Yeni layihələr uğurla gerçəkləşdirilir

 

Paytaxt tərəfdən gedəndə Şamaxı şəhərinin girişindəki möhtəşəm bir qalanın tikintisi ilk baxışdan diqqəti çəkir. Qədim Şamaxının tarixi keçmişinin rəmzi sayıla biləcək bu qala kompleksində son tamamlama işləri görülür. Şəhərin içərilərinə doğru irəlilədikcə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin şahidi olursan.

Magistral avtomobil yolu boyunca böyük zövqmilli ornamentlərlə inşa olunmuş daş hasarlarbu hasarlar üzərindəki yaddaş-xatırlatma lövhələri bir daha hər kəsə buranın qədim Şamaxı şəhəri olduğundan soraq verir. Təqdirəlayiq haldır ki, yenidənqurma işlərində milli-tarixi xüsusiyyətlər, qədim memarlıq elementləri müasir yanaşma ilə həm formaca, həm də məzmunca uyğunlaşdırılır. Elə buna görə də görülən işlər sakinlərin də ürəyincədir. Düzdür, şəhər daxilində hələlik icrası davam edən və ya yeni başlanılan layihələr də çoxdur. Şübhəsiz ki, bu layihələr də başa çatandan sonra Şamaxının gözəlliyi və müasirliyi daha  da artacaq. Əbəs yerə deyil ki, Şamaxı turizm üçün ölkənin ən əhəmiyyətli rayonlarından biridir. Qədim tarixə və mədəniyyətə malik olması, zəngin təbiəti Şamaxını turistlər üçün maraqlı edir. Hazırda rayonda 24 istirahət mərkəzi fəaliyyət göstərir. Şərədil, Şaqiyan kəndlərinin və Pirqulu zonasının ərazilərində  müasir mehmanxanaların tikintisi davam edir.

Şamaxıda özəl sektorun inkişafı üçün hər cür şərait mövcuddur. Bu, dövlətin sahibkarlara göstərdiyi yüksək qayğı ilə şərtlənir. 2012-ci  ilin avqustun 10-da Dağlıq Şirvan İqtisadi Rayonuna daxil olan Şamaxının Sabir qəsəbəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmiş və 52 sahibkara, o cümlədən 27 şamaxılı adamına 2 milyon 545 min manat güzəştli kredit verilmişdir.

Şəhərdə aparılan abadlıq-quruculuq işlərində sahibkarlar da fəal iştirak etməyə çalışırlar. Yenidənqurma işlərinin miqyası genişləndikcə mövcud sosial problemlərin mərhələ-mərhələ həlli də davam edir.

Hazırda Şamaxı şəhərində su, kanalizasiyaqaz xətlərinin çəkiliş işləri gedir. Artıq 11423 pm su xətti, 1500 pm kanalizasiya xətti çəkilib. İlin əvvəlindən rayonun Hacılı, Əhmədli, Qızmeydan, Kələxana, Adnalı və Məlikçobanlı kəndlərinə qaz kəməri çəkilərək istifadəyə verilib. Tezliklə Quşçu kəndinin sakinləri də bu sevincə qoşulacaqlar. Bu ilin yay aylarında rayonun ən iri yaşayış məntəqələrindən olan Göylər, Çarhan və Çaylı kəndlərinin qazlaşdırılması işlərinə başlanılıb. Şamaxı şəhərinin təbii qaz təminatının yaxşılaşdırılması üçünmüvafiq tədbirlər davam etdirilir.

Şamaxıda təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün gərəkli tədbirlər həyata keçirilir. Göylər kəndində 360, Həmyəlidə 180, Kərkəncdə 120, Qonaqkənddə 80 şagirdlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Böyük Xınıslı, İkinci Çaylı, Cabanı və Hacılı kəndlərinin hər birində 80 yerlik məktəb binalarının tikintisinə başlanılıb. Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının binasında isə təmir işləri davam edir. Uşaq-incəsənət məktəbi üçün  müasir bina tikilir. Uşaq bağçalarının təmirinə və tikintisinə də diqqət yetirilir.

Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cümə məscidinin və Şamaxı Astrofizika Rəsədxanasının əsaslı təmiri və yenidənqurulması işləri də davam etdirilir. Şamaxı Olimpiya İdman Kompleksi də tezliklə genişləndirmə və yenidənqurma işlərindən sonra istifadəyə veriləcək.

Yeni inşa olunan fəvvarə kompleksləri şəhərə özəl bir yaraşıq verir. Ümumilikdə isə küçələrdəki yeni işıqlandırma sistemləri, müasir səkilər, bardürlər, ictimai, fərdi yaşayış evlərinin, həmçinin inzibati binaların və obyektlərin fasadlarının milli memarlıq üslubunda yeni materialla üzlənməsi və sair işlər Şamaxını müasir bir şəhərə çevirib.

Şamaxı dağlıq, sel sularına həssas ərazi olduğuna görə bu yöndə müvafiq tədbirlər də həyata keçirilib. Belə ki, sel sularının ötürülməsi üçün bir kilometrə yaxın məsafədə 1020 mm-lik diametrli dəmir borular çəkilib, küçə boyunca hər kəsişmədə sututucu qurğular quraşdırılıb.

Onu da qeyd etmək lazımdır ki, bu ilin əvvəlində baş vermiş təbii fəlakət bəzi problemlər yaratmışdı. Rayonun Muğanlı kəndində torpaq sürüşməsi nəticəsində bir çox ev yararsız və təhlükəli hala düşmüşdü. Dövlətin qayğısı sayəsində təbii fəlakətin fəsadları operativ şəkildə aradan qaldırılıb, zərərçəkən sakinlər üçün daha təhlükəsiz ərazidə yeni evlərin tikintisinə başlanılıb.

Bəli, Şamaxı bu ili uğurla başa vurmaq əzmindədir. Qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi, insanların sosial rifah halının daha da yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər gələcək nailiyyətlərin başlanğıcı kimi də şərtlənir.

 

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2012.- 30 noyabr.- S.6.