Mətbuatdan «gizlənən» mətbuat xidmətləri

 

Cəmiyyətin söz və mətbuat azadlığına qovuşması, fərdin məlumat əldə etmək istəyi əsrlər boyu demokratik ideallar uğrunda mübarizələrin başlıca qayəsini təşkil edib. İctimai həyatın bütün sahələri üzrə operativ məlumatların "qəbulu" hazırkı informasiya inqilabı şəraitində insanların zəruri mənəvi və sosial tələbatlarından biri kimi özünü göstərir. Bu gün informasiya ən qiymətli əmtəə kimi nəinki sivil birgəyaşayış normalarını formalaşdırır, eyni zamanda ictimai həyatın bütün sahələrinə təsir imkanlarını gücləndirir. Dövlət strukturları, biznes qurumları, ictimai təşkilatlar, ayrı-ayrı fərdlər fəaliyyətlərini məhz zəruri informasiya əsasında qurur, bu və digər uğurlara imza atırlar.

 

 Açıq cəmiyyət quruculuğunun mühüm şərti

 

 

Hazırda elə bir insan təsəvvür etmək çətindir ki, heç olmasa, gündəlik hava proqnozunu belə dinləmək həvəsində olmasın. Yazılı və elektron kütləvi informasiya vasitələrinin, xüsusən də internet şəbəkəsinin sürətli inkişafı "informasiya seli"nin insanın taleyində, onun yaşayış tərzində əlahiddə rolunu qabarıq nümayiş etdirir. İnformasiya bəşəriyyətin tarixən can atdığı demokratiya və vətəndaş cəmiyyəti kimi idealların inkişafına zəmin yaradır, cəmiyyətdə sərbəst və obyektiv düşüncə tərzinin, şəffaflığın, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının, milli-dini tolerantlığın vacib amili kimi çıxış edir.

Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu seçmiş dövlət kimi ötən 20 ildə kütləvi informasiya vasitələrinin, geniş mənada hər bir fərdin söz, məlumat, informasiya azadlıqlarının təminatı istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Bu tədbirlər indinin özündə də sürətlə davam etdirilir, informasiyalı, açıq cəmiyyətin formalaşdırılması məqsədilə beynəlxalq təcrübə dərindən öyrənilir, milli qanunvericilik yeni dövrün tələblərinə adekvat olaraq təkmilləşdirilir.

Müasir dünyamızda kütləvi informasiya vasitələrinin sərbəst və müstəqil fəaliyyəti həm də onların dövlət strukturlarından, ayrı-ayrı ictimai birliklərdən, kommersiya, biznes qurumlarından, siyasi partiyalardan informasiya almaq imkanlarının səviyyəsi ilə ölçülür. Başqa sözlə, qloballaşma şəraitində cəmiyyətin informasiya azadlığı daha çox məlumatın bilavasitə əldə edilməsi və faktiki yayılması prosesi ilə əlaqəli məsələləri əhatə edir. KİV-in azadlığının real təmin olunmasının başlıca meyarı məlumat mənbələrinin hamı üçün açıqlığı, onlardan qanun çərçivəsində hər kəsin istifadə imkanının olmasıdır. Bu meyarla bağlı tələblər o zaman yerinə yetirilmiş sayılır ki, məlumat mənbələri informasiyanı texniki cəhətdən hamıya ötürmək qabiliyyətinə və istəyinə malik olsun. Məlumat azadlığının həyata keçirilməsinin əsas təminatçısı qismində isə dövlət çıxış edir, hüquqi tənzimləmənin köməyi ilə informasiyanın hüquqi rejimini, məlumatın axtarılmasının, əldə olunmasının qaydalarını, bütövlükdə məlumat azadlığından istifadə normalarını müəyyənləşdirir. Eyni zamanda bu azadlığın həyata keçirilməsinə mane olmağa görə hüquqi məsuliyyət tədbirləri tətbiq edir.

Azərbaycanda iqtisadi modernləşmə və demokratikləşmə proseslərinin geniş vüsət aldığı hazırkı şəraitdə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin media və ictimaiyyətlə əlaqələrinin daha çevik, şəffaf, qarşılıqlı faydalı mexanizmlər əsasında qurulması istiqamətində tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə hələ 2005-ci ilin may ayının 12-də nazirlik və komitələrin mətbuat xidmətlərinin fəaliyyətinə həsr olunmuş xüsusi müşavirə olmuş, bu sahədə mövcud problemlərin müzakirəsi aparılmış, nöqsanlar diqqətə çatdırılmış, media ilə qarşılıqlı inam və etimada söykənən müasir əməkdaşlıq mexanizmlərinin yaradılması ilə bağlı qəti tapşırıqlar verilmişdir. Həmin toplantıda xüsusi vurğulanmışdır ki, mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr şöbəsi rəhbərinin dövlət orqanının gördüyü əsas işlər, hazırlanan qərarlar və məsul olduğu məsələlər barədə məlumatlı olması çox mühüm şərtdir. Buna görə də mətbuat xidmətinin rəhbəri qərarların verilməsi prosesini yaxından izləmək səlahiyyətinə malik olmalıdır. Mətbuat xidmətinin əsas işi təmsil etdiyi qurumun fəaliyyəti haqqında KİV-ə müfəssəl məlumat vermək və doğru olmayan məlumat axınının qarşısını almağa çalışmaqdır. Bunun üçün ilk növbədə nazirlik və komitənin işini ətraflı işıqlandırmalı, hər iki-üç gündən gec olmayaraq KİV üçün press-relizlər hazırlamalıdır. Bunlar internet saytlarında yerləşdirilməli, elektron poçtla və ya faksla kütləvi informasiya vasitələrinə göndərilməlidir.

Həmin müşavirədən sonra mətbuat xidmətlərinin fəaliyyətində müəyyən dönüş yaransa da, təəssüf ki, problemlərin tamamilə aradan qalxdığını demək mümkün deyildir! Xüsusən də jurnalistlərin gündəlik peşə fəaliyyəti zamanı informasiya əldə etməklə bağlı üzləşdiyi problemlərin əsaslı qismi dövlət, qeyri-hökumət, biznes strukturlarının, şirkətlərin, bələdiyyələrin və s. informasiya verilməsinə məsul qurumlarının işini hələ də günün tələbləri səviyyəsində qura bilməməsindən, şəffaflığa və hesabatlılığa hazır olmamasından xəbər verir. 

 

 

 

İnformasiya əldə etmək imkanının hüquqi təminatları

 

 "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ) göstərilir ki, "kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz".

Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

"Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununda yayılması məhdudlaşdırılan informasiyaların dairəsi dəqiqliklə göstərilmişdir. Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadəsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Kütləvi informasiya vasitələrinin, eləcə də ayrı-ayrı vətəndaşların informasiya azadlığı hüququnun təmin edilməsi baxımından "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu da mühüm əhəmiyyətə malikdir. Bu, əslində açıq cəmiyyət quruculuğuna sanballı bir töhfədir. Qanuna görə, informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi; informasiyanın əldə olunmasının qanuniliyi; dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi; informasiyanın maksimum açıqlığı; informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi; informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması; informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi; bu qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla, informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi; informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması; ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması əsas prinsiplər kimi müəyyən olunmuşdur.

10-cu maddədə isə informasiya sahibinin vəzifələri göstərilir. 24-cu maddədə informasiya sorğusunun icra müddəti əksini tapır.

Prezident İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1-ci maddəsinə əsasən, qarşıdakı illərdə şəffaflığın artırılması və açıq hökumətin təşviqi baxımından informasiya əldə edilməsinin asanlaşdırılması nəzərdə tutulur.

Fəaliyyət Planının 2-ci maddəsində dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi zərurəti önə çəkilir. Aydın məsələdir ki, bu müddəalar ictimaiyyətlə əlaqə qurumlarının, mətbuat xidmətlərinin, sayt administrasiyalarının üzərinə ciddi vəzifələr qoymuş olur. Axı doğru-dürüst, operativ məlumatlar vermək üçün onlar əvvəlcədən toplanmalı, sistemləşdirilməli və arxivləşdirilməlidir. Amma çox təəssüf ki, dövlət orqanlarında, nazirlik və təşkilatlarda bu iş zəif aparılır, onların dünya standartlarına çatması ləng gedir.

 

 Mətbuat xidməti əməkdaşları jurnalistlərdən niyə "qaçır"?

 

 Son illər Azərbaycanda dövlət və biznes qurumlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətində dinamizmin, şəffaflıq və hesabatlılığın genişlənməsi mətbuat xidmətlərinin fəaliyyətində də müəyyən pozitiv dəyişikliklərə səbəb olub. Lakin bununla belə, əksər dövlət qurumlarının bu sahədə hələ də axsaması, ətalətdən qurtula bilməməsi üzündən ölkə jurnalistlərinin informasiya əldə etmək sahəsində müəyyən problemlərlə üzləşdiyi açıq vurğulanmalıdır.

Ölkə rəhbərliyi şəffaflığın qorunması, açıq cəmiyyətin qurulması sahəsində ciddi siyasi iradə, qətiyyət nümayiş etdirsə də, bəzi nazirlik və komitələr hələ də ictimaiyyət və KİV üçün maraq doğuracaq informasiyaları böyük xəsisliklə, səbəbi anlaşılmaz olan ehtiyatlılıqla cəmiyyətə açıqlayırlar. Bu fikri eyni zamanda qeyri-dövlət qurumlarına, özəl şirkətlərə də aid etmək olar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin hər rüb üzrə iclaslarının keçirilməsini şəffaflıq və hesabatlılıq nümunəsi kimi önə çəkir, həmin iclaslarda hökumətin fəaliyyəti ilə bağlı geniş məlumatlar, görüləcək işlər barədə açıqlamalar verilir. Təəssüf ki, hazırda çox az sayda dövlət və qeyri-dövlət qurumu bu uğurlu ənənədən istifadə edir.

Çoxillik jurnalist müşahidələrimiz (bura jurnalist həmkarlarımızın fikirləri də əlavə olunur) əsasında deyə bilərik ki, bunun bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Reallıq ilk növbədə onu göstərir ki, əksər strukturların mətbuat xidmətləri işlərini, əsasən, təmsilçisi olduqları qurumların fəaliyyətinə nəzərən qururlar. Başqa sözlə, fəaliyyəti ilə müsbət mənada fərqlənən, yeniliklərə can atan, islahatlara meyilli olan, dövlət və xalq qarşısında məsuliyyətini dərk edən nazirlik, təşkilat və komitələrin mətbuat xidmətləri daha operativ, fəal, çevik olur,  şəffaflığa üstünlük verirlər. Görülən işlər, reallaşdırılan layihələr barədə ictimaiyyətə məlumatların çadırılması həm də informasiya sahiblərinə ictimai inam və etimadı artırır. Zamanın nəbzini tuta bilməyən, yeniliklərə mühafizəkar yanaşan, fəaliyyətində ciddi qüsurlara yol verənlərin isə cəmiyyət və media qarşısına çıxmağa, sadəcə, üzləri olmur. Belələri sadəlövhcəsinə "çıxış yolu"nu jurnalistlərin zənglərindən qaçmaqda, telefonlarını faksa qoşmaqda, verilən suallardan yayınmaqda görür, beləliklə, süründürməçiliyə yol verərək vətəndaşların, KİV-in informasiya əldə etmək hüququnu pozurlar. Bir sıra nazirlik və komitələrin, özəl qurumların mətbuat xidmətlərinin rəhbərlərini əksər vaxtlarda iş yerində tapmaq müşkül məsələyə çevrilir! Onlara ünvanlanan şifahi və yazılı sorğular qanunla müəyyən olunmuş vaxt ərzində cavablandırılmır! Bəzi hallarda isə həmin cavablar dolğun, dürüst, suala adekvat olmur! Nəticədə məlumat operativliyini itirir. Bu hallarla jurnalistlər ən çox kənd təsərrüfatı, maliyyə, gənclər və idman, səhiyyə nazirliklərinin mətbuat xidmətləri əməkdaşlarının fəaliyyətində rastlaşırlar. Onlar hətta elementar, sadə suallara belə cavab verə bilmirlər. Məsələn, son illər ölkədə nə qədər diaqnostika mərkəzlərinin, sağlamlıq ocaqlarının, yeni məktəblərin, olimpiya idman komplekslərinin tikildiyi, yaxud həkimlərin, tibb işçilərinin, müəllimlərin orta aylıq əməkhaqları və s. barədə sorğulara dəqiqləşdirilmiş, doğru-dürüst cavab verməkdə acizdirlər. Hərçənd ki, bu faktlar hər zaman onların stollarının üstündə, əllərinin altında olmalıdır, müvafiq informasiya bazası yaradılmalı və həmin faktlar vaxtaşırı dəqiqləşdirilməlidir. Burada xüsusi qeyd olunmalıdır ki, ictimaiyyətlə əlaqə qurumlarının məlumat bazası təkcə mühasibat rəqəmlərini əks etdirməməlidir: həmin bazalarda məxsus olduğu qurumun fəaliyyətini, tarixini işıqlandıran, onun müsbət imicini yaradan hər cür informasiyanın toplanıb sistemləşdirilməsi işi aparılmalıdır. Bunları təşkil edə bilmədiklərinə görə əksər mətbuat xidmətləri jurnalistlərin suallarını əlaqədar şöbələrə, faktiki olaraq cavab alınması mümkün olmayan şəxslərə yönəldirlər. Beş-altı idarəyə zəng vurmalı olursan, qaneedici cavab almayanda jurnalist vaxtını itirir, informasiya isə aktuallığını! Çox vaxt isə əksər nazirliklərin əməkdaşları sualları seçim əsasında cavablandırmağa üstünlük verirlər. Bu da mətbuat xidmətlərinin özünün informasiyasızlıqdan əziyyət çəkdiyini, bu işi qura bilmədiklərini göstərir. Bəzi mətbuat xidmətləri, hətta suallara hansı məmurun, yaxud mütəxəssisin cavab verə biləcəyini müəyyən edə bilmirlər. Əlbəttə, bunun digər səbəbləri də yox deyil: açıq deməyin zamanı gəlib ki, qarşısında diktafon, yaxud mikrofon görəndə həyəcanlanaraq özünü itirənlər KİV-ə informasiyanın ötürülməsinə də son dərəcə mühafizəkar yanaşır, şəffaflıqdan çəkinir, beləliklə, mətbuat xidmətlərini də çıxılmaz vəziyyətdə qoyurlar. Ayrı-ayrı idarələrin, şöbələrin, eləcə də məmurların səhlənkarlığı, məsuliyyətsizliyi, yersiz ehtiyatlanması mətbuat xidmətlərinin normal fəaliyyətinə mane olur, onları jurnalistlərin suallarından yayınmaq üçün müxtəlif vasitələr, bəhanələr axtarmağa sövq edir. Bu mənada mətbuat xidmətləri təmsil olunduqları qurumların fəaliyyətlərinin qiymətləndirilməsində ölçü meyarına, "barometr"inə çevrilirlər.   

 Jurnalistlərin narazılıq etdiyi ünvanlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətidir. Bu xidmətin əməkdaşları müxbirin informasiya almaq hüququna məhəl qoymurlar, məlumatlardan xəbərsizdirlər, şöbələrdə telefonları götürən olmur. Rayon icra hakimiyyətlərində isə müraciətlərə məhdud dairədə cavab verilir, amma onun dərc olunması üçün öz rəhbərliklərinin icazəsini şərt kimi qoyurlar. Bu problem əksər dövlət qurumlarına, nazirlik, təşkilat və komitələrə də aiddir. Bunu informasiyanı gizlətmək, öz rəhbərliyinin mənfi planda görünməsinə müqavimət kimi də qiymətləndirmək olar. Belə təşkilatlar tənqid olunduqdan sonra onun əməkdaşları faktları inkar etməyə çalışırlar. Nəticədə həmin mətbuat xidmətləri informasiya verən deyil, informasiya axınının qarşısını alan qurumlara çevrilirlər! Onların işinin səmərəsi sıfıra bərabər olur!

Apardığımız sorğulara əsasən Nəqliyyat Nazirliyi, Bakı şəhəri Təhsil İdarəsi, "Azərsu" və "Azəriqaz" səhmdar cəmiyyətlərinin mətbuat xidmətlərinin suallara cavab verməyə sadəcə vaxtları olmur. Bütün zənglər cavabsız qalır. Güc nazirliklərindən və hüquq-mühafizə orqanlarından isə istədiyin məlumatla deyil, onların verdiyi informasiyalarla kifayətlənməlisən. Müdafiə Nazirliyinin hospitallarından, xəstəxanalarından yazmaq üçün belə onlara rəsmi şəkildə müraciət edilməli, icazə alınmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətləri çox istəyirlər ki, jurnalistlərə zəngin informasiya versinlər. Lakin əməkdaşların peşəkarlıq səviyyəsinin aşağı olması buna imkan vermir. Ona dörə də mətbuat xidmətlərinin fəaliyyəti həm də bu qurumlara rəhbərlik edənlərin şəxsi idarəçilik keyfiyyətləri ilə bağlıdır desək, yəqin ki, yanılmarıq.

Müşahidələr göstərir ki, jurnalistika sahəsində yetkinləşən, çalışdığı sahənin incəliklərini dərindən mənimsəyən, müasir texnologiyalarla işləməyi bacaran, innovasiyalara meyilli olanlar işlərini də mükəmməl səviyyədə qurur, jurnalistlərin və cəmiyyətin etimadını qazanırlar. KİV-də müəyyən iş təcrübəsi olmayan, zamanın ruhunu duymayan, müasir jurnalistikanın əsaslarını bilməyən adamlarla uğurlu təbliğat aparmaq qeyri-mümkündür. Ona görə də ictimai rəyə təsir göstərmək, orada öz obrazını yaratmaq istəyən qurumlara kadrların seçilməsi də çox vacibdir. Zəif komanda ilə aydındır ki, heç bir ciddi iş görmək və nəticə əldə etmək mümkün deyildir. Kompyuterlə, internetlə işləməyi bacarmayan, yeniliklərə uyğunlaşa bilməyənləri isə konkret ünvanla, adla göstərməyə ehtiyac yoxdur. Cəmiyyət də, media da hansı qurumun mətbuat xidmətinin daha yaxşı işlədiyini, KİV-lə müntəzəm əlaqələr qurduğunu gündəlik izləmək, qiymətləndirmək imkanındadır. Deməli, mətbuat xidmətlərində peşəkar kadrların yerləşdirilməsi onların təmsil etdikləri qurumlara ixtisaslı rəhbərlikdə ən mühüm şərtdir. Amma çox təəssüf ki, bu sahəyə lazımi diqqət yetirilmir. Bir çox hallarda mətbuat xidmətlərinə informasiya sahəsinə aid olmayan şəxslər işə götürülür. Onların jurnalistlərlə normal ünsiyyət və əməkdaşlıq qurmaq imkanları yox dərəcəsində olur. Bunun səbəbi odur ki, xidmətin işçilərinin əksəriyyəti ictimai rəyin idarə olunması, təbliğat, dövlət qurumunun imicinin yaradılması kimi məsələlər üzrə zəruri biliklərə malik deyillər. Bizim təhsil sistemində, məmur hazırlığında və onların seçilib yerləşdirilməsində bu problemin öyrənilməsinə və tətbiqinə ciddi yanaşılmır. Əməkdaşlar öz funksiyalarını bilmədiklərindən təmsil etdikləri nazirlik və ya komitələrin, təşkilatların müsbət imicinə xidmət göstərməkdə çətinlik çəkirlər. Onlar tədbir keçiriləndə qəzetlərə zəng vurub jurnalist dəvət etməklə yanaşı, həmin tədbirin, təqdimat mərasiminin, müxtəlif konfransların uğurlu keçməsi, mətbuatda geniş əks-səda tapması üçün başdansovdu deyil, müfəssəl pres-relizlər hazırlamalıdır. Bu press-relizlər tədbirin məqsəd və hədəflərini dəqiq göstərməli, lazımi faktiki materiallar, şəkillər, əlavə informasiya materialları ilə təhciz edilməlidir. Bu halda ən adi, mövzunu zəif bilən jurnalist belə öz KİV-i üçün ətraflı material hazırlaya bilər və nəticədə tədbirin geniş işıqlandırılması işi baş tutar.

Əksər nazirliklərdən, eləcə də AMEA-nın institutlarından göndərilən yazılar aşağı səviyyədə, zəif, dəqiqləşdirilməmiş, hətta bəzən yanlış faktlardan ibarət olur. Məqalənin dili, üslubu redaktəyə belə gəlmir. Görkəmli alimlər, şəxsiyyətlər haqqında redaksiyaya göndərilən materiallar yalnız tərcümeyi-hal xarakteri daşıyır. Halbuki bu insanların ölkənin inkişafında böyük xidmətləri xüsusi vurğulanmalıdır. Bu işin də normal təşkilinə mətbuat xidmətləri məsuliyyət daşıyır.

Problemlərin digər bir qismi mətbuat xidmətlərinin KİV-lər arasında ayrı-seçkiliyə yol verməsi zəminində baş qaldırır. Müşahidələr göstərir ki, bəzi hallarda mətbuat xidmətlərinin rəhbərləri informasiyaları şəxsi münasibətləri yaxşı olan jurnalistlər vasitəsilə yaymağa üstünlük verirlər. Və yaxud obyektiv üstünlüklə bağlı daha operativ yayım imkanları olan internet saytları ilə işləməyə çalışırlar. Lakin bu zaman digər KİV-lərin də operativ məlumat almaq hüququ təmin olunmalı, qanunun tələblərinə riayət olunmalıdır. Eyni zamanda, mətbuat konfranslarına və brifinqlərə yalnız "dost jurnalistlər"in dəvət edilməsi kimi xoşagəlməz ənənəyə də son qoyulmalıdır!  

Bu gün mətbuat xidmətlərinin "reket jurnalist" problemi, demək olar ki, aradan qalxıb. Ucuz sensasiya axtaranların, şantaja, insanların şəxsi həyatına müdaxiləyə çalışanların, yaxud kommersiya, hərbi, təhlükəsizlik və s. sirləri açıqlamağı tələb edənlərin sayı da azalıb, varsa da, onları artıq hamı yaxşı tanıyır. Belə hallarda mətbuat xidmətlərinin həmin sorğuları cavablandırması həm də qanuni baxımdan mümkünsüz olur.

 

Hazırda bəzi qəzetlərdə, internet saytlarında jurnalistlərin peşə davranışı normaları - qərəzsizlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi ümdə prinsiplər mütəmadi qaydada pozulur. Ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunan yazılara rast gəlinir. Belə hallar mətbuat xidmətləri ilə normal əməkdaşlığa maneə yaradır.

 

 İnternet saytları yenilənməlidir

 

 KİV-in və ictimaiyyətin məlumat əldə etmək üçün ən çox istinad etdiyi mənbə nazirlik, komitə, şirkət, özəl, ictimai qurumların internet saytlarıdır. Bu gün internet resurslarının imkanları, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, informasiya mübadiləsi probleminə ciddi təsir göstərib. İnternet böyük bir məkanı əhatə edir. Lakin hələlik bu saytların bir qisminin fəaliyyəti "sürət əsri"nin tələblərinə tam cavab vermir. Bəzi komitə və özəl qurumların internet saytlarının olmaması sadəcə anlaşılmazdır. Bu həm də "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinin kobud şəkildə pozulması, şəffaflıq və hesabatlılığa əməl olunmaması deməkdir. Bundan başqa, bir sıra qurumların internet saytlarının uzun müddət yenilənməməsi, zəruri informasiyalarla təmin edilməməsi onun funksionallığını pozur, jurnalistlərin məlumat əldə etmək imkanlarını çətinləşdirir. Eyni zamanda əksər dövlət və qeyri-dövlət qurumlarının saytlarında mətbuat xidmətlərinin, ictimaiyyətlə əlaqə şöbələrinin telefonları göstərilmir. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Statistika Komitəsinin internet saytlarından mətbuat xidmətləri ilə əlaqə telefonlarını əldə etmək mümkün deyildir.

Bu günlərdə ölkə rəhbərinin sədrliyi ilə 2012-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclas keçirilsə də, hələ də əksər nazirliklərin və komitələrin internet saytlarında bu dövrdə görülmüş işlərlə bağlı hesabatlara rast gəlinmir. Diasporla İş üzrə Dövlət Komitəsi sonuncu dəfə 2011-ci ilin hesabatını 2012-ci ilin fevralında yerləşdirib. Elə nazirliklər var ki, saytlarında ən axırıncı hesabat 2010-cu ilə aiddir. Bu, bütün hallarda bəsitliyə səbəb olur. Əksər saytlar küçələrdə vurulan elanlara oxşayır. Onlar illərlə dəyişməz olaraq qalır. Halbuki sayt öz sahibinin fəaliyyətinin canlı güzgüsü olmalıdır.

Ümumilikdə bəzi saytların təhlili bu sahədə vəziyyət barədə dolğun təsəvvür yaradır. Məsələn, Azərbaycan Prezidentinin rəsmi saytı (www.president.az) bütün standartlara cavab verir. Dizaynında yeniliklər edilən sayt digər dövlət qurumlarına örnək ola bilər. Azərbaycan dili ilə yanaşı, Azərbaycan Prezidentinin rəsmi saytını ingilis və rus dillərində də oxumaq, buradan zəruri bilgiləri əldə etmək mümkündür. 9 əsas bölmədən ibarət bu internet səhifəsinin alt bölmələri də mövcuddur. Məsələn, "Xəbərlər" bölməsinin özü ayrıca 9 alt bölmədən ibarətdir ki, bunların sırasında dövlət başçısının keçirdiyi görüşləri, səfərləri, qəbulları, çıxışları, mətbuat konfranslarını və digərlərini qeyd etmək olar. Saytda dövlət başçısının imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi qanunlarla da operativ şəkildə tanış olmaq mümkündür. Bundan başqa, ölkə rəhbərinin çıxışlarını orada izləmək mümkündür. Eyni zamanda saytda Prezidentlə virtual əlaqə saxlamaq imkanı var. Videogörüntülərin də saytda yerləşdirilməsi bu internet səhifəsinin effektivlik dərəcəsini daha da yüksəldir.

Bir çox xarici şirkətlərin bu istiqamətdə apardığı işlər də nümunəvi sayıla bilər. Buradakı ictimaiyyətlə əlaqə idarəsi qurumun iqtisadi fəaliyyətini göstərən rəqəmlərdən tutmuş öz sosial, ekoloji, xeyriyyə sahəsində tədbirlərinə qədər bütün məsələləri saytında dəqiqliklə işıqlandırır. Digər tərəfdən, fəaliyyətlərinin nəticələri barədə vaxtaşırı brifinqlər, konfranslar keçirirlər. Hətta buradakı problemlər, nöqsanlar da ilk olaraq özləri tərəfindən ictimaiyyətə bəyan edilir. Bu da onların doğruçu, etibarlı partnyor imicini yaratmaq üsullarından biridir.

Bəzi dövlət qurumlarının saytlarında ciddi qüsurlardan biri də informasiyaların keyfiyyətinin aşağı olmasıdır. Materialın həcmi az olur, hətta bir cümlə verilir, faktlarda konkretlik əksini tapmır, informasiya almaq hüququna hörmət hiss olunmur. Təqdim edilən mənbələr çox vaxt açılmır. Belə bir vəziyyətin tipik səbəbi saytları idarə edən adamların mütəxəssis olmamasıdır. Məsələn, M.F.Axundzadə adına Milli Kitabxananın saytı adi tələblərə cavab vermir. Bu kitabxana ixtisasca informasiya sistemləşdiricisidir. Lakin onların elektron xidmətini hazırlayanların arasında məhz belə mütəxəssislərin yoxluğu açıq-aydın hiss olunur.

Digər iri kitabxanaların saytları da eyni vəziyyətdədir. Bir qayda olaraq köhnəlmiş, bəsit sayt maketlərindən istifadə edilir. Onların bəsitliyi serverlərdə çalışan mütəxəssislərin ixtisas səviyyəsinin aşağı olması ilə bağlıdır. İnternet böyük bir məkandır, sürətlə inkişaf edir, ixtisaslı mütəxəssislər isə çatışmır. Müvafiq savadı olmayan, internetin doğma dilini - ingiliscəni bilməyən veb ustaları isə bu sahədəki bərbad vəziyyəti daha da çətinləşdirirlər. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin saytı çox vaxt açılmır, lazımi informasiyanı əldə etmək olmur. Yenilənən məlumatlar yalnız komitə sədrinin görüşləri, səfərləri ilə bağlı olur. Görülən işlər barədə məlumatlara az yer verilir. Araşdırma, təhlili yazılar, demək olar ki, yox dərəcəsindədir.

Digər tərəfdən, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə məxsus saytın yalnız Azərbaycan dilində təqdim olunması əcnəbi jurnalistlərin məlumat almaq imkanlarını məhdudlaşdırır. Əksər nazirlik və şirkətlərdə rüblər üzrə hesabatların saytda yerləşdirilməsində ləngimələr müşahidə edilir. Çox vaxt saytların "press-relizlər" linkindən hansısa xəbəri götürmək qeyri-mümkün olur.

Əlbəttə, yaxşı saytlar da göstərmək olar. AMEA-nın Rəyasət Heyətinin, Fizika İnstitutunun, BDU-nun, ATU-nun, BSU-nun, TQDK-nın, İqtisadi İnkişaf, Vergilər və Daxili İşlər nazirliklərinin və s. saytları nümunəvi və informasiya ilə dolğundur. Lakin AMEA-nın   bəzi humanitaryönümlü institutlarının saytları illərlə dəyişməyən elanı xatırladır. Əksər ali məktəblərin saytları da oxşar vəziyyətdədir. Bu işlə bağlı ciddi tədbirlər görülməlidir. Axı məhz bu qurumlar informasiya müharibəsinin önündə olmalıdır. Onlarda əli qələmli adamlar, mütəxəssislər istənilən qədərdir. Buradan belə çıxır ki, idarəçiliyin özündə problemlər mövcuddur.

İnformasiya ilə iş, onu bilmək, ondan cəmiyyətin xeyrinə istifadə etmək ustalığı yaşadığımız müasir dövrün əsas şərtlərindən biridir. İnformasiya almaq azadlığı və informasiya mədəniyyətinin səviyyəsi həm də dünyamızın inkişaf potensialının göstəricisidir. Ona görə də bu sahəyə yönəldilən dövlət vəsaitlərinin səmərəliliyi, hazırlanan mütəxəssislərin səviyyəsi ümummilli problemlər sırasındadır. Prezident İlham Əliyev cəmiyyətin bütün sahələrinin modernləşdirilməsi siyasəti aparır. Həmin siyasətin informasiya tərəfi bütün vasitələrlə təmin edilməlidir.

Əlbəttə, bir yazıda bütün nazirlik və komitələrin internet saytlarının vəziyyətini təhlil etmək qeyri-mümkündür. Ümumilikdə demək olar ki, respublikamızın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi və siyasi plüralizmin genişlənməsi cəmiyyətdə açıq informasiyaya  ictimai tələbatı daha da artırır. Məhz bu tələbatın təmin olunması zərurəti kütləvi informasiya vasitələrinin ictimai həyatda xüsusi rolunu şərtləndirir.

Bununla belə, aparılan sorğular göstərir ki, mətbuat xidmətləri tədricən öz fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun qurmağa, mətbuatla qarşılıqlı etimadı təmin etməyə, informasiyaları operativ şəkildə KİV-də yerləşdirməyə maraqlı görünürlər. Proseslərin gedişi göstərir ki, mətbuatın fəaliyyətində özünü büruzə verən mənfi məqamlar aradan qalxdıqca bu müsbət tendensiya güclənəcək, mətbuat xidmətlərinin KİV-lə münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində inkişaf edəcək.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2012.- 14 noyabr.- S.9.