FİFA-nın prezidenti Yozef Blatter və İTAR-TASS agentliyi
baş direktorunun birinci müavini və şef-redaktoru Mixail Qusman futbol və Azərbaycan
haqqında söhbət etmişlər
2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək şərəfinə layiq görüləcək şəhərlərin və stadionların adlarını elan etmək məqsədilə Moskvada səfərdə olan FİFA-nın prezidenti Yozef Blatter İTAR-TASS agentliyi baş direktorunun birinci müavini və şef-redaktoru Mixail Qusmana məxsusi müsahibə vermişdir.
Yozef Blatter FİFA-ya rəhbər təyin ediləndə bu təşkilata cəmi 146 ölkə üzv idi. Bu gün isə FİFA-nın üzvü olan ölkələrin sayı 209-a çatmışdır. M.Qusman söhbətə belə bir sualla başlamışdır: "FİFA ən iri beynəlxalq təşkilatdır. Bu cür nəhəng strukturu necə idarə etmək mümkün olduğunu təsəvvürə gətirmək çətindir".
Y.Blatter bu sualın cavabında bildirmişdir ki, FİFA-da 1975-ci ilin fevral ayından işləyir. O vaxt FİFA-nın cəmi 11 əməkdaşı vardı. Y.Blatter özü sayca 12-ci əməkdaş olmuşdur. Lakin bu müddətdə FİFA-da çox dəyişikliklər baş vermiş və FİFA-nın prezidenti vəzifəsində Blatterin sələfi Joao Avelanj bəyan etmişdir ki, futbol dünya idman növünə çevrilməlidir. Bundan sonra Avelanj həmin ideyanı və idmanın bu növünü irəlilətməyə qadir olan insan axtarmağa, sponsorlar aramağa başlamışdır. Çünki o vaxt FİFA-nın, ümumiyyətlə, pulu yox idi. Y.Blatter o vaxt 38-39 yaşlarında idi. Bu işin öhdəsindən gələ biləcəyini bildirmişdi. FİFA prezidenti deyir: "Tezliklə, 1981-ci ilin oktyabr ayında mən FİFA-nın katibi, 1998-ci ilin iyun ayında isə təşkilatın prezidenti oldum. Bu müddətdə futbol bütün planetdə geniş yayılmışdır. Burada təkcə futbolun yeni ölkələrdə populyarlaşması deyil, həm də o fakt nəzərdə tutulur ki, hazırda 300 milyon nəfərin bu oyuna birbaşa aidiyyəti vardır". Y.Blatterin fikrincə, indiki mürəkkəb şəraitdə dünya futbolunu idarə etmək çətin, lakin xoş missiyadır.
Bu gün vəziyyətin çox təhlükəli olduğu Suriyada, Hələbdə futbol oynayırlar. Əfqanıstanda isə futbol liqası vardır. FİFA prezidenti deyir: "Əfqanıstanda, daha sonra İraqda xarici qoşunların olduğu bütün beş il müddətində futbol oynamışlar. Dünyanın hər yerində futbol oynayırlar və bu oyun insanları birləşdirir. O, emosiya mənbəyidir və insanların birlikdə yaşayacağına ümid oyadır. Bütün bunlar futbol deməkdir".
Federasiya başçısının fikrincə, FİFA-nın genişlənmə sürəti fenomenal olmuşdur. Bu təşkilat keyfiyyətcə yeni səviyyəyə çatmışdır. Onun əsas parametrləri namuslu oyun prinsiplərinə əsaslanan intizam, hörmət, mübarizlik ruhu, cəmiyyətə xidmət, sosial və mədəni funksiyaların yerinə yetirilməsidir. Prezident Y.Blatter demişdir: "Təbii ki, cəmiyyətimizin bütün naqislikləri - zorakılıq, dopinq, korrupsiya, dələduzluq, razılaşdırılmış matçlar kimi hallar bizə təsir göstərir. Cəmiyyətdəki bütün neqativ hallar oyuna da yol tapır və biz buna son qoymalıyıq".
Y.Blatter növbəti müddətə bu vəzifəyə seçiləndə 2011-ci ildə islahatlara yol xəritəsindən başladı. Bu tədbirin ilk nəticələri cari ildə Budapeştdə elan edilmişdir. O, bununla əlaqədar demişdir: "Bizdə yeni bir komitə yaradılmışdır. Audit və nəzarət komitəsi adlanan bu quruma maliyyə dairələrində çox məşhur olan müstəqil sədr Domeniko Skala başçılıq edəcəkdir. Bundan əlavə, bizdə müstəqil etika komitəsi fəaliyyət göstərir. Bu komitənin sədri hazırda ABŞ nümayəndəsi, çox təcrübəli və məşhur bir hakimdir. Məhkəmə departamentinə almaniyalı hakim rəhbərlik edir. Bu şöbə etika komitəsinə daxil olmuş bütün işlər üzrə qərarlar çıxarır".
M.Qusman qeyd etmişdir ki, FİFA prezidentinin sayəsində futbol üzrə dünya çempionatları qlobal miqyas almışdır. İndi bu çempionatlar Asiya və Cənubi Koreyada, Yaponiya və Afrikada, o cümlədən Cənubi Afrika Respublikasında da keçirilir. Rusiyada və Qətərdə də dünya çempionatı keçiriləcəkdir. 8 dünya çempionatının təşkil olunmasında FİFA prezidenti şəxsən iştirak etmişdir. Həmin çempionatlardan hansının daha yaxşı olması sualına Yozef Blatter belə cavab vermişdir: "Ən yaxşı çempionatlar hələ keçirilməmişdir". 1966-cı ildə Londonda futbol üzrə dünya çempionatında bakılı hakim Tofiq Bəhramovun ingilislər tərəfindən Almaniya komandasının qapısına vurulmuş qolun hesaba alınması barədə suala cavabında FİFA prezidenti demişdir: "Düz bir həftə bundan əvvəl Azərbaycandan gəlmişəm. Biz orada 17 yaşa qədər qızlar arasında dünya kuboku keçirirdik. Bu, yeni mədəni mühitdə yarışlar keçirilməsi ideyasının reallaşdırılmasına gözəl nümunədir. Orada milli stadionun qarşısında bir abidə ucaldılmışdır. Bu, futbol hakiminin şərəfinə ucaldılmış yeganə abidədir. Həmin hakim Tofiq Bəhramovdur". O vaxt baş vermiş hadisə barəsində federasiya prezidenti qeyd etmişdir ki, matça isveçrəli referi Qotfrid Dinst hakimlik edirdi. Tofiq Bəhramov isə yan xətt hakimi idi. Referi T.Bəhramova yaxınlaşaraq qol olub-olmadığını soruşanda sonuncu təsdiq cavabı vermişdi və həmin qol sayılmışdı. İndi isə buna oxşar hallarda biz texniki vasitələrin köməyindən istifadə edirik. Yüksək səviyyəli yarışlarda ən müasir texnologiyalar tətbiq edilir.
FİFA prezidenti qadın futbolunun yaranması məsələsinə toxunaraq demişdir: "Sizin Azərbaycan barədə söhbət açmağınız lap ürəyimdən oldu. Çünki Azərbaycan qeyri-adi ölkədir. Biz ilk dəfə olaraq müsəlman ölkəsində qadınlar arasında çempionat keçirdik. Azərbaycan müsəlman ölkəsidir. Onlar qadınlar arasında çempionatı öz ölkəsində təşkil etdilər. Bu, bütün dünyaya, bütün başqa mədəniyyətlərə ciddi siqnaldır - qızlar və qadınlar bu oyunu oynaya bilərlər. Lakin bəzi müsəlman ölkələrində qadınlar başqa ölkələrdəki qadınların malik olduğu hüquqların heç də hamısından istifadə etmək imkanına malik deyildirlər. Ona görə də bu hadisə çox önəmlidir. Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevlə söhbət etdim və çempionatın yaxşı təşkil olunması münasibətilə onu təbrik etdim. Bu hadisə bütün dünyada qadın futbolunun inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək, bütün dünyada qadınların hüquqları ilə bağlı vəziyyətin daha da yaxşılaşmasına müsbət təsir göstərəcəkdir".
Öz idman karyerasının başlanğıcında idman jurnalisti olmasını xatırlayan Yozef Blatter demişdir: "Beynəlxalq İdman Mətbuatı Assosiasiyası FİFA və Azərbaycan Futbol Federasiyası ilə birlikdə Azərbaycanda gənc jurnalistlər üçün seminar təşkil etmişdir. Mən indiyə qədər Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvüyəm və məni həmin tədbirdə çıxış etməyə dəvət etmişdilər. Gənc jurnalistlərə hansı arzularımı bildirmək istəyimi soruşanda mən belə dedim: Sizin dövrünüzdə idman mənim karyeramın başlanğıc illərindəkindən qat-qat artıq əhəmiyyət kəsb edir. Mən jurnalist kimi işləməyə başlayanda bütün jurnalistlər öz reportajlarını komandalardan birinin öz rəqibindən daha yaxşı çıxış etməsindən, havanın küləkli və ya əksinə, çox sakit olması, habelə oyunçulardan birinin qaydaları pozması, digərinin intizamlı olması, oyunun yaxşı idarə edilməsi kimi ümumi sözlərlə başlayırdılar. İndi isə idman bizim cəmiyyətin həyatının bir hissəsinə çevrilmişdir. Buna görə də indi jurnalistlər matçları mədəni, sosial baxımdan təhlil etməli, idmanın bu növünün əhəmiyyəti, qələbənin və ya məğlubiyyətin vacibliyi və nəticələri barədə danışmalıdırlar. Reportajda tənqid də olmalıdır, lakin müsbət məqamları, futbolun pozitiv tərkib hissələrini də vurğulamaq lazımdır. Mən gənc jurnalistlərə xəbərdarlıq etdim ki, futbol haqqında yazanda ifrata varmasınlar, təkcə pis cəhətləri görməsinlər. Bu gün dünyada belə bir yeni konsepsiya yaranmışdır ki, pis xəbərlər və ya xoşagəlməz yeniliklər yaxşı haldır, yaxşı xəbərlər isə o qədər də müsbət hal deyildir. Mən onlara məsləhət gördüm ki, detallara çox aludə olmasınlar, bütün diqqəti oyunun nəticəsi üzərində cəmləşdirməsinlər. Mənim karyeramın başlanğıcı barədə sizin sualınıza qayıdaraq işimdəki maraqlı bir məqam barədə söhbət aça bilərəm. Mən öz karyeramın başlanğıcında reportajlar yazırdım, özü də onları iki dildə - alman və fransız dillərində hazırlayırdım. Beləliklə, eyni bir məqaləni iki və ya üç müxtəlif mətbu orqana təqdim etməklə onların hamısı ilə əməkdaşlıq edə bilirdim. Bu yolla əlavə qazanc əldə edirdim və həmin qazancı təhsil haqqını ödəməyə sərf edirdim".
FİFA prezidenti vəzifəsindən gedəndən sonra nə ilə məşğul olacağı barədə sualın cavabında Y.Blatter bildirmişdir ki, yaxşı jurnalist işi nümunəsi göstərəcəkdir.
FİFA
prezidenti sonda demişdir: "Hakimiyyət sizin malik
olduğunuz şəxsi enerjinin, biliklərin və
tutduğunuz vəzifənin imkanlarının
kombinasiyasıdır. Burada əsas məsələ sizin
tutduğunuz vəzifə deyil, onun verdiyi hakimiyyət və səlahiyyətdir.
Bu hakimiyyəti isə siz yalnız o halda reallaşdıra bilərsiniz
ki, gördüyünüz işə inanasınız və nə
etdiyinizi biləsiniz. Ona görə ki, hakimiyyət bilik, təcrübə,
insanlara rəhbərlik etmək bacarığını nəzərdə
tutur. Siz həm özünüzə, həm də
başqalarına rəhbərlik etməyi
bacarmalısınız, bu, ən mühüm şərtdir.
Bir də gördüyünüz işin
düzgünlüyünə inanmalısınız. Hakimiyyət
bu beş tərkib hissədən ibarətdir. Lakin uğur
qazanmaq üçün altıncı element - bəxtinizin gətirməsi
də lazımdır. Əgər bəxtiniz gətirməsə
digər tərkib hissələrinin hamısı olsa belə
uğur qazana bilməyəcəksiniz.
AzərTAc
Azərbaycan.-2012.- 2 oktyabr.- S.7.