Günahsız şuşalılar
Azərbaycan işğal edildikdən sonra sovet hakimiyyətinin qan üstündə qurulan sütunlarını bərkitmək üçün ölkədə repressiya adlanan qara tufanın caynaqları işə düşdü. Professor Yaşar Qarayev yazır ki, ölkəmizdə repressiyalar əsasən Şuşadan başladı. Cəmiyyət əvvəlcə ziyalılardan təmizlənməli idi. Bu çirkin niyyəti həyata keçirmək üçün Şuşanın sayılıb-seçilən, nüfuzlu, istedadlı, tanınmış, söz sahibi olan insanları, məşhur sənətkarlar, hətta adi peşə sahibləri repressiyaların caynaqlarına ilişdi. Ötən əsrin 20-ci illərinin tuthatutu demək olar ki, Şuşanı və onun ətraf kəndlərini bürüdü. Azərbaycan demokratik respublikası dövründə fəallıq göstərmiş insanlar ilkin qurbanlar oldular. Ümumilikdə 1000-ə yaxın şuşalı repressiyanın güdazına getdi.
Teymur bəy CAVANŞİROV - şair Məhəmməd bəy Aşiqin nəvəsi olub. Əbdüssəməd bəyin oğlu idi. Mükəmməl mədrəsə təhsili görmüşdü. Ata babasına məxsus mülkləri idarə etməklə məşğul idi. Heç bir inqilabi hərəkata qoşulmamışdı. Dövrünün çox imkanlı şəxslərindən olub. 1920-ci ildə həbs edildikdən sonra ondan bir xəbər-ətər çıxmamışdı. Yaxın qohumları uzun illər onu axtarsalar da, Teymur bəyin niyə həbs edildiyi, hansı şəraitdə qətlə yetirildiyi, yaxud da sürgünə göndərildiyi barədə bir məlumat əldə edilməmişdir. Ümumiyyətlə, ötən əsrin 20-ci illərində həbs edilmiş şuşalıların çoxunun taleyi müəmmalı oldu. Nə həbsinin səbəbi açıldı, nə də qətli haqqında məlumat verildi.
Şamxal bəy VƏZİROV - 1885-ci ildə Şuşada doğulub. Qarabağın böyük mülkədarlarından biri idi. Ucu-bucağı görünməyən torpaq sahələri, bağları, naxırları, qoyun sürüsü, çoxlu nökər-naibi var idi. Bununla belə, Şamxal bəy əsl ziyalı idi. O, millətinin maariflənməsində yaxından iştirak edərək teatr sənətinin inkişafına çalışıb. 1905-1906-cı illərdə ermənilərin Qarabağda törətdiyi qırğınlar zamanı düşmənə qarşı mübarizədə əsl qəhrəmanlıq və hünər göstərib. 1918-ci ildə Azərbaycanda demokratik respublika qurulanda Şamxal bəy bacarıq və işgüzarlığına görə hökumət tərəfindən Qaryagin qəza pristavının köməkçisi vəzifəsinə təyin edilib. 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Şamxal bəyin də həyatında qara günlər başladı. Əmlakı müsadirə edildi. Bəylər bəyi sayılan Şamxal bəyin qapısında vaxtilə onlarla nökər-naib çalışardı. Taleyin yazısına bax ki, İsfəndiyar bəyin oğlu bağban işləməyə məcbur olub. Əlbəttə, həyatın bu ziddiyyəti ilə heç cür barışmayan Şamxal bəy əmisi Bəhram bəylə birlikdə "İttihad" partiyasına daxil olaraq gizli fəaliyyətə keçib. Lakin İsfəndiyar bəy də, Şamxal da, Bəhram da repressiyadan yaxa qurtara bilmədilər. Şamxal beş il iş alaraq (1927) sürgün edildi. 1932-ci ildə vətənə qayıtdı. Bir müddət işsiz qalan Şamxal bəy Vəzirov yenidən torpaq əkib-becərməklə məşğul oldu. Ancaq düşmənləri ondan əl çəkmədilər. 1937-ci ilin oktyabrında Şamxal yenidən həbs edildi və güllələndi.
Əsgər HACIYEV - 1885-ci il Şuşa qəzasının Malıbəyli kəndində anadan olub. Qəzanın ən nüfuzlu və varlı adamlarından biri sayılırdı. Əsgər Hacıyevə məxsus əkin sahələri, mal-qara, qoyun-quzu, dəyirman var idi. Həmişə qapısı nökərli, naibli, rəncbərli olardı. Ömrü boyu təsərrüfatla məşğul olub. 1905-1906-cı və 1918-1920-ci illərdə ermənilərin törətdiyi davada Əsgər Hacıyev bütün həmkəndliləri kimi silaha sarılaraq Malıbəylinin müdafiəsinə qalxdı. O, bu döyüşdə böyük igidlik göstərdi. Sultan bəylə əlaqə saxlayaraq birlikdə Andronikin dəstələrinə qarşı qəhrəmanlıqla döyüşdü. Təəssüf ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Əsgər Hacıyeivn də varidatı əlindən alındı, ona qolçomaq damğası vuruldu. Doqquz il onu səsvermə hüququndan məhrum etdilər. Bütün bu haqsızlıqlar isə təbii ki, Əsgər Hacıyeivn ürəyində sovet hakimiyyətinə qarşı nifrət hissi yaratmaya bilməzdi. O, bu cür qansız bir hökumətin haqsız işlərini heç cür qəbul edə bilmirdi. Bu səbəbdən də öz təbəqələri arasında müəyyən təşviqat işləri apararaq bu hökumətin düzgün qurulmadığını onlara inandırırdı. 1930-cu ilin iyun ayında Əsgər Hacıyev həbs edildi və güllələndi.
Məşədi Baba QULİYEV - 1866-cı ildə Şuşada anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Müsavat ordusunun Xankəndidə yerləşən polkunu himayə edən, onun ərzaq və müxtəlif kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına çalışan bəylərdən biri olub. O, Şuşa qəzasının ən varlı adamlarından biri sayılırdı. Malıbəyli nahiyəsində, Quşçular obasında böyük torpaq sahələri var idi. Geniş ürəyə malik və səxavətli bir bəy kimi onun xeyirxahlığı dillər əzbəri idi. Sovet hakimiyyətinin bərqərar olmasından sonra Məşədi Babanın bütün torpaq sahələri, bağları, mal-qarası, qoyun sürüləri, nökər-naibi, mülkləri, bir sözlə, bütün varidatı əlindən alındı. İkimərtəbəli dörd otaqlı evini məktəb binası kimi istifadə etdilər. Qədərin bu yazısına baş əymək məcburiyyətində qalan Məşədi Baba kolxoza üzv yazılmış və təsərrüfatçılıqla məşğul olmuşdur. 1938-ci ildə onu həbs edirlər. Guya kolxoz quruluşunun əleyhinə təbliğat aparırmış, qolçomaqlara yardım göstərirmiş, kolxozu dağıtmaq üçün evində yığıncaqlar təşkil edirmiş. Bir sözlə, onu inqilab düşməni kimi qətlə yetirirlər.
Cavanşir Rəşid AĞA - məşhur Cavanşir nəslindəndir. Onun Qaraqoyunluda, Üçtəpədə, Üçoğlanda, Qarakilsə mahalının Darabas və Şıxlar kəndlərində, Arazbarlı, Dördçinar, Xələfşə, Azığ və digər yaşayış məskənlərində ucsuz-bucaqsız torpaq və otlaq sahələri vardı. Sürüsünün, naxırının, ilxısının sayı bilinmirdi. Rəşid Ağa Cavanşir 1920-ci ildə məşhur Tərtər üsyanının iştirakçısı və təşkilatçılarından biri olub. O, öz dəstəsi ilə birlikdə Qızıl Ordu hissələrinə qarşı vuruşub. Üsyan yatırıldıqdan sonra Rəşid Ağaya məxsus bütün mal-qara, torpaq, əmlak müsadirə olundu. Qardaşları Surxay bəy, Cümşüd bəy Türkiyəyə mühacirət etdi, Əkbər Ağa isə Bakıya qaçdı. Rəşid Ağa isə bir müddət Qarabağda yaşasa da, sonra Bakıya gələrək şəhərdə bir kontorda işə düzəlib. 1937-ci ilin dekabrında həbs edilərək güllələnib.
Əkbər PİRİYEV - 1873-cü ildə Şuşa qəzasının Quşçular kəndində doğulub. Əslində, ortabab bir kəndli olub. İnqilabdan əvvəl öz təsərrüfatında çalışıb, sonra da kollektivləşmə dövründə kolxozçu olub. 1938-ci ilin fevralında onu həbs ediblər. Ona edilən ittihamların əsas mahiyyətində səslənən fikirlər belə olub ki, guya Əkbər Piriyev siyahıyaalma keçirilən zamanı mal-qarasını gizlədib. Bundan başqa, kolxoz quruculuğu əleyhinə təşviqat və təbliğat aparıb. Əslində, Əkbər Piriyev bu işlərdən çox uzaq adam idi. Gizlədilən əsl mətləb başqa məsələ idi. Əkbər Piriyev vaxtilə Müsavatın ən fəal üzvlərindən biri kimi müxtəlif tədbirlərdə çıxış edərmiş. Repressiyaların qol-qanad açdığı illər kimin kimdən xoşu gəlmədiyi bir məqam idi. Xüsusilə də, ermənilər azərbaycanlıları bu təndirə itələməkdə çox fəndgir tərpənirdilər. Daşnakların qulağını kəsən, onları doğma torpaqdan hünərlə uzaqlaşdırmağı bacaran Əkbər Piriyev də erməni güdazına getdi. O, 1938-ci ilin fevralında həbs edilərək güllələndi.
Cəbiş bəy SƏDRƏDDİNOV - 1888-ci ildə Şuşada dünyaya gəlib. Varlı tacir və bəy ailəsində böyüyüb. Qarabağın məşhur qoçularından sayılırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cəbiş bəy Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun köməyi ilə silahlı dəstə yaradaraq ermənilərə qarşı döyüşüb. Cəbiş bəy Sədrəddinov çox igid adam idi. Onun qorxmazlığı yoldaşlarına həmişə güc və cəsarət verirdi. Bu səbəbdən də ermənilər Cəbiş bəyin adı gələndə tir-tir əsirdilər. Çünki məğlubiyyət ona xas deyildi. Əgər daşnakların üzərinə Cəbiş bəyin adamları gedirdilərsə, ermənilər mütləq qorxuya düşürdülər. Çünki onun sərrast atıcılığından heç kim yayına bilmirdi. Azərbaycan sovet ordusu tərəfindən işğal edildikdən sonra Cəbiş bəy İrana gedir. Lakin orada çox tablaşmayaraq gizli yolla Şuşaya qayıdır. Onu tanımasınlar deyə, faytonçuluqla məşğul olur. Sovet hakimiyyətinə heç cür tabe olmaq istəməyən, bu quruluşun qanunlarına boyun əyməyən, yalnız öz həyatını yaşamaq istəyən Cəbiş bəyi rahat buraxmırlar. 1938-ci ilin yanvar ayında həbs edilərək güllələnib.
Cəfər HACIYEV - Cəbiş bəylə yaşıddır. Faytonçu idi. Sovet hökuməti onun da fərdi təsərrüfatını, olan-qalan əmlakını müsadirə etdi. 1933-cü ildə həbs edilərək üç ay azadlıqdan məhrum olundu. Cəzası bitdikdən sonra yenidən Malıybəliyə qayıdaraq faytonçuluğunu davam etdirsə də, repressiyanın ac gözləri udduğu qurbanlardan doymurdu. 1938-ci ilin fevral ayında yenidən həbs edilərək güllələndi.
İslam HACIYEV - 1889-cu ildə Şuşada anadan olub. Atası ayaqqabı tikən olub. 15 yaşında Bakıya gələn İslam Hacıyev neft mədənlərində fəhlə işləyərək sonralar inqilabi hərəkata qoşuldu. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Şuşa Qəza Milis İdarəsinin Qaryagin, Cəbrayıl, Ağdam fövqəladə komissiyalarının rəisi olub. Dövlət xadimi və çekist idi. Bir müddət Azərbaycan SSR xalq daxili işlər komissarının müavini vəzifəsində çalışıb. Sonralar Ağdam, Göyçay rayonları icraiyyə komitələrinin sədri işləyən İslam Hacıyevin xalq arasında böyük hörməti var idi. Onunla hesablaşırdılar. Hətta Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdi. Lakin 1937-ci ildə onu burjua milli təşkilatının üzvü kimi həbs edərək qətlə yetiriblər.
Seyid Cəfər AĞAMİROV - 1890-cı ildə Şuşada doğulmuşdur. Ağır seyid nəslindən idi. Atası Mirfəttah oğlu bütün Qarabağda məşhur idi. Sovet hakimiyyəti qurulduqdan sonra seyid olduğuna görə toxunmağa cəsarət etməyiblər. Hətta 1920-1921-ci illərdə onu Şuşa qəza milis şöbəsində işə götürüblər. Həbsxanada baş nəzarətçi (1922-1928), Şuşa Müəllimlər Seminariyasında gözətçi (1929-1931), Laçında (1931-1933), Ağdamda (1936) yeməkxana müdiri vəzfiələrində çalışıb. Bütün bunlarla bərabər, Fövqəladə Üçlük Seyid Cəfərin vaxtilə Müsavat Partiyasının üzvü olduğunu heç vaxt unutmurdu. Hələlik hər şey sakit gedirdi. Onu tez-tez mühüm partiya tapşırıqlarını yerinə yetirmək üçün Bakıya, Batuma və başqa şəhərlərə göndərirdilər. Guya o, bu vaxt həm də Türkiyədən göndərilən bir çox vacib sənədləri, göstərişləri, təlimatları gizli surətdə Şuşaya gətirərək sakinlər arasında yayırmış. Buna görə də Quşçularda fəaliyyət göstərən müsavatçıların fəaliyyəti nəticəsində kənddə kolxoz dağıdılmış, kollektiv təsərrüfatdan çıxmışdır. Bütün bu işlərin də günahkarı Seyid Cəfər Ağamirov sayıldı. 1937-ci ilin avqustunda antisovet fəaliyyətinə görə həbs edilərək qətlə yetirildi.
Salman
AĞAYEV - 1892-ci ildə Şuşada anadan olub. Doğma şəhərində xırda sənətkarlıq
və ticarətlə məşğul olurdu. 1923-cü ildə ona "əksinqilabçı"
damğası vurularaq həbs edildi. Üç
ay həbsxanada yatdıqdan sonra azadlığa çıxan
Salman Ağayev səsvermə hüququndan azad edildi. Qəzavü-qədər qarabaqara onu izləyirdi.
Hər addımı göz altında idi. Şər qüvvələr də bir an öz
böhtan və ləkəli xəbərlərindən geri
çəkilmirdi. Elə bu səbəbdən
də 1928-ci ilin yanvarında Salman Ağayev yenidən həbs
edildi. Eyni damğa, eyni cəza, eyni
müddət. Üç aydan sonra azad edilərək
evinə qayıdan və əvvəlki işi ilə məşğul
olan Salman 1934-cü ildə üçüncü dəfə
həbs edildi. İki il sürgün
həyatı yaşayandan sonra azadlığa çıxan
Salman Ağayev bir daha Şuşaya dönmədi. Həbslər,
ittihamlar, şər, böhtan, cəzalar, get-gəllər,
sorğu-suallar, şahidlər onu cana gətirmişdi.
Başını aşağı salaraq işləməyinə
mane olurdular. Elə bu
haqsızlığın da nəticəsində 1938-ci ilin
yanvarında həbs edilən Salman Ağayev bir daha geri
qayıtmadı.
Adışırin
FƏTƏLİYEV - 1893-cü ildə Şuşada
doğulub. Məşhur dərzi idi. Bəylər arasında böyük hörməti
vardı. Hər kəs öz
libasını Adışirinə biçdirib tikdirməyi
xoşlayırdı. Azərbaycanda sovet hakimiyyətinin
ilk illərində Adışirin Şuşa
qəza milis şöbəsində baş milis işçisi
olub. Sonralar müxtəlif vəzifələrdə
çalışıb. Şuşa Rayon
Xalq Məhkəməsinə qədər gəlib
çıxıb. Hətta Kommunist
Partiyası sıralarına da daxil olub. Sonralar
onu həbs edərək belə bir iddia irəli sürüblər
ki, Adışirin Fətəliyev milis orqanında işlədiyi
vaxt Müsavat Partiyasına mənsubluğunu və
Dağlıq Qarabağ Muxtar Vilayətində əksinqilabi
üsyançı təşkilatın olmasını gizlədib.
Bu uydurma ittihamla 1937-ci ildə həbs edilərək
güllələnib.
Nadir
VƏLİYEV - 1901-ci ildə Şuşada doğulub. Nə bəy idi, nə də ağa, sadəcə
faytonçu. 130 puta qədər yük
götürən "Molakan" tipli dördqatlı və dördtəkərli
faytonu ilə Azərbaycanın müxtəlif şəhər
və kəndlərinə sərnişin və yük
daşımaqla məşğul olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti
qurulanda könüllü olaraq milli ordu sıralarına
yazılıb. Hətta o dövrdə ermənilərə
qarşı döyüşlərdə fəal iştirak
edib, erməni qoşunlarının darmadağın
olunmasında hünər göstərib. Bəlkə
də elə bu igidliyinin cəzası idi ki, ermənilər
heç vaxt Nadir Vəliyevi rahat buraxmırdılar. Aprel inqilabından sonra ordudan geri dönən Nadir
şəxsi dəyirmanını işlətməklə,
kiçik torpaq sahəsini əkib-becərməklə məşğul
olurdu. Kollektivləşmə başlanan
kimi onun da əmlakı müsadirə edildi. Özünə də qolçomaq damğası
vuruldu. Bu azmış kimi, sonra da həbs edilərək
iki il iş aldı. Cəzasını
çəkdikdən sonra Nadir Vəliyev doğma ocağa
qayıtmağa ehtiyatlanaraq Ağdama köçür. Bir müddət o, burada fəhlə kimi
çalışır. Lakin 1938-ci ilin
martında onu sovet hakimiyyətinin düşməni kimi yenidən
həbs edərək sürgünə göndərirlər.
Həsən İMANOV - Nadirlə yaşıd idi. Müəllim,
jurnalist, tərcüməçi idi. Həsən
İmanov Azərbaycan tarixşünaslıq elminin
tanınmış nümayəndələrindən
sayılırdı. 1919-cu ildə Şuşa
Realnı Məktəbini bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin Şərq fakültəsini (1926),
Moskvada Şərq Xalqları İnstitutunun
aspiranturasını (1931) bitirib. Əmək fəaliyyətinə
Bakı Quberniya İdarəsində təsərrüfat
müdiri kimi başlayan Həsən İmanov sonralar Azərbaycan
Xalq Ərzaq Komissarlığında ticarət şöbəsində
çalışıb. Müəllimlik fəaliyyəti
ilə məşğul olan Həsən İmanov Ali Pedaqoji
İnstitutda dosent, "Yeni yol" qəzetinin əməkdaşı,
Mərkəzi Dövlət Arxivində elmi işçi, Tarix
İnstitutunda arxeoqrafiya şöbəsinin müdiri vəzifəsində
çalışıb. Gənc alim əsasən
əlifba islahatı, türk dilində əcnəbi sözlərin
düzgün yazılış qaydaları, terminologiya, imla,
teatr, erməni toqquşmalarının tarixi üzrə
materialların toplanılması, arxiv sənədlərinin nəşr
edilməsi metodologiyası ilə bağlı məsələlərlə
məşğul olub. Hətta Leninin bir
sıra əsərlərini rus dilindən Azərbaycan dilinə
tərcümə edib. Tanınmış
tarixçinin arxiv materialları əsasında
yazdığı "1905-ci ildə erməni-türk
toqquşmalarının səbəbləri", "1917-ci il
Zaqafqaziyada", "Zaqafqaziya Seyminin xarici siyasəti"
adlı elmi əsərləri tarixşünaslıq elmimizə
böyük töhfədir. Həsən
İmanov Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
fəxri fərmanı ilə təltif edilib. Bütün bunlarla yanaşı, Həsən
İmanovun 1937-ci ildə həbsinin səbəbi məlum
deyil.
Xanlar
HACIYEV - 1901-ci ildə Şuşada doğulub. O, ibtidai təhsilini
doğma şəhərdə aldıqdan sonra rəngsazlıq
peşəsinə yiyələnib. 1920-ci ildə
ordu sıralarında qulluq edib. Sonra Azərbaycan
Birləşmiş Hərbi Piyada Məktəbində oxuyaraq
orduda müxtəlif vəzifələrdə
çalışıb. Gənc hərbçi
Azərbaycan diviziyasının artilleriya polkunda təchizat hissəsinin
rəisi olmuş, sonra Göyçay Hərbi
Komissarlığına rəis göndərilmişdir. Xanlar Hacıyev 1937-ci ildə əksinqilabçı
kimi həbs edilərək 1938-ci ilin yanvarında qətlə
yetirilib.
Səttar
QURBANOV - 1909-cu ildə Şuşada dünyaya gəlib. Sənətkar
ailəsində böyüyən Səttar 11 yaşında ikən
atası Qurban kişi ölkədə
baş verən siyasi çevrilişdən ehtiyatlanaraq ailəsi
ilə birlikdə Türkmənistana köçüb. Səttar Qurbanov burada pedaqoji məktəbi bitirərək
Aşqabad Kooperativ Ticarət Texnikumunda müəllim vəzifəsində
çalışıb. Vətəndən
uzaqlaşmaqlarına, repressiyadan qaçmaqlarına baxmayaraq,
qəzavü-qədər Aşqabadda da Qurbanovlar ailəsinin
qapısını döyüb. Səttar
Qurbanov 1936-cı ildə həbs edilərək Bakıya gətirilib.
On bir ay həbsxanada yatdıqdan sonra güllələnməyə
məhkum edilib.
Zülfüqar İSMAYILOV - onun da bioqrafiyasında
doğulduğu yer Şuşadır. Ticarətçi ailəsində
böyüyüb. Qardaşları Rəşid və
Xanlar həbs edildikdən sonra 1929-cu ildə İsmayıl kişi ailəsini də götürərək
Türkmənistana köçüb. Zülfüqar
İsmayılov Səttar Qurbanov kimi burada təhsil alıb,
Aşqabad Kooperativ Ticarət Texnikumunda müəllim kimi
çalışıb. Həmyerlisi Səttar kimi o da
1936-cı il avqustun 29-da həbs edilərək
Bakıya gətirilib. On bir aydan sonra qətlə
yetirilib.
Səlim
HACIYEV - 1914-cü
ildə Şuşa qəzasının Malıbəyli kəndində
doğulub. Şuşa Pedaqoji Texnikumunda oxuyarkən
məsuliyyətə cəlb edilib. Şuşa Rayon Xalq Məhkəməsinin
qərarı ilə ilyarım icbari iş alıb. Lakin o, Şuşa həbsxanasından qaçaraq gizlənməyə
səy göstərib. 1935-ci ildə yenidən həbs
edilib. Bu dəfə ona 7 il iş kəsərək
Orta Asiyaya sürgün ediblər. Həbsxana həyatına
alışmayan, haqsızlıqla razılaşmayan Səlim
Hacıyev bu dəfə də zindandan qaçmağa nail olub.
Birbaşa Şuşaya gələrək
ziyalıların tutulmasında bələdçilik edən
Malıbəyli kənd sovetinin sədrini qisas məqsədilə
öldürüb. Bir qədər gizlənməyə
nail olsa da, yaxın dostunun xəyanəti nəticəsində
yerini tapa biliblər. Elə həmin ilin
noyabrında Səlim Hacıyev həbs edilib, onu siyasi dustaq
kimi qətlə yetiriblər.
...Şuşalı qurbanların sayı çoxdur. Onların hər
biri haqqında danışmaq olar. Lakin
onların bioqrafiyalarını vərəqlədikcə bu
günahsız müqəssirlərin həbs edilmə səbəblərinin
də, cəzasının da eyni olduğunu görüb burada
yazımıza xitam verdik. Sanki bir ananın
balaları eyni odun içinə düşüb. Elə əslində də belə idi. Azərbaycan adlı vətənin övladları
repressiya caynaqlarında qətlə yetirilirdi. Onların
arasında bəy də var, hərbçi də, şair,
yazıçı da, inqilabçı, ictimai-siyasi xadim də,
musiqiçi, artist də, faytonçu, kəndli, fəhlə,
hətta ömrü boyu yalnız bir iynəsi və sapı
olan dərzi də. Bu müxtəlif təbəqələri
- dünyagörüş və təfəkkürə malik
olan insanları bir zindana yığansa onların məhz
türk, Azərbaycan vətəndaşı olmaları idi.
Bu haqsızlığın ayaq tutub yeriməsində ruslara
ilham verən, bələdçilik edən, yol göstərən,
nişançı olan da faşist xislətli ermənilər
idi...
Flora XƏLİLZADƏ,
Azərbaycan.-2012.- 9 dekabr.- S.7.