Bakıda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyi böyük təntənə ilə
qeyd edilmişdir
Xəbər verildiyi kimi, ölkəmizdə
Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik
yubileyinə həsr olunmuş silsilə tədbirlər
keçirilir.
AzərTAc xəbər verir ki, dahi
mütəfəkkirə həsr edilmiş tədbirlər
oktyabrın 1-də Heydər Əliyev Sarayında davam
etdirilmişdir.
Sarayın foyesində dahi söz
ustadı ilə bağlı
hazırlanmış kitab və rəsm əsərlərindən
ibarət sərgi qonaqlar tərəfindən böyük
maraqla izlənilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
"Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin 870 illik yubileyinin keçirilməsi
haqqında" 2011-ci il 23 dekabr tarixli sərəncamını
tədbir iştirakçılarının diqqətinə
çatdırmışdır. Bildirmişdir ki, Nizami Gəncəvinin
qüdrətli qələmi ilə 800 il bundan əvvəl
meydana gələn Şərq, o cümlədən Azərbaycan
intibahının qızıl səhifələri
yazılmışdır. O, bəşəriyyətin bədii
söz aləminə "Xəmsə" adlı xəzinə
verməklə milli və bəşəri dəyərlərin
tamamilə yeni bir mənzərəsini yaratmışdır.
Dahi şair söz meydanında elə bir nizam
yaratmışdır ki, 800 ildən bəri Şərqdə və
Qərbdə, Şimalda və Cənubda, "Nizami" kəlməsi
şair sözünün sinonimi kimi səslənməkdədir.
Bu ilin əvvəlindən Azərbaycan Prezidentinin müvafiq sərəncamına
uyğun olaraq ölkəmizin bütün şəhər və
rayonlarında silsilə tədbirlərin keçirilməsinə
başlanılmışdır. Bu tədbirlərin zirvəsi
iki gün əvvəl Gəncə şəhərində -
böyük şairin vətənində,
yaşadığı doğma torpaqda çox möhtəşəm
təntənə ilə və xeyli sayda qonaqların
iştirakı ilə həyata keçirilmişdir. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə bu il İtaliyanın Roma
şəhərində Avropada ilk olaraq böyük
şairimizin abidəsi ucaldılmışdır. Həmçinin
sentyabrın 30-da Gəncədə "Xəmsə"nin tam
külliyyatı təqdim olunmuş və bu töhfələrə
görə biz, bütün Nizamisevərlər və mədəniyyət
ictimaiyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevaya təşəkkürümüzü
bildiririk.
Baş nazirin müavini Elçin Əfəndiyev
Nizami Gəncəvi dühası, onun bəşəri
irsi, dahi şairin
yaradıcılığını tədqiq edənlərin sənətkarla
bağlı gəldikləri qənaət haqqında geniş
məlumat vermişdir. Bildirmişdir ki, onun 68 illik
ömründən (1141-1209-cu illər) qalan mirasın bədii
estetik, ictimai-fəlsəfi mahiyyəti və miqyası nəinki
68 ilin, hətta aradan keçən 870 ilin təcrübələrinə
sığışmır. Ona görə Nizami daim
müasirdir və qərinələrin
çağdaşıdır. Təsadüfi deyildir ki, onun əsərləri
əsrlər boyu tədqiq olunsa da, bu günün özündə
də nizamişünaslıq yeni-yeni mülahizələr
söyləyir və elmi-nəzəri mübahisələr
aparılır. Əsrlər bir-birini əvəz etdikcə
Nizami ədəbi irsi hər dəfə yeni nəzəri-estetik
baxış bucağı tələb edir.
Elçin Əfəndiyev
vurğulamışdır ki, 30 il bundan əvvəl
Ümumittifaq səviyyəsində
dahi Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi
məhz ulu öndər Heydər
Əliyevinin şəxsi nüfuzu sayəsində
mümkün olmuşdur. O
vaxtdan illər keçir, dünyanın siyasi xəritəsi və
ictimai quruluşu kökündən dəyişir, ancaq Nizami
irsinə heç bir ziyan dəymir. Əksinə, Nizaminin
doğma xalqı ilə mənəvi təması daha da
artır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin
dahi şairin 870 illik yubileyinin keçirilməsi ilə
bağlı müvafiq sərəncamı
çox əhəmiyyətlidir.
Yubiley tədbirində Misirin məşhur
İsgəndəriyyə Kitabxanasının direktoru
İsmayıl Səragəldin, Qazaxıstan
Respublikasının UNESCO-dakı daimi nümayəndəsi
Oljas Süleymenov, xalq yazıçısı Anar, Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,
İtaliya Şərqşünaslıq İnstitutunun
professoru, türkoloq Mikeli Bernandini dahi şairin irsinin əhəmiyyətindən
danışmışlar. Rəsmi çıxışlardan
sonra tədbir maraqlı konsert proqramı ilə davam
etmişdir.
Azərbaycan.-2012.-
2 oktyabr.- S. 6.