Türkiyənin Baş naziri: «Ermənistan
və onun havadarları bilsinlər ki, azərbaycanlı
qardaşlarımızın hüquqları bərpa olunmayanadək
bizim mövqeyimiz dəyişməyəcəkdir»
Ankarada Türkiyənin hakim Ədalət
və İnkişaf Partiyasının ("AkParti")
qurultayı keçirilmişdir.
Qurultayda Avropa,
Asiya, Afrika qitələrindən 200 siyasətçi, o
cümlədən Yeni Azərbaycan Partiyası sədrinin
müavini - icra katibi Əli Əhmədovun və Milli Məclisin
deputatı Eldar İbrahimovun daxil olduqları Azərbaycan
nümayəndə heyəti iştirak etmişdir.
Azərbaycan
nümayəndə heyəti, həmçinin
"AkParti"nin sədri Rəcəb Tayyib Ərdoğanın
dost və qardaş ölkələrdən gəlmiş
nümayəndə heyətlərinin şərəfinə
verdiyi ziyafətdə iştirak etmişdir.
Qurultayda
çıxış edən Türkiyənin Baş naziri və
"AkParti"nin sədri Rəcəb Tayyib Ərdoğan
qonaqları salamlayaraq rəhbərlik etdiyi siyasi partiyadan,
hökumətin daxili və xarici siyasətindən ətraflı
bəhs etmişdir. Onun iki saatdan çox davam edən nitqində
Azərbaycana, bölgənin digər dost və qardaş
ölkələrinə salamları
çatdırılmış, regionda vəziyyətlə
bağlı rəsmi Ankaranın mövqeyi təqdim
edilmişdir.
Rəcəb
Tayyib Ərdoğan vurğulamışdır ki, Dağlıq
Qarabağ və Kipr məsələsində Türkiyənin
mövqeyi dəyişilməz olaraq qalır. Ermənistan, ermənilər,
onların havadarları bilsinlər ki, azərbaycanlı
qardaşlarımızın hüquqları bərpa olunmayanadək
bizim mövqeyimiz dəyişməyəcəkdir.
Qurultayda
"AkParti"nin sədri və yeni idarə heyəti
seçilmişdir. Türkiyənin 81 vilayətini təmsil edən
1895 nümayəndənin iştirakı ilə
keçirilmiş səsvermə nəticəsində Rəcəb
Tayyib Ərdoğan yenidən partiyanın sədri
seçilmişdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-2012.-
2 oktyabr.- S. 3.