Xocavəndlilər doğma
yurdlarına qayıdacaqlarına əmindirlər
Ötən əsrdə
Dağlıq Qarabağda məqsədli və
planlı şəkildə iş aparan ermənilər hər vəchlə bu yerlərin əzəli və əbədi
sahibləri olan azərbaycanlıları
sıxışdırır, qədim tarixə malik
kəndlərimizin inzibati ərazisi heç bir zərurət olmadan ləğv edilir, əhalisi başqa
yerə köçürülür, yaxud da başqa
kəndlərlə birləşdirilir, tarixi
adlar təhrif olunur, dəyişdirilirdi.
Məqsəd isə öz məkrli niyyətlərini
həyata keçirmək, ərazilərimizi mənimsəmək
idi. Ermənilərin 1987-ci ildən
başladıqları etnik
separatçılıq hərəkətləri tez bir zamanda
artıq silahlı basqına və terrora keçmişdi. Avtobuslar,
maşınlar, adamlar atəşə tutulur, günahsız insanlar
həlak olurdular. Bütün
bunlara qarşı respublika
rəhbərliyindən heç bir cəza tədbirinin görülmədiyini
və reaksiya verilmədiyini görən
ermənilər daha da
azğınlaşaraq növbəti qanlı planlarını
hazırlayırdılar. Keçmiş İttifaq rəhbərlərinin birtərəfli
mövqeyi, ermənilərə
qarşı ilıq münasibəti, istər dolayısı,
istərsə də açıq-aşkar havadarlıq etməsi
göz qabağında idi.
Qədim yurd yerlərimiz oda
qalanır, dinc insanlar
vəhşiliklə qətlə yetirilirdi.
Bütün bunlar Qarabağ dərdli məmləkətimizin bir bölgəsinin üzləşdiyi
qanlı faciələr idi. Dörd il ərzində
Xocavəndin azərbaycanlılar yaşayan
kəndləri ermənilərin hücumuna
məruz qalır, demək olar ki, hər gün bir qanlı hadisə törədilirdi. Erməni qəsbkarları və muzdlu
döyüşçülərlə gedən qeyri-bərabər
döyüşlərdə rayonun azərbaycanlı
kəndləri qarış-qarış itirildi.
1991-ci il oktyabrın 30-da rayonun
azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, 1991-ci
il noyabrın 15-də Xətai kəndi,
1991-ci il noyabrın
19-da Xocavənd kəndi, 1992-ci il
yanvarın 9-da Axullu kəndi işğala məruz qaldı. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər
törətdilər, kənd əhalisinin böyük
bir qismini xüsusi amansızlıqla qətlə yetirərək əsl soyqırımı həyata
keçirdilər. 1992-ci il oktyabr ayının 2-də isə rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü ilin 23 iyul tarixində isə
Günəşli kəndi Ermənistan silahlı qüvvələri
və onların havadarları tərəfindən işğal edilərək
yandırıldı.
1991-ci ilin
noyabrında Martuni və Hadrut
rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ərazisi 1458 kvadratkilometr,
əhalisi 41300 nəfər, o cümlədən
azərbaycanlılar 10795 nəfər təşkil edirdi. Rayonun inzibati ərazisində bir
şəhər, 2 qəsəbə və 81 kənd mövcud olmuşdur ki, onlardan da
10-da azərbaycanlılar yaşamışdır. Rayonun inzibati mərkəzi
Xocavənd şəhəridir. Relyefi əsasən
dağlıq (Qarabağ silsiləsinin cənub-qərb
kənarı), şərqdə və cənub-şərqdə
əsasən dağətəyi düzənliklərdən
ibarət olan kənd təsərrüfatı
rayonudur. Ağdam,
Ağcabədi, Füzuli, Cəbrayıl,
Qubadlı, Laçın və Xocalı rayonları ilə həmsərhəddir.
Xocavənd rayonunun ərazisi kiçik
Qafqaz dağ silsiləsinə
aid edilən Kirs, Ziyarət,
Ərgünəş, Tuğ və Qaraçuğ dağları ilə əhatələnir.
Bu dağların bəzi sahələri istisna edilməklə hamısı
enliyarpaqlı ağaclar sinfindən olan palıd, cökə, fıstıq, vələs
meşəsi ilə örtülmüşdür.
Meşə zolağının
qurtardığı yerdən başlayaraq
bütün dağətəyi
yamacların əksər hissəsi Alp
çəmənliklərinə malikdir ki, bu da
əsrlər boyu Xocavənd əhalisi üçün heyvandarlıq təsərrüfatının
inkişafına misilsiz xidmətlər
göstərmişdir. Xocavənd rayonunun
Qırmızı Bazar qəsəbəsi ərazisində
diametri 600 sm, hündürlüyü 25 metr
olan bir ədəd
1000 və eyni ölçülərə
uyğun 2000 yaşlı şərq
çinarı təbiət abidəsi kimi
qorunurdu. Rayon ərazisində
respublikanın "Qırmızı kitabı"na daxil olmuş III dövrün relikt
növünə aid ağaclar
da mühafizə olunurdu.
Respublikanın
digər regionlarından fərqli olaraq
Xocavənd iqtisadi regionunda
faydalı qazıntılar əsasən inşaat
materialları kateqoriyasına aid edilir. Üzlük
daşı istehsalına yararlı və ehtiyatları 2034 min kubmetr olan
Edişə, ehtiyatları 989 min ton olan, əhəng
istehsalına yararlı Xocavənd əhəngdaşı
yataqları var. Xocavənd ərazisi, xüsusilə
dağətəyi zonaları qrunt və mineral suları ilə zəngindir. Bu suların bəzilərini tərkibindəki
zəngin mineral maddələr və özünün müalicə əhəmiyyəti
ilə respublikada tanınan bir çox məşhur mineral sularla müqayisə
etmək olar.
1960-cı
illərin sonlarında Xocavənd rayonunun Tuğ və Salakətin kəndlərinin
yaxınlığında yerləşən Azıx
mağarasından tapılan qədim insanın qalıqları
sübut etdi ki, Azərbaycan ərazisi hələ qədim
insanın Daş dövründən
yaşayış məskəni üçün
əlverişli olmuşdur. Bundan əlavə
Enolit, Tunc və Dəmir
dövrlərinə aid xeyli
qalıqlar vardır.
Rayon ərazisində olan "Nərgiztəpə"
maddi mədəniyyət abidəsi Orta Tunc dövrünə
aid qədim yaşayış yeri, ölkə əhəmiyyətli
arxeoloji abidədir. Burada rast gəlinən müxtəlif
tarixi dövrlərə aid maddi mədəniyyət nümunələri
özünəməxsus xarakterik əlamətlərinə
görə Azərbaycanın digər bölgələrindən
tapılmış nümunələrdən fərqlənir.
"Kitabi-Dədə Qorqud" dastanında bəhs olunan hadisələrin
bəziləri Qaraçuğ dağı və Nərgiztəpə
ərazisində baş vermişdir. Qaraca Çobanın bu ərazidə
yaşadığı, müəyyən edilmiş nəhəng
qəbir qalıqlarının ona məxsus olması iddia
olunur.
Rayonun iqtisadiyyatında
üzümçülük, heyvandarlıq, quşçuluq,
taxılçılıq və bostançılıq
üstünlük təşkil etmişdir. İqlimi yayda
çox yerdə mülayim, qışı isə
yağıntılı keçən soyuqdur. Bitki
örtüyündə kolluq çəmənlər,
enliyarpaqlı meşələr üstünlük təşkil
edir. Nisbətən böyük çayları, Xonaşen,
Köndələnçay, Qozluçay, Quruçay
çayları Araz çayı hövzəsinə aiddirlər.
Xocavənd rayonu üzümü və yaşıl mərməri
ilə məşhur olmuşdur. Rayon ərazisindəki
Bağırxan, Qırmızı Bazar, Mədə
bulağı , Baba bulağı kimi istirahət zonaları min
bir dərdin dərmanı idi.
Xocavənd
rayonu 1992-ci il
oktyabrın 2-də Ermənistan silahlı birləşmələri
və onların havadarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan
10 kəndində 1723 yaşayış evi
ermənilər tərəfindən yandırılaraq əmlakları
talan edilmiş, 47 sənaye, 144 kənd təsərrüfatı
obyekti dağıdılaraq viran edilmişdir. Erməni
vandalları tərəfindən 17 təhsil müəssisəsi,
4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə
müəssisəsi, 59 mədəniyyət obyekti,
10 tarixi abidə
dağıdılmışdır. Rayonun infrastrukturuna
aid olan 12 rabitə
qovşağı, 341 km avtomobil
yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti
dağıdılmış, talan edilərək
yararsız hala salınmışdır. İşğal nəticəsində vurulmuş maddi, mənəvi
ziyanla bərabər, rayonun
bitki və meşə örtüyünə
də böyük miqdarda
zərər dəymişdir. Belə ki, rayonun 1202 ha meşə
sahəsindəki qiymətli ağac
növləri qırılaraq məhv edilmişdir.
4 il ərzində ermənilərə
qarşı inadlı müqavimət göstərilmiş, bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilmişdir. Qeyri-bərabər
döyüşlərdə rayonun
uşaqlı-qadınlı, cavanlı - qocalı bütün sakinləri qəhrəmanlıqla
iştirak etmişlər. Xocavənd rayonunun təkcə Qaradağlı kəndində
baş verənlər bunu
təsdiqləyir. Ermənilərlə qeyri-bərabər
mübarizədə 4 ay mühasirədə
qalan kənd 77 nəfər şəhid vermişdir. Bu, kənd əhalisinin
hər 10 nəfərindən biri deməkdir.
Xocavəndlilər öz ata-baba
yurdlarının müdafiəsi uğrunda
145 nəfər şəhid vermişdir, bu da rayonun
azərbaycanlı əhalisinin hər 50 nəfərindən biri deməkdir. Zorla cəlb
olunduğumuz bu ədalətsiz
müharibədə rayon sakinlərindən
300 nəfərdən çox insan sağlamlığını itirmiş və ya əlil
olmuş, 243 uşaq
valideynlərindən birini, 68 qadın həyat
yoldaşını itirmişdir. Müxtəlif
dövrlərdə girov götürülmüş
110 nəfər dinc sakindən 49 nəfəri
əsir və girovluqda olarkən erməni
terroru və vəhşiliyinin qurbanı olmuş, bir ailədən
olan 3 uşaq hər iki valideynini itirmişdir. Lakin bütün itkilər, ağrı və
acılar rayonun mərd, cəsur
insanlarını heç bir
vaxt sarsıtmamışdır.
Dünyanın
ən ağır adı, ən böyük
dərdi olan "qaçqın" həyatının
çətinliklərini ləyaqətlə dəf edən
xocavəndlilər heç vaxt ümidlərini itirməmiş, doğma yurda qayıtmaq
inamı heç vaxt
onları tərk etməmişdir. Bu gün talelərinə məcburi köçkünlük həyatı yaşamaq qisməti düşən xocavəndlilər
Azərbaycan dövlətinin böyük
qayğı və diqqəti ilə əhatə olunublar. Məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması dövlətimizin
daim diqqət mərkəzindədir. Məcburi
köçkün
soydaşlarımızın müvəqqəti olaraq rahat yaşamaları
üçün bütün
infrastruktura malik yeni qəsəbələr tikilir,
insanlar hər cür
rahatlığı olan evlərdə məskunlaşırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük
diqqət və qayğısı nəticəsində Xocavənd
rayonundan olan məcburi
köçkünlər üçün
Beyləqan rayonu ərazisində hər cür şəraitə malik
yeni qəsəbə inşa
edilmişdir. Həmin qəsəbənin
2008-ci il oktyabrın 4-də
açılışı mərasimində Prezident
İlham Əliyevin iştirak
etməsini və rayon sakinləri ilə səmimi
görüşünü xocavəndlilər
minnətdarlıq hissi ilə
xatırlayır və rayon əhalisinə
göstərilən yüksək qayğı kimi
qəbul edirlər. Bu qayğı və
diqqətin nəticəsidir ki, bu gün rayon
əhalisinin böyük bir
qismi müasir,
yaraşıqlı evlərdə yaşayırlar. Hazırda həmin
qəsəbə rayonun inzibati
mərkəzi kimi formalaşmaqdadır.
Xocavənd Rayon İcra
Hakimiyyəti başçısı aparatı və digər icra strukturları öz fəaliyyətlərini
burada davam etdirirlər.
Qəsəbə günbəgün abadlaşır, daha müasir görünüş alır. Qəsəbədə
inşa olunan Bayraq meydanı və parkın, rayon polis və təhsil
şöbələri üçün müasir tipli inzibati binaların və müasir
tələblərə cavab verən idman zalının tikintisi
yekunlaşmaq üzrədir. Qəsəbədə
müasir tipli ATS
quraşdırılmış, fərdi evlərin və icra strukturlarının
telefonlaşdırılması işləri demək olar ki, başa
çatdırılmışdır. Xocavənd rayonundan olan məcburi
köçkünlərin məskunlaşdıqları
"Xocavənd" , "Yeni Xocavənd",
"Yeni Tuğ" və
"Yeni Qaradağlı" qəsəbələrinin
təbii qazla təmin olunması məqsədilə
qazlaşdırma işləri də yekunlaşmaq
üzrədir. Bütün bunlar ölkəmizin dinamik
inkişafının göstəriciləri, dövlət
başçısının apardığı məqsədyönlü
siyasətin nəticəsidir. Lakin Xocavənd
rayonundan olan hər bir məcburi köçkün
özlərini yeni yurd
yerlərinin müvəqqəti sakinləri bilir
və Prezident İlham
Əliyevin rəhbərliyi altında tezliklə öz doğma
yurdlarına qayıdacaqlarına əmindirlər.
Qarabağ müharibəsi haqqında tarixi həqiqətləri,
xalqımızın üzləşdiyi faciə və
soyqırımları ölkə və dünya
ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə
bir sıra işlərin həyata
keçirilməsi tərəfimizdən təmin edilmişdir. Belə ki, Ermənistan ordusunun Xocavənd rayonunun
Qaradağlı kəndində törətmiş olduqları
soyqırımı cinayəti ilə bağlı Azərbaycan,
ingilis və rus dillərində
"Soyqırım: Qaradağlı", 2012-ci il tarixdə isə həmin sənədli filmin davamı olan
"Soyqırımı Qaradağlı davam
edir..." sənədli filmi
dörd dildə Azərbaycan, ingilis, rus və fransız
dillərində çəkilmiş, yayılması və
yayımlanması təmin edilmişdir. Bundan əlavə,
Şuşa şəhərinin Ermənistan
respublikası tərəfindən işğal
olunmasının 20-ci ildönümü
ilə bağlı "Ruhum
Qarabağlıdır" sənədli filmi
çəkilmişdir və Qarabağ mövzusuna yanaşmada bir yenilik olması
baxımından bu film
çox təqdirəlayiqdir.
Vətənimizin ərazi bütövlüyü uğrunda
canlarından keçmiş şəhidlərin
əziz xatirəsini əbədiləşdirmək məqsədi
ilə Xocavənd rayonunun "Nərgiztəpə"
ərazisində memorial "Şəhidlər"
abidə-xatirə kompleksi
yaradılmışdır. Abidə kompleksinin yaradılmasında əsas məqsəd
şanlı tariximizi yaşatmaqla
bərabər, eyni zamanda,
böyüməkdə olan gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə
olunmasına diqqəti artırmaqdır ki,
artıq rayonun ümumtəhsil məktəblərində
təhsil alan şagirdlərin buraya ekskursiyaları təmin olunur və bu ekskursiyalar zamanı şagirdlərə verilən
bilgilər onların düşüncələrinə əhəmiyyətli
dərəcədə təsir edir.
Eyni zamanda çoxlu sayda gənclərin,
ölkənin tanınmış ziyalılarının və Milli Məclisin deputatlarının buranı,
Dağlıq Qarabağımızın bir
hissəsini ziyarət etmələri Qarabağa
olan sevginin, istəyin
bariz nümunəsidir.
Xocavəndin
müharibə görən insanları yaxşı bilirlər
ki, müharibə hansı fəlakətlər
törədir. Müharibə anaların göz
yaşı, itkilər, ağrı, acı və faciələr
deməkdir. Təbii ki,
ölkə başçısı da bu məsələnin sülh
yolu ilə həll olunması üçün gərgin iş
aparır, beynəlxalq hüquq
normaları, eləcə də beynəlxalq təşkilatların
qəbul etdiyi qərarlar əsasında məsələnin
həllinə nail olunmasına
çalışır.
Azərbaycan üçün müharibə hələ
bitməyib, biz yalnız döyüşləri
uduzmuşuq. Hazırda işğal
edilmiş torpaqlarımızı hər an azad etməyə qadir güclü ordumuz var. Bu gün
Xocavəndin mərd və qorxmaz sakinləri
bir istək, bir amal uğrunda
yaşayırlar: nə qədər gec deyil Ermənistan dövləti öz
xoşu ilə, heç
bir şərt irəli sürmədən
işğal etdikləri torpaqlardan
çıxmalıdırlar. Əks təqdirdə onların
törətmiş olduqları cinayətlərin, dinc azərbaycanlı əhalisinin
başına gətirdikləri faciələrin qisası döyüş meydanında alınacaqdır.
Bugünkü Azərbaycan dövləti
Dağlıq Qarabağın işğal olunduğu dövrdəki Azərbaycan deyil. İndi qüdrətli
dövlətimiz, qətiyyətli Ali Baş Komandanımız var.
Və bu gün
vətən həsrəti, qisas hissi ilə yaşayan xocavəndlilər
bir nəfər kimi
torpaqlarımızın yadelli
işğalçılardan təmizlənməsi, ərazi bütövlüyümüzün təmin olunması
üçün hər an
silaha sarılmağa, ön
cərgələrdə döyüşməyə
hazırdırlar.
Eyvaz HÜSEYNOV,
Xocavənd
Rayon İcra Hakimiyyətinin başçısı,
"Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"
İctimai Birliyinin İdarə Heyətinin
üzvü
Azərbaycan.-2012.-
2 oktyabr.- S. 5.