Su gələn arxa
bir də gələr
Qarayeri qəsəbəsinə getmişdik. Bura bir zamanlar təkcə Samuxun deyil, ümumən ölkənin qərb bölgəsinin ən abad yaşayış sahələrindən biri sayılırdı. Bol bəhrəli üzüm bağları, abad evlər, geniş küçələr, musiqi məktəbi, mədəniyyət sarayı, rəqs meydanı... Sonralar, ötən əsrin 90-cı illərinin burulğanında laqeydlik üzündən bunların çoxu dağılıb getdi.
Əbəs demirlər ki, su gələn arxa bir də gələr. Samuxun digər yaşayış məntəqələri kimi Kolayır qəsəbəsi də tədricən dirçəlir, öz əvvəlki şöhrətini qaytarmağa çalışır. Xüsusən son vaxtlarda sosial proqramın icrası üzrə xeyli işlər görülüb, "Qaraçanaq" şərab zavodu istifadəyə verilib. Müasir görkəmli neçə-neçə obyekt tikilib, yaraşıqlı park salınıb. Qaz, su, işıq problemi həll olunub. Əhalinin rifahı üçün hər şərait yaradılıb.
Prezident İlham Əliyevin 12 aprel 2012-ci il tarixli sərəncamı ilə inşa edilən Sərkar-Qarayeri-Qədili avtomobil yolu bu yerlərə yeni həyat gətirdi. Prezident İlham Əliyevin dediyi kimi: "Hər bir bölgədə kənd yolları tikilir və onlarca kənd şəhərlər, rayon mərkəzləri ilə birləşir. Bunun çox böyük mənası vardır. Bu, həm sosial məsələdir, biz bunu insanların rahatlığı üçün edirik. Eyni zamanda, bu, iqtisadi məsələdir".
Yeri gəlmişkən deyək ki, bu sahədə Samux rayonunda çox işlər görülür. Alıuşağı-İnstitut-Gəncə yoluna asfalt döşənib. Kolayır-Yenikənd-Poylu yolu əsaslı təmir edilib. Burunqovaq kəndinin girəcəyinə çınqıl döşənib. Qoşqar çayının üzərindəki körpüyə istinad məhəccəri çəkilib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Samuxda yüksəliş, tərəqqqi və abadlıq əsas üç istiqamət üzrə gedir. Əvvəla bu yerlərin ənənəvi sahəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir və dövrün tələblərinə uyğun olaraq yeni-yeni emal müəssisələri yaradılır. İkincisi, əhalinin rifahının daha da yaxşılaşması üçün sosial problemlər, xüsusən təbii qaz, elektrik enerjisi və içməli su məsələləri sistemli surətdə həll olunur. Nəhayət, bütün rayon üzrə abadlıq və quruculuq işləri getdikcə geniş miqyas alır. Məhz bu üç istiqamətdə ardıcıl surətdə görülən işlər respublikanın ən cavan rayonlarından sayılan Samuxu adlı-sanlı bir diyara çevirib.
Samux ilk öncə öz kəhrəba buğdası ilə tanınır. Burada hər il azı on min hektar sahədə taxıl əkilir, təqribən otuz min ton məhsul yığılır. Bununla yanaşı kartof, tərəvəz, bostan, günəbaxan yetişdirilir. Bu yerlərin ənənəvi təsərrüfat sahəsi olan üzümçülüyün inkişafına da xüsusi diqqət yetirilir. Hazırda bağların sahəsi 1150 hektardır və bu rəqəm ilbəil artır. Maldarlıq məhsullarının istehsalına da xüsusi önəm verilir. Mal-qaranın sayı 20,3 min başa çatıb. Cari ilin ilk aylarında 2,3 min ton ət, on min ton süd, 326 ton yun, xeyli yumurta istehsal olunub. Rayonda irili-xırdalı on dəyirman, kəndlərin çoxunda çörək sexləri fəaliyyət göstərir. Samuxda ərzaq proqramına uğurla əməl olunur. Əhali özünü taxılla, kartofla, tərəvəzlə, heyvandarlıq məhsulları ilə təmin edə bilir. Bütün bunlar qeyri-dövlət sektorunun inkişafına göstərilən qayğı və diqqətin bəhrəsidir. Cari ilin doqquz ayı ərzində ümumi daxili məhsul istehsalı 72 milyon manat olmuşdur ki, onun yarısı aqrar sahənin payına düşür.
Rayonda məhsul istehsalı artdıqca emal müəssisələrinin də şəbəkəsi genişlənir. Son illərdə burada sənaye üsulu ilə quş əti istehsalı müəssisəsi yaradılıb. "Universal NAA" MMC isə əhalidən müxtəlif məhsulları qəbul edir, onları müasir anbarlarda saxlayır və ilin müxtəlif dövrlərində pərakəndə və topdan satışla məşğul olur. Bu yaxınlarda "Yaşıl bazar" kompleksinin inşası başa çatmış və ət-süd kombinatında, "Universal NAA" MMC nəzdində yaradılan cem zavodunda və sirkə istehsalı sexində, Poylu kəndində inşa edilən şərab zavodunda, Samux-Gəncə yolunda tikilməkdə olan mebel fabrikində işlər uğurla davam edir.
Hazırda İstixana kəndi ərazisində faraş meyvə-tərəvəz istehsal edəcək kombinat inşa olunur.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Samux rayonunun sosial-iqtisadi inkişafında alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin potensial imkanları araşdırılaraq bu istiqamətdə dəyərli bir işin təməli qoyulur. Alternativ enerjinin tətbiqi ilə saf ərzaq və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, istehsalı və emalı məqsədilə yaradılan "Aqroenerjikompleksi"ndə elektrik stansiyasının, istixananın, balıq yetişdirilməsi hovuzunun, heyvandarlıq kompleksinin tikintisi nəzərdə tutulur.
Bütün bunların nəticəsidir ki, rayonda məhsul istehsalının həcmi ilbəil
artır, sosial problemlər sistemli surətdə həll edilir.
İcra orqanları
çalışır ki, hər yerdə
qaz, işıq və su
müntəzəm olsun. Əhalini dayanıqlı
elektrik enerjisi ilə
təmin etmək üçün son bir neçə ay ərzində müxtəlif güclü
17 transformator əsaslı, 58-i isə cari təmir edilib.
Ayrı-ayrı xətlər üzrə təqribən on min metr
naqil dəyişdirilib. Qəsəbə və
kəndlərdə 160 dayaq yeniləri ilə
əvəz olunub. İtkilərin
qarşısının alınması məqsədilə fərdi
abonentlərə 560 sayğac
quraşdırılıb.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədilə şəhərin 28 May küçəsində, Heydər Əliyev və Kolayır prospektlərində mövcud qaz xətləri yeni layihə üzrə əsaslı təmir edilib. 1512 abonentin mənzilinə qaz sayğacı qoyulub. Rayonun Alabaşlı qəsəbəsində qaztənzimləyici qurğu quraşdırılıb, Qarayeridə yeraltı xətlər yerüstü xətlərlə əvəz edilib.
İçməli su sahəsində də bir çox işlər görülüb. Rayon ərazisində mövcud sızmaların və digər neqativ halların qarşısı vaxtında alınıb, əhalinin içməli suya olan tələbatının tam ödənilməsi üçün dərinlik nasosları təmir edilərək gücləri artırılıb. Elçin Məmmədov və Məmməd Əsədov küçələrinə yeni su xətləri çəkilib. Qış aylarında sosial problemlərə yerlərdə gündəlik nəzarətin təşkili məqsədilə operativ briqadalar yaradılıb.
Gəlir, qazanc artdıqca abadlıq işlərinin miqyası genişlənir. Rayonun mərkəzindən tutmuş ən ucqar qəsəbələrə kimi hər yerdə sistemli surətdə abadlıq, quruculuq işləri gedir. Xüsusən Heydər Əliyev adına parkda görülən işlər daha çox diqqəti cəlb edir. Qısa müddət ərzində burada iki uşaq əyləncə kompleksi inşa edilib. Parkın giriş hissəsi təzə layihə əsasında yenidən qurulur. Ətrafda və rayonun müxtəlif yerlərində iməcilik yolu ilə 15 min ağac əkilib.
Heydər Əliyev prospektinin yenidən qurulması ilə əlaqədar olaraq burada üç parkın salınmasına başlanılıb. Heydər Əliyev bulağı, fəvvarələr kompleksi inşa edilib, gəzinti üçün yollar salınıb, yeni işıqlanma və su təchizatı sistemi qurulub. 28 May küçəsində yolun hərəkət hissəsi genişləndirilir, Arif Nəbiyev küçəsində evlərin fasadlarına və hasarlara milli üslubda aqlay daşlarından üzlük çəkilib, küçələr, yollar, səkilər yenidən qurulub.
Təhsil, səhiyyə və mədəniyyət ocaqlarının da görkəmi dəyişir. Şəhər 2 nömrəli orta məktəbi üçün 360 yerlik, Poylu və Salahlı kənd orta məktəblərinin hər biri üçün 180 yerlik yeni binalar tikilib. Hər üç məktəb tamamilə təzə avadanlıqlarla təmin edilib, həyətlərində müvafiq abadlıq işləri aparılıb. Şəhər 2 nömrəli tam orta məktəbin həyətində müasir tələblərə cavab verən futbol meydançası inşa edilib. Seyidlər, Lək və Qiyaslı məktəbi üçün təzə binalar tikilir.
Qısa müddət ərzində görülən iş çoxdur. Aşağı Ağasıbəyli kəndində yerləşən stadion yenidən qurulub, şəhər 1 nömrəli uşaq bağçasının binası əsaslı təmir olunub. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 4 mərtəbəli yaşayış binasında, habelə rayon prokurorluğunun yeni inzibati binasında inşaat işləri başa çatıb. Yuxarı Ağasıbəylidə yerli nümayəndəlik, bələdiyyə və icma üçün müasir bina istifadəyə verilib. Burunqovaq kəndində də belə bir inzibati mərkəz inşa edilir.
Beləcə, indi bu yerlər əsl müasir şəhəri xatırladır.
Əhməd İSAYEV,
Azərbaycan.-2012.- 30 noyabr.- S.6.