BMT-nin Qaçqınlar üzrə
ali komissarı Antonio Quterreş qaçqın və məcburi
köçkünlərə qayğıya görə Azərbaycanı
nümunəvi dövlət kimi səciyyələndirmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
qaçqın və məcburi köçkünlərlə
bağlı yürütdüyü siyasət, onların
sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
atılan addımlar, bu sahədə fəaliyyət göstərən
beynəlxalq qurumlarla aparılan səmərəli əməkdaşlıq
konkret olaraq öz nəticəsini verməkdədir və Azərbaycan
bu il daha bir nüfuzlu beynəlxalq təşkilata - BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının
(QAK) İcraiyyə Komitəsinə üzv qəbul
olunmuşdur.
Xəbər verdiyimiz kimi, oktyabrın 1-də
Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının İcraiyyə Komitəsinin
63-cü sessiyası öz işinə başlamışdır
və Azərbaycan ilk dəfə olaraq bu mötəbər tədbirdə
tamhüquqlu üzv kimi təmsil olunmuşdur. Bir həftə
davam edəcək iclasda Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənovun başçılıq etdiyi Azərbaycan
nümayəndə heyəti iştirak edir.
Sessiyanın ilk günü bir sıra
ölkələrin (Kanada, Türkiyə, Əlcəzair,
Cibuti, Moldova, Kosta-Rika, Efiopiya, Tanzaniya və s.) təmsilçiləri
öz çıxışlarında Azərbaycanı BMT
QAK-nın İcraiyyə Komitəsinin üzvləri
sırasında görməkdən məmnun olduqlarını
bildirmiş və bu münasibətlə Azərbaycan nümayəndə
heyətini təbrik etmişlər. Çıxışlara
yekun vuran və öz münasibətini bildirən ali komissar
Antonio Quterreş isə qeyd etmişdir ki, Azərbaycanın
qaçqın və məcburi köçkünlərlə
bağlı gördüyü iş çox vacibdir.
Dünyada elə ölkələr var ki, qaçqın və
məcburi köçkünlərə yardım etmir və
onların acınacaqlı vəziyyətini dünyaya
nümayiş etdirməklə siyasi məqsədlərə
nail olmağa çalışırlar. Bundan fərqli olaraq,
Azərbaycan hökuməti məcburi köçkünlərin
vəziyyətinin yaxşılaşdırılması
üçün nümunəvi tədbirlər həyata
keçirir. BMT QAK bunu alqışlayır və
münaqişə həll olunduqdan sonra könüllü
qayıdışın mümkün olduğunu ifadə edir.
Oktyabrın 2-də Baş nazirin
müavini Əli Həsənov BMT-nin Qaçqınlar üzrə
ali komissarı Antonio Quterreş ilə
görüşmüşdür.
Ali komissar 2006-cı il 15-18 avqust və
2011-ci il 18-19 may tarixlərində Azərbaycanda səfərdə
olduğunu, Prezident İlham Əliyev ilə
görüşünü məmnunluqla xatırlayaraq, yüksək
qəbula və qonaqpərvərliyə görə minnətdarlığını
bildirmişdir.
A.Quterreş çadır düşərgələrində
və digər müvəqqəti sıx məskunlaşma yerlərində
məcburi köçkünlərlə keçirdiyi
görüşlər zamanı onların üzləşdikləri
çoxsaylı problemlərlə yaxından tanış
olduğunu və öz yurdlarından didərgin
düşmüş bu insanların yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində Azərbaycan
hökumətinin əldə etdiyi təqdirəlayiq nailiyyətlərin
əyani şəkildə şahidi olduğunu bildirmişdir.
Sonra A.Quterreş səfər təəssüratları
ilə bağlı Baş nazirin müavini Əli Həsənova
ünvanladığı məktuba istinad edərək, Azərbaycan
hökumətinin qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması və onların
hüquqlarının təmin edilməsi sahəsində
atdığı addımların oxşar problemlərlə
qarşılaşan ölkələr üçün
müsbət bir nümunə olduğunu bir daha vurğulamış,
BMT QAK-nın məcburi köçkünlərin gələcəkdə
öz torpaqlarına köçürülməsi prosesinin
planlaşdırılmasında Azərbaycan hökumətinə
kömək etmək arzusunu bəyan etmişdir.
Sonda ali komissar
BMT QAK-nın İcraiyyə Komitəsinin üzvü
seçilməsi münasibətilə Azərbaycanı bir
daha təbrik etmiş, bu
üzvlüyün Azərbaycana öz təcrübəsi ilə
qlobal qaçqın ehtiyacları barədə məlumatlılığın
artırılması istiqamətində konstruktiv töhfələr
verməyə, dünyada olan qaçqın və məcburi
köçkün problemlərinin aradan qaldırılması
barədə qərarların qəbul edilməsində daha fəal
iştirak etməsinə şərait yaradacağını
vurğulamış və komitənin 63-cü sessiyasında
yüksək səviyyəli nümayəndə heyəti ilə
təmsil olunduğu üçün Azərbaycan hökumətinə
səmimi təşəkkürünü bildirmişdir.
Baş nazirin müavini Əli Həsənov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
salamlarını ali komissara çatdırmaqdan şərəf
duyduğunu bildirmiş, 1992-ci ildən Azərbaycanda fəaliyyət
göstərən BMT QAK-la ölkəmiz arasında səmərəli
əməkdaşlığın uğurla inkişaf etdiyini və
bunun məcburi köçkünlər öz doğma
yurdlarına qayıdandan sonra da davam edəcəyinə
ümidvar olduğunu diqqətə
çatdırmışdır.
BMT QAK-nın rəhbərliyinin Azərbaycanda
olan qaçqın və məcburi köçkünlərə
həmişə diqqətlə yanaşdığını
vurğulayan Əli Həsənov sabiq ali komissarlar xanım
Sadako Oqata və cənab Ruud Lubbersin Azərbaycana səfərlərinə,
çadır düşərgələrindəki məcburi
köçkünlərin vəziyyəti ilə yaxından
tanış olmalarına toxunaraq,
İtaliyanın ENİ
şirkəti tərəfindən qrant şəklində
ayrılmış 2,2 milyon ABŞ dolları məbləğində
vəsait hesabına BMT QAK-nın köməyi ilə məcburi
köçkünlər üçün Göygöl və
Beyləqan rayonlarında ilk sığınacaqların, sosial
obyektlərin inşa edildiyini və Ağcabədi rayonu ərazisində
Laçın qış yataqlarında 13 kilometr uzunluğunda
su xəttinin çəkildiyini bildirmiş və ölkəmizin
iqtisadi cəhətdən zəif olduğu dövrdə həyata
keçirilən bu vacib humanitar aksiyaların heç vaxt
yaddan çıxmayacağını diqqətə
çatdırmışdır.
Baş nazirin müavini BMT QAK-nın
İcraiyyə Komitəsinin üzvü seçilməsi
münasibətilə Azərbaycan hökumətinə göndərdiyi
təbrik məktubuna və həmin məktubda İcraiyyə
Komitəsinin növbəti plenar iclasında Azərbaycanı
yeni üzv kimi salamlamağı böyük səbirsizliklə
gözlədiyini qeyd etdiyinə görə ali komissara səmimi
minnətdarlığını bildirmişdir.
Əli Həsənov Azərbaycanın BMT-nin
daha bir mötəbər qurumuna üzv seçilməsinin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan
silahlı qüvvələri tərəfindən öz
doğma yurdlarından zorla qovulmuş insanların sosial
problemlərinin həlli yollarının tapılmasında
nümayiş etdirdiyi qətiyyətin, həmçinin ölkədə
fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarla,
o cümlədən BMT QAK-la mövcud olan sıx əməkdaşlığın,
Azərbaycanın 1993-cü ildən qoşulduğu
Qaçqınların statusuna dair 1951-ci il konvensiyası və
1967-ci il protokolu üzrə götürdüyü öhdəlikləri
layiqincə yerinə yetirməsinin yüksək və ədalətli
qiymətləndirilməsinin parlaq nəticəsi kimi dəyərləndirmişdir.
Baş nazirin müavini 2013-cü ildə
BMT QAK-la birlikdə Bakıda qaçqınlar, məcburi
köçkünlər, "qaçqın" statusu almaq
niyyətində olan şəxslər və miqrasiya məsələlərinə
həsr olunmuş beynəlxalq konfransın keçirilməsini
təklif etmişdir.
Görüşün sonunda Quterreşə
ingilis dilində xüsusi hazırlanmış "Vətən
həsrəti... sönməyən ümidlər" sənədli
filmi, ulu öndər Heydər Əliyevin və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti
dövründə qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması,
yoxsulluğun azaldılması və məşğulluqlarının
artırılması ilə bağlı həyata
keçirilmiş tədbirlərə həsr olunmuş məlumat
kitabçaları təqdim olunmuşdur.
Görüşdə Azərbaycan
Respublikasının Cenevrə şəhərindəki BMT
bölməsi və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli,
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev,
Nazirlər Kabineti Aparatının şöbə müdiri
Qurban Sadıqov və Məcburi Köçkünlərin
Sosial İnkişaf Fondunun sədri Ayaz Orucov iştirak
etmişlər.
Qeyd edək ki, sessiya çərçivəsində
aparılacaq müzakirələr oktyabrın 3-də sədr tərəfindən
ümumiləşdirildikdən sonra daimi komitənin işi
üzrə hesabat dinləniləcəkdir. Bu zaman daimi komitənin
beynəlxalq himayə, proqramlar büdcəsi, idarəçilik,
maliyyə nəzarəti və inzibati sahələrdəki
işi ardıcıl olaraq nəzərdən keçiriləcəkdir.
Daimi komitənin beynəlxalq himayə
sahəsində işi üzrə hesabatın dinlənilməsi
zamanı görülən işlərə ali komissarın
"Beynəlxalq himayə üzrə qeydləri"nə,
Birləşmiş Millətlər Təşkilatının
üzv dövlətlərinin Qaçqınların statusuna
dair 1951-ci il konvensiyasının 60, Vətəndaşsızlığın
azaldılmasına dair 1961-ci il konvensiyasının isə 50
illiyinə həsr olunmuş nazirlər səviyyəsində
hökumətlərarası tədbiri üzrə
hesabatına, üçüncü ölkələrdə
yerləşdirmə ilə bağlı əldə olunmuş
nailiyyətlər barədə hesabata, daimi komitənin işi
üzrə ümumi hesabata, daimi komitənin 53-cü və
54-cü iclaslarının hesabatlarına uyğunluğu
baxımından qiymət veriləcəkdir.
Daimi komitənin proqramlar büdcəsi,
idarəçilik, maliyyə nəzarəti və inzibati sahələrdəki
işi üzrə hesabat dinlənərkən isə icraiyyə
komitəsi daimi komitənin işi üzrə ümumi hesabatı,
daimi komitənin 53-cü, 54-cü və 55-ci
iclaslarının hesabatlarını, 2011-ci il
üçün maliyyə hesabatını, əsas risk sahələrini
və Auditorlar Palatasının hesabatına cavab olaraq
görülmüş tədbirləri, BMT QAK-nın daxili
auditini nəzərdən keçirəcəkdir.
Daimi komitənin işi üzrə
hesabatların nəzərdən keçirilməsi cümə
axşamı - oktyabrın 4-də davam etdiriləcəkdir.
Nahar fasiləsinədək, eyni zamanda, proqram, inzibati nəzarət
və qiymətləndirmə ilə bağlı hesabatlar da nəzərdən
keçiriləcəkdir. Bu zaman baş müfəttiş ofisinin
fəaliyyəti üzrə hesabata və taktika inkişafı
və qiymətləndirmə üzrə hesabata
baxılacaqdır.
Oktyabrın 4-də - günün ikinci
yarısında icraiyyə komitəsi 2012-2013-cü illər
üçün dəyişikliklər edilmiş büdcəni
nəzərdən keçirib qəbul edəcəkdir. Bundan əlavə,
"Qeyri-hökumət təşkilatları ilə illik
müzakirələr" adlı sənədə də
baxılacaqdır. Bu zaman xüsusi məruzəçi tərəfindən
çıxış edilməsi nəzərdə
tutulmuşdur. Tədbirin ilkin proqramına əsasən
günün sonunadək daimi komitənin 2013-cü ilə
gözlənilən iclaslarının vaxtının,
iştirakçıların tərkibinin, müzakirə
olunacaq məsələlərin, eləcə də icraiyyə
komitəsinin 64-cü sessiyasının ilkin gündəliyi
layihəsinin razılaşdırılması da
planlaşdırılır.
Hər il olduğu kimi, bu dəfə də
icraiyyə komitəsinin iclası günlərində Nansen
Qaçqın Mükafatının təqdim olunma mərasimi
keçirilmişdir. Oktyabrın 1-də keçirilmiş mərasimdə
2012-ci ildə Sülh və İnkişaf naminə Qalkaya Təhsil
Mərkəzinin direktoru Hava Aden Mohammed (Puntlənd,
Şimal-Şərqi Somali) uzun illər Somalidə olan
qaçqınlar üçün gördüyü humanitar
xidmətlərə görə bu mükafata layiq
görülmüşdür.
Tədbirin sonuncu günü -
oktyabrın 5-də icraiyyə komitəsi üzərinə
düşən bəzi inzibati vəzifələrin həyata
keçirilməsini təmin etmək üçün məmurların
seçimini edəcəkdir. Seçilmiş məmurlar
63-cü sessiyadan 64-cü sessiyanın sonunadək səlahiyyətli
olacaqlar.
Tədbir rəsmi olaraq icraiyyə komitəsinin
63-cü sessiyasının hesabatının qəbul edilməsi
ilə başa çatacaqdır.
Elgün
NİFTƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Cenevrə
Azərbaycan.-2012.-
3 oktyabr.- S.3.