Roza Otunbayeva:
Diplomatik Akademiya Azərbaycanın
beynəlxalq aləmdə mövqeyinin
möhkəmləndirilməsi istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri olacaqdır
Qırğız Respublikasının
keçmiş Prezidenti Roza Otunbayeva oktyabrın 2-də Azərbaycan
Diplomatik Akademiyasında (ADA) olmuşdur.
ADA-nın rektoru, xarici işlər
nazirinin müavini Hafiz Paşayev qonağa akademiyanın yaranma
tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri barədə
ətraflı məlumat vermişdir. Bildirilmişdir ki,
Prezident İlham Əliyevin 2006-cı il 6 mart tarixli fərmanı
ilə təsis edilən ADA yarandığı gündən
öz fəaliyyətində xüsusi ixtisaslı diplomat
kadrların hazırlanmasını və beynəlxalq
münasibətlər sahəsində elmi tədqiqatların
aparılmasını əsas prioritet kimi
götürmüşdür. Fəaliyyətə
başladığı 2007-ci ildən bəri akademiyada 400 gənc
diplomat hazırlanmışdır. 2009-cu ildən bu təhsil
ocağında tədris proqramının genişləndirilməsinə
və "Beynəlxalq əlaqələr və diplomatiya"
sahəsində magistratura proqramının
reallaşdırılmasına başlanılmışdır.
Ötən ildən isə "Biznesin idarə edilməsi və
beynəlxalq münasibətlər" üzrə bakalavr
ixtisasları yaradılmışdır. Bu ixtisaslar üzrə
hazırda 250 tələbə təhsil alır. Akademiyanın
19 xarici ölkədən 35 tələbəsi də
vardır.
Prezident İlham Əliyevin sərəncamı
əsasında 2009-cu ildən təhsil ocağının yeni
tədris kompleksinin tikintisinə
başlanılmışdır. Yeni tədris kompleksi
ABŞ-ın EYP şirkətinin layihəsi əsasında
xüsusi dizaynla yüksək standartlar səviyyəsində
tikilmişdir. Bu tədris ocağı dünyanın
tanınmış universitetlərinin təcrübəsinə
əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa
olunmuşdur. Burada dörd ayrı bina - biznes və beynəlxalq
münasibətlər institutları, tələbə mərkəzi
və kitabxana fəaliyyət göstərir. Azərbaycanda ilk
dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal
enerji ilə həyata keçirilir.
Sonra Roza Otunbayeva akademiyada yaradılan
şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, akademiyada tədris
ingilis dilində aparıldığından burada xarici ölkələrin
tanınmış universitetlərindən 15 professor daxil
olmaqla, 35 pedaqoq çalışır.
Təhsil ocağının dördmərtəbəli
kitabxana korpusu ilə tanışlıq zamanı qonağa məlumat
verilmişdir ki, Azərbaycanda ən böyük xarici dilli
kitabxanaya malik olan akademiyada ingilis dilində 120 min kitab
vardır.
Akademiya ilə tanışlıqdan zəngin
təəssüratla ayrılan Roza Otunbayeva ADA-nın
yaradılmasını, buradakı şəraiti yüksək
qiymətləndirmişdir. Bildirmişdir ki, xarici siyasət
sahəsində uğurların əldə olunmasında, ilk
növbədə, diplomatiyanın xüsusi rolu vardır.
İnanırıq ki, bu akademiya Azərbaycanın beynəlxalq
aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində
xüsusi rol oynayan mərkəzlərdən biri olacaqdır.
AzərTAc
Azərbaycan.-2012.-
3 oktyabr.- S.3.