Elmar VƏLİYEV: Nizami Gəncəvinin yubiley
tədbirlərində dünyanın 45 ölkəsindən 156 nümayəndənin
iştirakı təqdirəlayiq hadisədir
Dahi Azərbaycan
şairi Nizami Gəncəvinin yubiley tədbirlərində
dünyanın 45 ölkəsindən 156 nümayəndənin
iştirakı təqdirəlayiq hadisədir. Bu insanların hər
biri ayrı-ayrılıqda Nizami Gəncəvinin həyat və
yaradıcılığının tədqiqinə və
böyük mütəfəkkirin dünya miqyasında təbliğinə
öz töhfəsini vermişdir.
Bu sözləri Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə
bağlı yubiley tədbirlərində iştirak etmək
üçün Azərbaycana gəlmiş
qonaqlar və Gəncə ziyalıları ilə birlikdə
dahi şairin Bakıdakı abidəsini ziyarət edərkən
jurnalistlərə müsahibəsində demişdir.
Bildirilmişdir ki, Azərbaycan Prezidenti
İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi
haqqında" 2011-ci il 23 dekabr tarixli sərəncamına
müvafiq olaraq Gəncə Şəhər İcra Hakimiyyəti,
Mədəniyyət və Turizm və Təhsil nazirlikləri,
eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə
tədbirlər planı hazırlanmış və
bütün il boyu silsilə tədbirlər
keçirilmişdir. Son tədbir, yəni yubiley tədbirləri
sentyabrın 29-30-da Gəncə şəhərində
reallaşmış, burada beynəlxalq konfrans
keçirilmişdir.
E.Vəliyev nəzərə
çatdırmışdır ki, Nizami Gəncəvi adına
Beynəlxalq Mərkəzin ilk təsis
yığıncağı Gəncə şəhərində
keçirilmişdir. Almaniyanın, Böyük Britaniyanın,
Avstriyanın və Rusiyanın kitabxanalarından Nizami Gəncəvinin
əsərlərinin orijinalları
respublikamıza gətirilmişdir. Bundan əlavə, məşhur
İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər
Akademiyasının prezidenti İsmayıl Səragəldinin
köməyi ilə Nizami Gəncəvinin əsərlərinin
bir neçə nüsxəsinin orijinalından bir neçə
səhifə əldə etmişik. Bu istiqamətdə işlər davam
etdiriləcəkdir.
Tədbirlərin yüksək səviyyədə
təşkil olunmasından danışan E.Vəliyev dahi
Nizamı irsinin təbliğinə yaratdığı əla
şəraitə görə bütün gəncəlilər
adından dövlət başçısına minnətdarlığını
ifadə etmişdir. O, həmçinin Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın təşəbbüsü ilə
Nizaminin əsərlərinin həm külliyyat formasında, həm
ayrı-ayrılıqda artıq nəşr olunduğunu diqqətə
çatdırmış, bu istiqamətdə işlərin
davam etdiriləcəyini söyləmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
2 oktyabr.- S. 6.