Milli Məclisin payız sessiyasının ilk iclası keçirildi

 

 Dünən Milli Məclisin 2012-ci il payız sessiyası öz işinə başladı. Dövlət himni səsləndikdən sonra parlamentin ilk iclası keçirildi.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, 2012-ci ilin yaz sessiyasında Milli Məclisin 13 iclası keçirilib, 128 qanun və qərar qəbul olunub. Parlamentin beynəlxalq əlaqələri  daha da inkişaf edib. Milli Məclisin nümayəndə heyətləri bir sıra beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Deputatlar Rusiyada, Türkmənistanda keçirilən prezident seçkilərini, Qazaxıstan, Serbiya, Əlcəzair və Belarusda keçirilən parlament seçkilərini müşahidə ediblər.

Beynəlxalq əlaqələri daha da inkişaf etdirmək üçün Milli Məclis bir neçə Latın Amerikası ölkələri ilə əməkdaşlığa başlayıb, yeni parlamentlərarası işçi qrupları yaradılıb.

Oqtay Əsədov qeyd etdi ki, bu sessiyada bir sıra zəruri qanun layihələrinin qəbul edilməsi nəzərdə tutulur. Həmin qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim ediləcək. Payız sessiyasında "Dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirəyə çıxarılıb qəbul ediləcəkdir.

İclasın gündəliyinə münasibət bildirildikdən sonra Oqtay Əsədov diqqətə çatdırdı ki, son zamanlar Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə verilməsi və Prezident İlham Əliyev tərəfindən əfv olunması ilə bağlı Azərbaycana qaşı qərəzli qətnamələr qəbul olunur: "Bu hadisədən sonra Azərbaycana qarşı çox qızışdırıcı qətnamələr qəbul olunur. Azərbaycana təsirlər göstərilir. Bu yaxınlarda həmin təsiri Avropa Şurası Parlament Assambleyasının spikerlərinin görüşündə də hiss elədim. Erməni deputatlar çıxış etməyə başlayan kimi bu məsələni qaldırdılar. Mən bildirdim ki, Ramil Səfərovun Azərbaycana verilməsi beynəlxalq hüquq normalarına əsaslanır. Bu məsələni şişirtməklə  Ermənistan, həm onun lobbisi, həm də onun havadarları status-kvonu saxlamaq niyyətindədirlər. Ancaq biz deyirik ki, status-kvo qəbuledilməzdir. Ramil Səfərov məsələsinin şişirdilməsi münaqişənin həllini daha da müşkül vəziyyətə sala bilər. Mən çox şadam ki, Azərbaycan Prezidentinin saytını ermənilər çox diqqətlə izləyirlər. Ancaq yaxşı olardı ki, onlar öz prezidentlərinin saytına baxsınlar. Öz prezidentlərinin verdiyi müsahibələrə baxsınlar ki, ölkələrinin dövlət başçısı  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı soyqırımında iştirakı ilə fəxr edirbu insanlar indi bizə demokratiya dərsi vermək istəyirlər. Buna çox təəssüf edirəm".

Milli Məclisin Sədri onu da bildirdi ki, bir çox avropalı deputatın Ermənistana ekstradisiya edilən insanlar, onların əməlləri haqqında xəbərləri belə yoxdur. Ona görə də Ermənistan məsələdən sui-istifadə edir. Ancaq buna baxmayaraq bəzi beynəlxalq qurumlar yenə də Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməyi nəzərdə tutur. Hazırda isə AŞ PA-nın bürosunun toplantısı keçirilirbu qurum da Ramil Səfərov məsələsini gündəliyə daxil etmək istəyir.

Məhz bu səbəbdən Oqtay Əsədov təklif etdi ki, gələcəkdə də belə bir qətnamələri qabaqlamaq üçün Milli Məclis xüsusi komissiya yaradaraq bəyanat qəbul etməli və bu bəyanat bütün beynəlxalq təşkilatlara, parlamentlərə göndərilməlidir. Spikerin təklifi qəbul edildi  komissiya yaradıldı. Komissiyanın sədri Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, üzvlər Mübariz Qurbanlı, Rəfael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Rasim Musabəyov və Sədaqət Vəliyeva təyin edildi.

Sonra deputat Mübariz Qurbanlı çıxış edərək bildirdi ki, bu məsələ ilə bağlı komissiyanın yaradılması çox vacib məsələdir. Çünki erməni lobbisi bu məsələdən istifadə edərək Azərbaycanın əleyhinə kampaniyalar təşkil edir. Ancaq Azərbaycan cəmiyyəti bu məsələdə eyni mövqedədir və dövlət başçısı İlham Əliyevin yanındadır. YAP-ın təşkilatçılığı ilə keçirilən toplantıda 18 siyasi partiyanın Avropa Parlamentinə göndərdiyi etiraz bəyanatı isə erməniləri qorxuya saldı. İşğalçı ölkəyə bir daha aydın oldu ki, Azərbaycan cəmiyyəti Dağlıq Qarabağ məsələsinin həllində də öz Prezidentinin yanında olacaq.

Spiker Oqtay Əsədov bildirdi ki, bu məsələdə tək erməni lobbisi deyil, başqa-başqa dövlətlər də Azərbaycana təzyiq göstərməyə çalışırlar. Deputat Fəzail Ağamalı isə təklif etdi ki, Milli Məclis ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etsin. Parlamentin  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ramil Səfərovla bağlı məsələnin beynəlxalq təşkilatların gündəliyindən çıxarılmasının tərəfdarı olduğunu söylədi. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti bilməlidir ki, beynəlxalq qurumların indiyədək qəbul etdiyi bütün bəyanat və qətnamələr eyni formadadır. Azərbaycanın xeyrinə qəbul edilən heç bir qətnamə yerinə yetirilməyib. Deputat Qüdrət Həsənquliyev isə son zamanlar dünyada islamafobiya meyillərinin gücləndiyini bildirərək Azərbaycana qarşı ögey münasibətin haradan qaynaqlandığının bəlli olduğunu söylədi.

Milli Məclisin Sədri Oqtay Əsədov da bunu təsdiqləyərək bəzi qüvvələrə öz etirazını bildirdi: "Bu gün Avropadakı islamafobiya bizi narahat edir. Biz müsəlman ölkəsi olduğumuzu inkar etmirik, amma biz islam respublikası deyil, dünyəvi ölkə qururuq. Sanki bir qrup şəxs Azərbaycanın Avropa ailəsinə daxil olmağa maneçilik törədir. Əgər bizi Avropa ailəsinə qəbul etmək istəmirsinizsə, deyin bilək! Azərbaycan artıq inkişaf etmiş bir ölkədir və Azərbaycan xalqı dözümlü xalqdır. Bura qədər dözmüşüköz mübarizəmizi aparmalıyıq. Gec-tez əsl həqiqət bilinəcək".

Deputat Siyavuş Novruzov isə təklif etdi ki, Milli Məclisdə yaradılan bu xüsusi komissya daimi fəaliyyət göstərsin. Çünki beynəlxalq təşkilatların Azərbaycana qarşı mövqeyi bəllidir. Deputat həmçinin qeyd etdi ki, son zamanlar bəzi xarici qüvvələr Azərbaycan - İran münasibətlərini yenə də pozmağa cəhd edirlər. Bu qüvvələrə dəstək vermək olmaz.

Çıxış edən deputatlar Zahid Oruc, İqbal Ağazadə və Fərəc Quliyev də erməni lobbisinin fəaliyyəti və ASALA terror təşkilatının təhdidləri ilə bağlı beynəlxalq aləmin məlumatlandırılmasının vacibliyini bildirdilər. 

Çıxışlardan sonra gündəlikdə nəzərdə tutulan ilk məsələ - Milli Məclisin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi başlandı. Müzakirələr zamanı çıxış edən deputatlar Musa Qasımlı, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, İqbal Ağazadə, Musa Quliyev, İlyas İsmayılov, Astan ŞahverdiyevSiyavuş Novruzov qanunvericilik işləri planını müsbət qiymətləndirdilər. Bildirildi ki, işlər planında payız sessiyasında ölkənin ictimai-siyasi həyatı üçün vacib qanun layihələrinin müzakirələri nəzərdə tutulub. Bununla yanaşı bir neçə sənədin də işlər planına salınması məqsədəuyğundur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirdi ki, rəhbəri olduğu komitə Milli Məclisin deputatlarının Etik Davranış Kodeksi ilə bağlı yeni qanun layihəsi hazırlayıb. Əgər parlament rəhbərliyi icazə verərsə, komitə həmin sənədi payıs sessiyasının gündəliyinə daxil edə bilər. Həmin sənəddə deputatın Milli Məclisdən kənardakı davranış qaydaları da öz əksini tapacaq.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə son zamanlar İran-Azərbaycan münasibətlərini pozmağa cəhd edən qüvvələrə səsləndi: "İranla Azərbaycanın dostluq münasibətləri var. Kiminproblemi var, getsin öz problemini həll etsin". Z.Əsgərov bəzi qüvvələri Azərbaycana və azərbaycanlılara problem yaratmaqda, İranla Azərbaycanın arasını vurmaqda günahlandırdı: "İran Azərbaycanın, Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır. Bəzi ABŞ konqresmenləri Cənubi Azərbaycanla bağlı çıxışlar edirlər. Bu çıxışlar Azərbaycana səmimiyyətdən irəli gəlmir. Yaxşı olardı ki, həmin konqresmen ABŞ Prezidenti qarşısında Minsk qrupunun həmsədrləri ilə bağlı məsələ qaldıraydı. Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur".

Qısa fasilədən sonra Milli Məclis işini davam etdirdi. Deputat Sədaqət Vəliyeva Milli Məclisin Avropa Parlamentinin 2012-ci il 13 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Bəyanatının mətnini oxudu. Qısa müzakirələrdən sonra Bəyanat təsdiq olundu. (Bəyanatın mətni qəzetin bugünkü nömrəsində dərc olunub).

Deputatlar "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavələr edilməsi barədə Milli Məclisin qərar layihəsinə də müsbət münasibət bildirdilər.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə layihəni müzakirəyə təqdim etdi. Əsasnamədə göstərilir ki, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" medalı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştiraka, ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Bu medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda "Tərəqqi" medalından sonra taxılır. Qanun layihəsi təsdiq olundu.

Əli Hüseynli Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 570-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsini də müzakirəyə təqdim etdi. Bildirdi ki, Azərbaycan sözügedən Konvensiyaya Bəyanat və qeyd-şərtlərlə qoşulub. Bəyanat Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalı ilə bağlıdır. Ölkəmiz Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə ərazilər azad olunana qədər təminat vermir. Qeyd-şərtlərdə göstərilən məsələlər  isə artıq Azərbaycanın milli qanunvericiliyində öz əksini tapıb. Deputatlar məsələyə müsbət münasibət bildirdilər.

 Əli Hüseynlinin məlumatından sonra "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi də təsdiq olundu.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi.  Hadi Rəcəbli çıxışında bildirdi ki, layihəyə əsasən "Əmək pensiyaları haqqında" qanunun 9-cu (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər), 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr), 26-cı (Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması), 29-cu (Əmək pensiyalarının artırılması və indeksləşdirilməsi), 37-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) maddələrində göstərilən hüquqların fövqəladə hallar orqanlarında çalışanlara da şamil olunması təklif edilir. Qanun layihəsi təsdiq olundu.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı məsələ haqqında məlumat verdi. Qeyd etdi ki, qanunun 8-ci maddəsinin üçüncü hissəsində "daxili işlər" sözlərindən sonra "fövqəladə hallar" sözlərinin əlavə edilməsi təklif olunur. Qanun layihəsi təsdiq olundu.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə layihələri təqdim etdi. Komitə sədrinin sözlərinə görə, qanunlara təklif olunan dəyişikliklərə əsasən bu orqanların işçiləri fövqəladə hallar orqanlarına işə keçərkən onların əvvəlki xidmət illərindəki staj qorunub saxlanılır. Qanun layihələri təsdiq olundu.

İclasda "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilməsi barədə digər bir məsələ də müzakirə edildi. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki, qanunun 19-cu maddəsinə (Əmək pensiyasının baza hissəsinə əlavələr) edilən dəyişikliyə əsasən əlil olmayan Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğində əlavənin edilməsi təklif olunur. Hazırda bu məbləğ 50 faizdir. Qanun layihəsi təsdiq olundu.

Deputatlar "Notariat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə məsələlərə də müsbət münasibət bildirdilər. "Notariat haqqında" qanunun 49-cu maddəsindəki dəyişiklikdə göstərilir ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. "Dövlət rüsumu haqqında" qanunun 18-ci maddəsindəki dəyişiklik isə sürücülük vəsiqəsinin  dəyişdirilməsinə görə 15 manat rüsum ödənilməsini nəzərdə tutur.

Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsini müzakirəyə təqdim etdi. Qısa müzakirədən sonra layihə təsdiq olundu.

İclasda son olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  dedi ki, Məcəlləyə edilən dəyişikliklərə əsasən zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulmasına görə cərimələrin artırılması təklif olunur. Qanun layihəsi təsdiq olundu.

Bununla da Milli Məclisin 2012-ci ilin payız sessiyasında ilk iclası başa çatdı.

 

 

Azərbaycan.-2012.- 2 oktyabr.- S.2-3.