UNESCO-nun baş direktoru dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə bəyanat
yaymışdır
UNESCO-nun
baş direktoru İrina Bokova dahi Azərbaycan şairi Nizami Gəncəvinin
anadan olmasının 870 illik
yubileyi münasibətilə bəyanat yaymışdır.
AzərTAc xəbər verir ki, bəyanatda
deyilir: "Dahi şair və mütəfəkkir Nizami Gəncəvi
ümumbəşəri dəyərə malik bir alimdir. Bu il
onun 870 illik yubileyinin keçirilməsi mədəniyyətlərarası
dialoqa bir çağırışdır və UNESCO təşkilatı
bu yubileydə iştirakdan çox böyük şərəf
hissi duyur.
Nizami yaradıcılığı bəşəriyyətin
müxtəlifliyini, bilik və kamillik yolu ilə zamanın
axarını dəyişməyə
çalışmasını təbliğ edir, ləyaqətli,
ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir.
Onun əsərləri mədəniyyətin
xalqlar arasında körpü salmasını və ictimai
şüuru təcəssüm etdirir. Hələ o dövrlərdə
Nizami Gəncə şəhərinin kitabxanalarından,
İslam dünyasının hər bir tərəfindən
olan əsərləri - tərcümələri, qədim əsərlərin
təfsirlərini, müxtəlif dillərdə olan
poemaları və elmi işləri əldə edə bilirdi.
XII əsrdə olduğu kimi, bugünümüzdə də
bu mədəni müxtəliflik bir imkan kimi hesab oluna bilər.
Mədəniyyətlərin yaxınlaşmasına öz
töhfəmizi vermək üçün mədəni, eyni
zamanda mövcud bilik mübadiləsini genişləndirməklə
birgə işləyə bilərik.
Heç şübhəsiz, Nizaminin ədəbi
irsi Azərbaycan, Mərkəzi Asiya və digər ölkələrdə
insanların həyatına çox böyük təsir
göstərmişdir. "Ruhumu sevgiyə qərq edin"
humanist çağırışı
yaşadığımız qeyri-müəyyən zaman
üçün bir ilhamdır. Bu çağırış
"Sülhün müdafiəsi xanımların və
kişilərin şüurlarında qurulmalıdır"
kimi UNESCO-nun yaradılma konsepsiyasını özündə əks
etdirir. Bu xüsusda Nizami irsinin və xatirəsinin əbədiləşdirilməsi
ilə bağlı Azərbaycanın dövlət
qurumlarının və Gəncə şəhərinin səylərini
ürəkdən alqışlayıram".
Azərbaycan.-2012.-
3 oktyabr.- S.7.