Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyası işə başlamışdır

 

 Oktyabrın 1-də  Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) İcraiyyə Komitəsinin 63-cü sessiyası öz işinə başlamışdır.

Oktyabrın 5-dək davam edəcək sessiyada üzv dövlətlərin, müşahidəçi qismində İcraiyyə Komitəsinin üzvü olmayan ölkələrin nümayəndələri, BMT agentliklərinin və nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatların təmsilçiləri iştirak edirlər.

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş sessiyanı açaraq gündəlikdəki məsələlərdən danışmış, ötən sessiyadan sonra görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış etmişdir.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov çıxış edərək sessiya iştirakçılarını salamlamış, bu il Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinə üzv seçilməsində ölkəmizə dəstək göstərmiş bütün dövlətlərə və ali komissar A.Quterreşə dərin və məzmunlu çıxışına görə təşəkkür edərək demişdir: Azərbaycan hökuməti BMT QAK-la əməkdaşlığa həmişə yüksək qiymət vermiş və təşkilatın istər ölkəmizdə, istərsə də beynəlxalq səviyyədə fəaliyyətini daim dəstəkləmişdir. Təəssüf ki, son iki il BMT QAK-ın fəaliyyəti üçün gözlənilməz humanitar böhranlarla zəngin olmuşdur. Bir sıra Afrika və ərəb ölkələrində baş vermiş kütləvi köçmə halları BMT QAK-ın üzərinə uzun müddət ərzində məcburi köçkün düşmüş insanlarla yanaşı, yeni qaçqın və məcburi köçkünlərin problemləri ilə məşğul olmaq vəzifəsi də qoymuşdur. Biz BMT QAK-ın yeni böhran vəziyyətlərinə vaxtında cavab vermək qabiliyyətini alqışlayırıq və ölkəmizdə irimiqyaslı məcburi köçkün probleminin olmasına baxmayaraq, dünyanın müxtəlif yerlərində baş verən humanitar böhranların aradan qaldırılmasına dəstək verməyə davam edirik.

Uzun müddət davam edən məcburi köçkündüşmə problemindən əziyyət çəkən ölkələrdən birinin də Azərbaycan olduğunu vurğulayan Ə.Həsənov bildirmişdir ki, respublikamız müstəqilliyinin ilk illərindən qonşu Ermənistanın yürütdüyü xarici işğaletnik təmizləmə siyasəti nəticəsində ərazilərimizin 20 faizinin işğalı və 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdir. İyirmi ildən çox keçməsinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına və evlərinə qayıdışı məsələsi hələ də həll olunmamışdır.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin ətraf rayonları tamamilə dağıdılmışdır. ATƏT-in iki missiyası - faktaraşdırıcı və qiymətləndirmə missiyaları həmin ərazilərə səfər zamanı hər şeyin dağıdıldığını və həmin ərazilərə başqa ölkələrdən etnik ermənilərin köçürüldüyünü təsdiq etmişlər. İşğal altında olan ərazilər kimsənin yaşaya bilməyəcəkləri xarabalıqlara çevrilmişdir. Bütün infrastruktur darmadağın edilmiş, qəbiristanlıqlar, məscidlər  yerlə-yeksan olunmuş, toponimlər dəyişdirilmişdir. Həmin ərazilərdə bərpa və məcburi məskunlaşdırma prosesi davam edir. Bu, münaqişənin real mənzərəsi olmaqla, Ermənistan tərəfindən törədilir.

Azərbaycan hökumətinin ölkədə qaçqın və məcburi köçkün problemi yarandığı gündən öz üzərinə düşən vəzifələri yerinə yetirdiyini diqqətə çatdıran Baş nazirin müavini demişdir:  Hökumətimiz tərəfindən BMT QAK da daxil olmaqla, bir sıra beynəlxalq donorların köməyi ilə qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün xeyli tədbirlər görülmüşdür. Ölkədə mövcud olan 12 çadır düşərgəsindən sonuncusu 2007-ci ildə ləğv edilmiş, Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastruktura malik 71 müasir qəsəbə salınmış, 23 min  ailənin - 120 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Ermənistandan qovulmuş 250 minOrta Asiyadan olan 50 min qaçqına Azərbaycan vətəndaşlığı verilmişdir. Son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur ki, bunun da 900 milyonu beynəlxalq humanitar təşkilatların payına düşür. Görülən tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlər arasında yoxsulluğun həddi 74 faizdən 18 faizə enmişdir. Cənab Quterreş Azərbaycana səfər edərək görülmüş işlərin və əldə olunmuş nailiyyətlərin şəxsən şahidi olmuşdur.

Bu irəliləyişlərin əldə edilməsinin Azərbaycan hökumətinə heçasan başa gəlmədiyini və problemin tam həll olunmadığını deyən Ə.Həsənov vurğulamışdır ki, 400 min  məcburi köçkün hələ də yaşayış üçün əlverişsiz olan  tikililərdə, çətin şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyacı vardır. Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə dünyada ilk yerlərdən birini tutur. Bir milyon qaçqın və məcburi köçkünə qayğı göstərmək həddindən artıq böyük bir yükdür. Bu problemin yeganə həlli Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasıdır. Lakin Azərbaycandakı 700 min məcburi köçkün atəşkəsin əldə olunmasından 18 il keçməsinə baxmayaraq, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz evlərinə qayıda bilmir.

Qeyd etmək lazımdır ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarının zəruriliyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və bir sıra beynəlxalq təşkilatların sənədlərində vurğulanmışdır və beynəlxalq birliyin bu tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün olduqca vacibdir.

Düşünmək olmaz ki, uzun müddət ərzində məcburi köçkün düşmüş insanları yaşayış yeri ilə təmin etməklə, onların sosial  problemlərini həll etməklə bu problem vaxt keçdikcə öz-özünə keçib gedəcəkdir. Xatırlatmaq istərdim ki, uzunmüddətli məcburi köçkündüşmə hallarına beynəlxalq ictimaiyyətin biganəliyi beynəlxalq sülh və təhlükəsizlik üçün əsl təhdiddir. Bunu nəzərə alaraq, biz beynəlxalq birliyi məsələyə hərtərəfli ədalətli mövqe nümayiş etdirməyə, yalnız humanitar xarakterli fəaliyyətlə kifayətlənməyərək, problemi doğuran səbəblərin aradan qaldırılması üçün zəruri siyasi addımlar atmağa səsləyirik. Bu, BMT QAK daxil olmaqla, məsələ ilə məşğul olan beynəlxalq təşkilatların humanitar yükünü də azaltmış olar.

Azərbaycan hökuməti BMT QAK  və digər beynəlxalq təşkilatlarla birgə məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün "Böyük qayıdış" proqramı hazırlayır və məcburi köçkünlərin öz evlərinə könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtması üçün əlindən gələni etməyə hazırdır.

Baş nazirin müavini demişdir: Azərbaycan BMT QAK-ın mandatına və fəaliyyətinə möhkəm inanır və biz mövcud qanunvericiliyimizin ən yüksək beynəlxalq standartlara cavab verəcək şəkildə ahəngdarlığı üçün qətiyyətlə çalışırıq. Bu baxımdan,  hazırda yeni miqrasiya məcəlləsi üzərində   yekunlaşmaqdadır. Keçən ilin dekabrında Nazirlər Konfransı zamanı edilmiş vədlərə tam sadiqikbu məsələlərdə beynəlxalq tələblərə riayət olunması üçün BMT QAK-la yaxından əməkdaşlığımız davam etməkdədir.

Sonda təəssüflə bildirməliyəm ki, BMT QAK-ın araşdırmalarına əsasən son illərdə dünyada baş verən münaqişələr və təbii fəlakətlər nəticəsində qaçqın və xüsusilə də, məcburi köçkün problemi daha da böyümüşdür. Dünyada məcburi köçkün probleminin geniş miqyasını nəzərə alaraq, mən bir daha beynəlxalq birliyə, o cümlədən BMT QAK-a müraciət edərək, məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquqda mövcud olan boşluğun tezliklə aradan qaldırılmasına, müvafiq beynəlxalq konvensiya layihəsinin hazırlanmasına  çağırıram. Bu, həm də məcburi köçkünlərin problemlərinin həllində  bütün tərəflərin öz öhdəliklərini yerinə yetirməsi baxımından çox mühüm bir addım olardı.

Sessiya öz işini davam etdirir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Cenevrə

 

Azərbaycan.-2012.- 2 oktyabr.- S. 3.