru, AzTU-nun fəxri doktoru  Egon Hasselin "Almaniyada alternativ enerjidən istifadə" mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə alternativ enerjidən istifadənin üstünlüklərindən danışılmış, bərpa olunan enerji qurğularında istifadə  edilən istilik daşıyıcılarının xassələrinin öyrənilməsinin bu sahədə mühüm amil olması diqqətə çatdırılmışdır.

AzTU-nun istiliksoyuqluq texnikası kafedrasının müdiri, Milli Məclisin deputatı,  professor Astan Şahverdiyev  bildirmişdir ki, universitetdə uzun illərdir bərpa olunan enerji mənbələrindən istifadə sahəsində  tədris işləri və genişmiqyaslı elmi araşdırmalar aparılır. Bununla yanaşı, AzTU xarici ölkələrin aparıcı elm mərkəzləri ilə müştərək tədqiqatlar aparır və dünya təcrübəsinin respublikamızda tətbiq edilməsi istiqamətində mühüm işlər görür. A.Şahverdiyev konfransın  beynəlxalq əlaqələrin  genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etmiş, tədbirin öz məqsədlərinə  nail olacağına əminliyini bildirmişdir.

Sonra konfrans işini "Alternativ və bərpa olunan enerji mənbələrinin istifadə perspektivləri" və "Günəşqızdırma sistemlərində istifadə olunan istilikdaşıyıcılarının  termodinamikiistilik-fiziki xassələri" mövzularında bölmə iclasları ilə davam etdirmişdir. İclaslarda Azərbaycan ilə yanaşı, Rumıniya, Almaniya, Ukrayna alimlərinin məruzələri dinlənilmişdir.

Konfrans noyabrın 30-da başa çatacaqdır.

 

Azərbaycan.-2012.- 30 noyabr.- S.5.