İtaliyada keçirilən «Musica Dei Popoli» Beynəlxalq musiqi festivalında azərbaycanlı xanəndənin ifası maraqla qarşılanmışdır

 

 İtaliyada "Musica Dei Popoli" Beynəlxalq musiqi festivalı keçirilmişdir.

AzərTAc xəbər verir ki, beynəlxalq tədbirdə ölkəmizi tanınmış xanəndə Qoçaq Əsgərov təmsil etmişdir.

Sentyabrın 29-da böyük salonda minlərlə tamaşaçı qarşısına çıxan musiqiçilərimizin ifasında Azərbaycan muğamları, xalq mahnıları təsniflər təqdim olunmuşdur. Tamaşaçılar musiqiçilərimizin çıxışlarını, xüsusilə xanəndə Qoçaq Əsgərovun ifasında muğam xalq mahnılarımızı alqışlarla qarşılamışlar.

Konsert proqramının gedişində Q.Əsgərovun bir müddət əvvəl İtaliyada buraxılan diski satışa çıxarılmışdır. Azərbaycan muğamının pərəstişkarları diski böyük maraqla əldə etmişlər.

Həmişə olduğu kimi, "Musica Dei Popoli" Beynəlxalq musiqi festivalında da xanəndəni  tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət etmişlər.

 

 

Azərbaycan.-2012.- 3 oktyabr.- S.8.