Milli Məclisdə görüş

 

 Oktyabrın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa senatorları ilə görüşdü. Qonaqları salamlayan Milli Məclisin Sədri bu cür səfərlərin ikitərəfli əlaqələrin inkişafında böyük rol oynadığını dedi. Ölkələrimiz arasında siyasi-iqtisadi sahədə münasibətlərin yüksək səviyyədə olduğunu deyən spiker mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyevin Fransaya son səfəri zamanı Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması bunun bariz nümunəsidir.

Oqtay Əsədov bildirdi ki, Fransa Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 4 milyard 600 milyon dollara yaxın olub. Cari ildə bu rəqəmin daha da yüksələcəyi gözlənilir. Fransa şirkətlərinin Azərbaycanda enerji sektorunda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran Milli Məclisin Sədri ölkəmizdə qeyri-neft sektorunda da biznes fəaliyyəti üçün geniş imkanların olduğunu vurğuladı.

Parlamentlərarası əlaqələrdən söz açan Oqtay Əsədov Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini dedi. Fransa parlamentində isə Qafqaz ölkələri üzrə dostluq qrupunun fəaliyyət göstərdiyini vurğulayan spiker qeyd etdi ki, Azərbaycanla əlaqələrə dair ayrıca qrupun yaradılması ikitərəfli münasibətlərə böyük töhfələr verər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, Fransanın da həmsədri olduğu ATƏT-in Minsk qrupu 20 ildir bu problemin həlli ilə məşğul olsa da, ortada bir nəticə yoxdur. İndiyədək beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin boşaldılmasını tələb edən müxtəlif sənədlər qəbul edilib. Amma təəssüf ki, problemin həllində qətiyyətsizlik var, qəbul olunan sənədlər kağız üzərində qalır. Bir il əvvəl Minsk qrupuna həmsədr ölkələrin prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsinin vacibliyini bəyan etsələr də, bu sahədə hələ dəyişiklik yoxdur.

Görüş üçün təşəkkürünü bildirən senator Ladislas Poniatovski Azərbaycanla Fransa arasındakı əlaqələrdən söz açdı. İqtisadi əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edən senator enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2012.- 3 oktyabr.- S.2.