Azərbaycandan namərdlik gözləməyin
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənovun "Mediaforum" saytına müsahibəsi
- "Röyter" agentliyi İsrailin
İrana mümkün hərbi müdaxiləsi haqda
araşdırma aparıb. Agentliyin araşdırmasına
görə, İsrail İrana hərbi müdaxilə edəcək
və müharibə dövründə Azərbaycanın hərbi
aerodromlarından, bazalarından yararlanacaq...
- Bu məlumatın heç
bir əsası yoxdur,
reallığa uyğun deyil.
Təəssüflər olsun
ki, son zamanlar
nəinki ayrı-ayrı şəxslər, qurumlar,
eyni zamanda böyük dövlətlər və onlara məxsus transmilli
şirkətlər də Azərbaycan-İran münasibətlərinin
korlanması, bu ölkələrin
bir-birinə qarşı etimadsızlığının
artırılması və Azərbaycanın məcburiyyət
qarşısında antiiran cəbhəsinə
cəlb olunması istiqamətində işə
başlayıb. Burada məqsəd birmənalıdır
və onun nədən ibarət olduğu bizə məlumdur. Bunu edənlərin məqsədi
Azərbaycanla İranın bir-birinə olan
etimadını azaltmaq, iki
ölkə arasındakı qonşuluq
razılaşmasını pozmaq və Azərbaycanı
antiiran cəbhəsinə cəlb edərək,
gələcəkdə bizim dövlət
vasitəsilə İranla bağlı
planlarını həyata keçirməkdir.
Ancaq biz İrana qarşı yönələn planlarda iştirakımızı inkar edirik. Azərbaycan heç bir antiiran cəbhəsində təmsil olunmur. Bu, keçmişdə
də olmayıb, indi də belədir və
gələcəkdə də olmayacaq. Biz İranla qonşu dövlətik, bu
ölkənin xarici əlaqələri də,
Azərbaycanın xarici siyasəti də
müstəqildir. İranın kiminlə dost,
kiminlə düşmən olması bu
dövlətin öz işidir.
Azərbaycanın kiminlə müttəfiq, dost,
tərəfdaş olması da bizim işimizdir. İlk dəfə deyil ki, Azərbaycan-İran münasibətlərinə
dair həqiqətə uyğun
olmayan məlumatlar yayılır. Bir müddət əvvəl "Foreign Policy", "Vaşinqton post" bunu etmişdi, indi isə "Röyter" belə bir məlumat
yayır. Bu məlumatları
birmənalı şəkildə
təkzib edirik.
"Röyter"in
son yazısında istinad
etdiyi istefada olan hansısa rus, azərbaycanlı hərbçilərinin hamısı
uydurmadır, belə bir mənbə yoxdur. Hətta belə bir mənbə varsa da, hansısa keçmiş hərbçi
onlara belə sözlər deyibsə də, bunların heç bir əsası yoxdur.
"Röyter"
yazını hazırlayarkən
Azərbaycanın rəsmi
qurumlarına müraciət
etməyib, rəsmi mövqe ilə maraqlanmayıb. Müraciət etsəydilər, belə bir yazı mütləq
gündəmdən çıxmalıydı,
dərc olunmamalıydı.
Rəsmi
qurumlardan mövqe öyrənilməməsi planlı
şəkildə edilib
və məqsəd yazının dərc edilməsi olub.
- Beynəlxalq mətbuatda belə informasiyalar yayılanda İranın buna münasibəti necə olur? Bu məlumatlar
İranın narahatlığına
səbəb olurmu?
Tehran Bakı ilə hansısa dəqiqləşdirmə aparırmı?
- İranın dövlət qurumları müvafiq olaraq bunlarla maraqlanır, qonşusunun bu məsələlərə münasibətini
öyrənir. Biz
də ən yüksək səviyyədə
məsələyə aydınlıq
gətiririk, arayış
veririk və İrana birmənalı şəkildə bildiririk
ki, Azərbaycandan namərdlik gözləməyin.
Onlara deyirik ki, biz sizə qarşı olan hücumlarda platsdarm olmayacağıq, bunu gözləməyin.
Prezident İlham Əliyev, dövlət başçısının
sözçüləri, yüksək
vəzifəli dövlət
rəsmiləri bunu dəfələrlə bəyan
ediblər.
- İsrail nümayəndələrinin Azərbaycana
səfərlərində, iki
ölkə rəsmilərinin
görüşlərində İran məsələsi
də müzakirə olunurmu? İsrail rəsmi Bakıya
hərbi bazalardan istifadə etmək təklifi veribmi?
- Biz xarici ölkələrlə münasibətlərimizi
sərbəst və Azərbaycanın maraqları
üzərində qururuq.
Əgər Azərbaycan maraqları
fonunda İsraillə İran arasında olan münasibətləri
müzakirə etmək
zərurəti yaranırsa,
gündəmə gəlirsə,
təbii ki, belə müzakirələr
olur. Amma bu müzakirələr
İsraildən İrana,
yaxud İrandan İsrailə qarşı
istifadə etmək məqsədi ilə aparılmır.
- ABŞ Konqresinin Nümayəndələr Palatasının
üzvü Deyn Rorabaher qurumun xarici əlaqələr komitəsinə azərbaycanlılarla
bağlı qətnamə
layihəsi təqdim edib. Bu layihəni
necə qiymətləndirirsiniz?
- Son zamanlar ABŞ-ın bəzi konqresmenləri səviyyəsində
Şimali və Cənubi Azərbaycanın
birləşdirilməsi kimi
fantastik ideya meydana atılır, bununla bağlı layihələr hazırlanır.
Guya İran dağılır, Cənubi
və Şimali Azərbaycan birləşir...
Bütün bunlar İranla
Azərbaycan arasında
etimadsızlığın artırılmasına, iki
ölkəni bir-birinə
savaşdırmağa hesablanmış
cəhdlərdir, bunu arzulayan qüvvələrin
işidir. Biz bunları birmənalı şəkildə pisləyirik.
Azərbaycan və İran
bir-birinin ərazi bütövlüyünü tanıyır.
Ona görə də bizim istər indiki, istərsə də gələcək planlarımızda, dövlət
siyasətimizdə, gələcək
hədəflərimizdə, strateji məqsədlərimizdə
İranın dağılması,
onun daxili işlərinə müdaxilə,
Cənubi və Şimali Azərbaycanın
birləşdirilməsi məsələləri
yoxdur. Biz belə bir ideya
üzərində işləmirik.
Bütün bunlara görə
ABŞ Konqresinə belə
bir qətnamənin təqdim olunmasını təxribat hesab edirik.
- Bəzi ekspertlər hesab edir ki, Azərbaycan
İranla bağlı
mövqe seçməkdə
gecikir. Yəni beynəlxalq ictimaiyyət
İrana qarşı mövqeyini sərtləşdirdiyi
halda rəsmi Bakı gözləyir.
Azərbaycan İranla bağlı
proseslərdə iştirak
edirmi? Sizcə, İran məsələsi
necə yekunlaşacaq?
- Azərbaycan nə antiiran kampaniyasında iştirak edir, nə də
İranın antiqərb
kampaniyasında. Biz İran
rəhbərliyinə də
birmənalı şəkildə
demişik ki, Azərbaycan sizin antiqərb, antiamerika, antiisrail siyasətinizdə
yoxdur və bizim bu dövlətlərlə
tərəfdaşlıq münasibətlərimiz
var. Qərb bloklarına,
ayrı-ayrı ölkələrə
də bəyan etmişik ki, sizin İrana qarşı kampaniyanızda
iştirak etmirik. Çünki bu bizim qonşu dövlətdir, onunla qonşuluq münasibətlərimiz, maraqlarımız
var. Bundan başqa, Cənubi Azərbaycanda 30 milyondan artıq azərbaycanlı soydaşımız
yaşayır. Bu insanların həyatı,
təhlükəsizliyi və
digər maraqları bizim üçün həddən artıq qiymətlidir, əzizdir.
İranla bağlı məsələnin
necə yekunlaşmasına gəlincə, buna dair proqnoz
vermirik və verməyəcəyik. İran böyük
dövlətdir və dünya ilə münasibətlərini
özü qurur. Yaxşıdır, pisdir, - bunu İran
özü, İran xalqı müəyyən edir.
Azərbaycan.-2012.-
3 oktyabr.- S.2.