Sənaye məhsulu istehsalında özəl sektor üstünlük təşkil edir

 

  Cari ilin yanvar-avqust aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 23 milyard manat məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənayenin qeyri-neft bölməsinin əksər sahələrində istehsalın həcminin artması nəticəsində bölmənin ümumi artımı 7,9 faiz təşkil etmişdir.

Lakin neft sektorunda məlum səbəblərə görə bir qədər azalma müşahidə olunmuşdur. Sənaye məhsulunun 76,5 faizi mədənçıxarma, 18,2 faizi emal, 4,8 faizi elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,7 faizini təşkil etmişdir. Ümumi istehsalın 92,3 faizi sənaye mallarının (əmtəələrin), 7,7 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.

İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla belə, cari ilin avqust ayında sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatları 39,7 milyon manat artaraq sentyabr ayının əvvəlindən 301,6 milyon manat olmuşdur. Ehtiyatların çox hissəsi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində yerələşən sənaye müəssisələrinin anbarlarında qalmışdır.

Hesabat dövründə mədənçıxarma bölməsində istehsalın həcmi 17,6 milyard manat olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsindən 5,5 faiz az olmuşdur. Bu dövrdə xam neft hasilatı 29,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 11,4 milyard kubmetr təşkil etmişdir. Neft hasilatında azalma müşahidə edilsə də, qaz hasilatı 5,7 faiz artmışdır.

Emal bölməsində 8 ay ərzində qida məhsullarının istehsalı 8,9 faiz artmışdır. Ən çox istehsalı artan qida məhsulları kolbasa məmulatları, duru bitki yağları, marqarin və kərə yağlarıdır.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezinplastmas məmulatarı müəssisələri tərəfindən 157,8 milyon manatlıq məhsul istehsal edilmişdir. Bu sahədə ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artım müşahidə edilmişdir. Eyni zamanda, kimya sənayesinin bir sıra sahələrində də çoxalma qeydə alınmışdır.

Ölkədə aparılan nəhəng tikinti-abadlıq işləri tikinti materialları sənaye müəssisələrində məhsul artımına təkan vermişdir. Bunun nəticəsidir ki, hesabat dövründə tikinti materialları sənayesində əvvəlki ilin eyni dövrü ilə müqayiəsdə 22,7 faiz çox məhsul istehsal edilmişdir.

Son illər metallurgiya sənayesi sürətlə inkişaf edərək ölkənin iqtisadi həyatında önəmli rol oynayan sahələrdən birinə çevrilib. Metallurgiya sənayesi və hazır metal məmulatları istehsalı sahəsində 302,8 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bu dövrdə istehsalın həcmi metallurgiya sənayesində 13,8, hazır metal məmulatlarının itstehsal sahəsində 76,2 faiz artmışdır. Cari ilin 8 ayı ərzində sahə üzrə 3,2 dəfə çox  çuquntökmə, 154,1 min ton poladtökmə məhsulları, 42,5 min ton polad borular istehsal edilmişdir.

Ölkədə bir sıra məhsulların yerli istehsalı gündən-günə artır. Keçən ilin 8 ayı ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə artmışdır. Bu dövrdə 151 ədəd güc transformatorları, 3,3 min ədəd məişət soyuducuları istehsal edilmiş, televizorların istehsalı 39,4 faiz artmışdır. Eyni zamanda, ölkəmizdə 105 ədəd yük avtomobili, 122 ədəd minik avtomobili, 578 ədəd traktors. məhsullar istehsal edilmişdir.

Dövlət tərəfindən ölkənin dayanıqlı və fasiləsiz enerji ilə təmin edilməsi məqsədilə mühüm işlər görülmüşdür. Yeni stansiyalar tikilmiş, enerji verilişi xətləri təzədən qurulmuşdur. Bunun nəticəsidir ki, ölkəmiz özünü lazım olduğu qədər enerji ilə təmin etməklə bərabər elektrik enerjisiixrac edə bilir. Elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 8 ay ərzində 1095,2 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə sahədə 74,4 faizlik artım əldə edilmişdir. Ölkədə 14 milyard kilovat-saatya 10,2 faiz çox elektrik enerjisi istehsal olunmuşdur. İstehsal olunan elektrik enerjisinin 89,6 faizi istilik elektrik stansiyalarının payına düşmüşdür.

Cari ilin yanvar-iyul aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 169 min nəfər, onlaın orta aylıq əməkhaqqı isə 14,1 faiz artaraq 591,8 manat təşkil etmişdir. İşçilərin 35,9 mini mədənçıxarma, 80,1 mini emal, 29,8 mini elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 23,1 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışlar. Əməkhaqqının daha çox artımı əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, avtomobil və qoşquların, ağac emalı və ağacdan məmulatların istehsalı, kimya sənayesi, neft məhsullarının, hazır mebel məmulatlarının, zərgərlik və s. sahələrdə çalışan işçilərdə müşahidə olunmuşdur. Qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əməkhaqqı artaraq 699,1 manat təşkil etmişdir.

 

 Rüstəm KAMAL,

Azərbaycan.-2012.- 3 oktyabr.- S.6.