Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Gəncədə başlayan 870 illik yubiley tədbirləri sentyabrın 30-da başa çatmışdır

 

 Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Vətəni Gəncədə keçirilən 870 illik yubiley tədbirləri sentyabrın 30-da başa çatmışdır.

Şəhər ictimaiyyəti nümayəndələrinin və qonaqların iştirakı ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Himayədarlar Şurasının təsis yığıncağından sonra Gəncə Şəhər İcra Hakimiyyətində dahi şairin 870 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlamışdır.

Konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq dünyanın nadir şəxsiyyətlərindən olan Nizami Gəncəvinin bəşər tarixinə verdiyi əvəzsiz incilərdən danışmış, onun yaratdığı əsərlərin bundan sonra da min illərlə aktual olacağını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Nizami Gəncəvinin yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi, əxlaqi ideyalar parlaq şəkildə öz əksini tapmışdır. Dahi şair üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq olmuşdur. O, əsərlərində təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, doğma vətəni Azərbaycanı tərənnüm etməyə çalışmışdır. Bu baxımdan Nizami Gəncəvi yaradıcılığında Vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Buna görə də ümummilli lider Heydər Əliyev Nizami Gəncəvi yaradıcılığına çox böyük qiymət verərək deyirdi ki, bu əsərlər təkcə şeirdən ibarət deyildir. Onların hər birində böyük elm, fəlsəfə və dahi fikirlər vardır. Buna görə də onun əsərləri də, özü də yaşayır və yaşayacaqdır.

Ulu öndər Heydər Əliyev hələ 1975-ci ildə Nizami Gəncəvinin irsinin öyrənilməsi, təbliği ilə bağlı mühüm tədbirlər görmüş, 4 mühüm sərəncam imzalamışdır. Dahi şairin irsinin öyrənilməsinə diqqət və qayğı bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək yubiley münasibətilə bütün Azərbaycan xalqını təbrik etmiş və demişdir ki, Nizami Gəncəvi yaradıcılığı tədqiqatçılar üçün böyük yaradıcılıq mənbəyidir. Əsrlər, qərinələr bir-birini əvəz etsə də Nizami irsi hələ də tədqiqat mövzusu olaraq qalacaq. Onun yaradıcılığı ilə təkcə Şərq tədqiqatçıları deyil, eyni zamanda Avropa şərqşünasları da məşğul olmuşlar. Bu da onu göstərir ki, Nizami yaradıcılığı Şərqlə Qərbin fəlsəfi, bədii estetik sintezi, vəhdətidir. O, bir tərəfdən Aristoteli, Platonu mənimsəmişdirsə, o biri tərəfdən də Firdovsini, İbn Sinanı mənimsəmişdir. Bu baxımdan mütəfəkkir şairin dünyagörüşündə bu iki aləmin vəhdəti yaranmışdır. Nizami yaradıcılığının gücü, qüdrəti onda idi ki, hansı mövzuya yanaşırdısa, həmin mövzunu özününkü edirdi.

Sonra Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanov məruzə ilə çıxış edərək Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanmış sərəncamı milli-mədəni irsimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi sahəsində dəyərli töhfə olduğunu qeyd etmişlər. Demişlər ki, dahi şairin əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incilərindəndir. Bu əsərlər bəşəriyyətin yetişdirdiyi böyük dühaların yaratdığı ölməz abidələr arasında özünə ən layiqli yeri tutur. Nizami Gəncəvi müstəsna şəxsiyyətdir ki, xalqımızın soykökünə xas olan ən yaxşı xüsusiyyətləri - istedad, ağıl, vicdan, şərəf, bəsirət və uzaqgörənlik kimi xüsusiyyətləri özündə birləşdirir.

Natiqlər daha sonra demişlər ki, bu gün dahi söz ustadının 870 illik yubileyinə uzaq ölkələrdən də çoxlu sayda tanınmış alimlər gəlmişdir. Bu da onu göstərir ki, Nizami yaradıcılığı bu gün də aktualdır və dünya xalqları onu qəbul edir, əsərlərini böyük həvəslə oxuyur, tədqiq edirlər.

Konfransda Misirin İsgəndəriyyə kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti İsmayıl Seragəldin, Latviyanın sabiq  prezidenti xanım Vaira Vike-Freiberg, Qırğızıstanın sabiq prezidenti, professor Roza Otunbayeva, Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumət Komissiyasının sədri Valter Füst, Türkiyənin sabiq mədəniyyət naziri Namik Zeybək, İngiltərə Kral Akademiyasının rəhbəri, Oksford Universiteti Linkoln Kollecinin professoru Baronessa Susan Greenfield və başqaları çıxış edərək Şərq xalqlarının ədəbiyyatına son dərəcə yüksək humanist ideyalar və yeni sənətkarlıq nailiyyətləri gətirərək yeni istiqamət açan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığını təhlil etmiş, xalq yaradıcılığından bəhrələnməklə möhtəşəm əsərlər yaratdığını diqqətə çatdırmışlar.

UNESCO-nun Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva qurumun baş katibi İrina Bokovanın və Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəlin təbrik məktublarının mətnlərini oxuduqdan sonra konfrans öz işinə yekun vurmuşdur.

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti ilə Misirin İsgəndəriyyə, Türkiyə, Gürcüstan və Kəşmir Milli kitabxanaları arasında əməkdaşlıq haqqında niyyət protokolu və Gəncə şəhəri ilə Tacikistanın Xocənd şəhəri arasında "Qardaşlaşmış şəhərlər" sazişi imzalanmışdır. Bununla da Nizami Gəncəvinin vətəni Gəncədə başlanan yubiley tədbirləri başa çatmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 2 oktyabr.- S. 6.