BMT Baş Məclisində
Ermənistan xarici işlər nazirinin qeydləri təəccübə və istehzaya səbəb
olmuşdur
Ermənistanın
xarici işlər naziri E.Nalbandyan BMT Baş Məclisində
ümumi müzakirələr çərçivəsində
çıxış edərək həmişə olduğu
kimi, bu dəfə də Azərbaycanın əleyhinə
uydurma fikirlər səsləndirmişdir.
Azərbaycanın BMT yanında Daimi
Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki,
bununla əlaqədar ölkəmizin BMT yanında daimi
nümayəndəsi, səfir Aqşin Mehdiyev cavab
hüququndan istifadə edərək E.Nalbandyanın
çıxışında ifadə olunmuş fikirlərə
münasibət bildirmiş və erməni nazirin
çıxışının tamamilə yalanlar üzərində
qurulduğunu vurğulamışdır.
Çıxışını, demək
olar ki, R.Səfərov məsələsi üzərində
qurmuş E.Nalbandyanın müvafiq qeydləri ilə
bağlı A.Mehdiyev Azərbaycan tərəfinin bununla
bağlı mövqeyinin BMT-nin Baş katibinə
ünvanlanmış məktubda aydın surətdə ifadə
edildiyini bildirərək üzv dövlətləri həmin məktubla
tanış olmağa çağırmışdır.
R.Səfərov məsələsini
irqçilik nümunəsi kimi təqdim etməyə
çalışan E.Nalbandyanın fikirlərinə cavab olaraq
A.Mehdiyev monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanın
çoxmillətli dövlət olduğunu və ermənilərin
Dağlıq Qarabağdan başqa ölkəmizin digər ərazilərində
də yaşadıqlarını vurğulamış, müxtəlif
beynəlxalq təşkilatların Ermənistan cəmiyyətində
dözümsüzlük və nifrətin mövcudluğu
faktını qeyd etməsinə toxunmuşdur. Bildirilmişdir
ki, bu dözümsüzlük və nifrət işğal
edilmiş ərazilərdə azərbaycanlılara
qarşı etnik təmizləmə siyasətinin həyata
keçirilməsində və etnik zəmində qondarma
qurumun yaradılmasında da öz əksini
tapmışdır.
Azərbaycanın BMT yanında daimi
nümayəndəsi hazırkı Ermənistan prezidenti
S.Sarkisyanın hələ 2000-ci ildə müdafiə naziri
olarkən verdiyi müsahibələrin birində minlərlə
azərbaycanlı mülki əhalinin qətlə yetirilməsi
ilə bağlı təəssüf hissi keçirmədiyi
fikrini xatırladaraq Ermənistan rəhbərliyinin cinayətkar
mahiyyətini diqqətə çatdırmışdır.
E.Nalbandyanın guya beynəlxalq təşkilatların
münaqişə ilə bağlı mövqeyinin Ermənistanın
mövqeyi ilə üst-üstə düşməsi fikrinə
cavab olaraq A.Mehdiyev BMT Təhlükəsizlik Şurası və
Baş Məclisinin qətnamələrində Azərbaycan
torpaqlarının işğaldan azad edilməsi
çağırışının əks olunduğunu, son
olaraq təkcə bu il NATO, Qoşulmama Hərəkatı və
İslam Əməkdaşlıq Təşkilatının
sammitlərində qəbul edilmiş sənədlərdə
Azərbaycanın münaqişə ilə bağlı
mövqeyinə uyğun müddəaların öz əksini
tapdığını xatırlatmış və Ermənistan
prezidenti S.Sarkisyanın məhz buna görə NATO və
Qoşulmama Hərəkatının toplantılarına
qatılmaqdan imtina etdiyini vurğulamışdır.
A.Mehdiyev əlavə etmişdir ki,
işğalçı dövlətin təcavüzünün
qurbanı olan ölkəni özünün hərbi büdcəsini
artırmaqda günahlandırması gülüncdür. Bundan
əlavə, Azərbaycanın hərbi büdcəsi onun
ümumi büdcəsinin artması kontekstində artır və
bu, ölkənin ərazisi, əhalisi və ümumi daxili məhsulunun
həcmi ilə uyğunluq təşkil edir. Ermənistan isə
əslində Cənubi Qafqazda ən hərbiləşmiş
dövlətdir.
Ermənistan cavab hüququnda Azərbaycanın
BMT yanında daimi nümayəndəsinin
qaldırdığı məsələlərə cavab vermək
əvəzinə tamamilə məzmundan kənar və Azərbaycan
tərəfinin qeydləri ilə heç bir uyğunluğu
olmayan məqamlara toxunmuşdur. Yenidən cavab hüququndan
istifadə edən A.Mehdiyev Ermənistanın faktiki olaraq
heç nə söyləmədiyini və Azərbaycanın
heç bir qeydinə cavab verməyərək yalnız
uyğunsuz fikirlər səsləndirdiyini bildirmişdir. Səfir,
eyni zamanda Ermənistanın növbəti dəfə regionda
sülh və sabitlik axtarışından uzaq olduğunu
nümayiş etdirdiyini, lakin onun münaqişə ilə
bağlı siyasi gündəliyinin
reallaşmayacağını, Yerevanın işğalçılıq siyasətindən
və qonşularına ərazi iddialarından əl çəkməyə
məcbur olacağını qeyd etmişdir. Ermənistan
nümayəndəsi bu dəfə yeni söz tapmaqda çətinlik
çəkərək E.Nalbandyanın
çıxışından böyük bir hissəni təkrar
etmiş və Belarus xarici işlər nazirinin tamamilə
ayrı kontekstdə işlətdiyi fikrindən sitat gətirmişdir.
Ümumiyyətlə, E.Nalbandyanın
çıxışı, eləcə də sonradan cavab
hüququ ilə çıxış edən Ermənistan
nümayəndəsinin qeydləri BMT Baş Məclisində
olan diplomatların təəccübünə və hətta
istehzasına səbəb olmuşdur.
Azərbaycan.-2012.-
3 oktyabr.- S.2.