Beynəlxalq hüquq, yoxsa «güclünün hüququ»
Dağlıq Qarabağ separatçı rejiminin
növbəti "prezident seçkiləri"
şousunun beynəlxalq səviyyədə
adekvat reaksiya ilə
üzləşməməsi dünya siyasətində
beynəlxalq hüquq normalarına
münasibətdə "ikili
standartlar"ın hökm sürdüyünü bir
daha təsdiqlədi. Dünya siyasətində
"orbitr" statusuna
iddia edən bir
sıra dövlətlərin, müəyyən beynəlxalq təşkilatların,
xüsusilə münaqişənin həlli missiyasını
üzərinə götürmüş
ATƏT-in Minsk qrupu həmsədrlərinin
məsələyə qətiyyətsiz münasibəti beynəlxalq
hüququn özünün
formal səciyyə daşımağa
başladığını bir daha göstərdi.
Ümumilikdə
regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa
ciddi təhlükə olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı aparılan
danışıqlarda bu il
ciddi durğunluq
müşahidə olunur. Təəssüf
doğuran haldır ki,
danışıqlar prosesinə real təsir
imkanlarına malik aparıcı dövlətlər
və təşkilatlar problemin həllinə
nail olmaq üçün konkret təzyiq
mexanizmlərindən istifadə etmək istəmirlər. Fövqəlgüc dövlətlərinin geosiyasi maraqlarından çıxış edərək
bəzi ərəb ölkələrinə qarşı tələm-tələsik
qətnamələr qəbul edən BMT-nin
1992-1993-cü illərdə və sonra qəbul
etdiyi çoxsaylı analoji
sənədlərə münasibətdə ifrat
loyallıq nümayiş etdirməsi
"ikili standartlar"ın real mənzərəsini göz
önünə gətirir. BMT qərarlarının
heç də hamısının səmərəli
təsir gücünə malik
olmadığını təşkilatın Təhlükəsizlik
Şurasının Ermənistanın təcavüzkar siyasəti
ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin
kağız üzərində qalması bu
faktı bir daha
təsdiqləyir.
Bu gün ölkədaxili
milli hüquq sahələri
subyektlərin nəinki maddi və prossesual hüquqlarını qoruyur,
habelə çeşidli mənəvi
hüquqlarının da qorunmasını
özündə ehtiva etməklə çox böyük inkişaf yolu keçmişdir. Milli hüquq hüquqi təminat
və qanunsuzluğun aradan
qaldırılması mexanizmlərinin işləkliyi
baxımından beynəlxalq hüququ
müqayisə edilməyəcək səviyyədə üstələmişdir.
Son
dövrdə "güclünün hüququ", "yumruq hüququ" kimi yeni anlayışlar əxz etmiş
beynəlxalq hüquq nəinki milli hüquqların qibtə etməyəcəyi
səviyyəyə enmiş, həm də
beynəlxalq hüququn "gərəksizləşməsi",
habelə güclü dövlətlərin
beynəlxalq maraqlarının təminatı "vasitəsi"nə
çevrilməsi prosesləri güclənmişdir. Beynəlxalq hüququn "gərəksizləşməsi"
prosesi güclü
dövlətlərə hüdudsuz "fəaliyyət
azadlığı" verir ki, bu da
müxtəlif ölkələrin işğalı və
dövlətlərin beynəlxalq hüquqlarının
pozulması ilə nəticələnən halları kütləviləşdirir.
Təəssüf hissi ilə qeyd etmək olar ki, bu kimi
faktlarla son vaxtlar daha çox
qarşılaşırıq. Doğrudanmı,
beynəlxalq hüququn "gərəksizləşməsi",
onun güclünün
hüququna çevrilməsi son nəticədə "beynəlxalq
özbaşınalığın" güclənməsinə
səbəb olacaq və dünyanı nəhəng
bir "beynəlxalq cəngəlliyə"
çevirəcək? Beynəlxalq hüquq
normalarına məhəl qoymadan güclü bir dövlətin
digərinin ərazisinə soxulması, ərazisini işğal etməsi, "lazım gələndə"
beynəlxalq təşkilatların, hətta BMT-nin
belə müvafiq qərarlarının qəbul
edilməsini gözləmədən "cəzalandırma əməliyyatı"na
başlaması bəşəriyyətə
yaxşı heç nə vəd etmir. Ölkədaxili milli
hüquqla beynəlxalq hüququn
üz-üzə qoyulması son nəticədə
milli hüququn da beynəlxalq hüququn
"xəstəliyinə" yoluxmasının kütləviləşməsinə
və milli hüququn da eybəcərləşməsinə səbəb
ola bilər. Çünki
qondarma soyqırımlarının
tanınması barədə qəbul olunan
absurd qanunlar milli hüququ beynəlxalq
hüququn bədnam "köməkçi"sinə
çevirir ki, bu da yolverilməzdir. Belə
proseslər milli hüquqi
nailiyyətləri heçə endirir. Bunun acı fəsadları da
ölkə vətəndaşlarının, habelə
bütövlükdə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına
gətirib çıxarır. Bu proseslər
bədnam hüquqi təcrübəyə
çevrilərək digər ölkələrdə də analoji proseslərə xaotik
rəvac verir. Bütün bunlar
beynəlxalq hüququ daha
da eybəcərləşdirir və onu doğrudan da, güclünün hüququna çevirir. Əvvəllər
müxtəlif ölkələrin milli
hüquqlarının həmrəylik nümayiş
etdirərək beynəlxalq hüququn əleyhinə
"etiraz nümayişi"nə
qalxıb onunla "qohumluq əlaqələri"ni
kəsmək istəsəydilər, bunu təbii
qəbul etmək olardı. Amma bu gun güclü
dövlətlərdə milli hüququn siyasi hakimiyyətin
təzyiqi altında beynəlxalq hüquqa
"dəstək" verməsi absurd
qanunların qəbul edilməsində ifadə olunur.
Bu da nəinki insan hüquq və
azadlıqlarını pozur, həm də hüquq mədəniyyətinə, bəşəriyyətin
minillər boyu əldə etdiyi
mənəvi dəyərlərə, habelə
sivilizasiyalararası dialoqun əldə etdiyi uğurlara
sarsıdıcı zərbə vurur.
Beynəlxalq hüququn təməl prinsiplərindən geri çəkilmələr, beynəlxalq hüquqi müstəvidə ədalətsizliyin
bərqərar olmasına gətirib çıxarır ki, bu da
yolverilməzdir. Beynəlxalq münaqişələrin
dondurulması kimi bədnam təcrübə
də bu cür ədalətsizliklə
nəticələnir. Milli, irqi, dini və s. zəmində baş verən
münaqişələr zamanı problemin
dondurulması başadüşüləndir. Çünki
insan münasibətlərinin
normallaşdırılmasının zamana
ehtiyacı var. Amma belə
münaqişələr işğal
faktı ilə müşahidə olunanda
beynəlxalq təşkilatın, konkret halda BMT-nin gözləmə
mövqeyi tutması onun
problemi həll etmək istəməməsi
fikrindən xəbər verir. Dövlətin
ərazisi onun BMT-yə üzv
qəbul edilərkən təşkilatın bütün
üzvləri tərəfindən hamılıqla tanınan əsas
atributlarındandır. BMT-nin üzvü olan
dövlətin ərazi bütövlüyünün
işğal nəticəsində
pozulmasına seyrçi qalmaq,
işğal faktını aradan
qaldırmaq üçün təxirəsalınmaz
tədbirlərin görülməməsi, ilk
növbədə, beynəlxalq hüququ
"eybəcərləşdirərək gərəksizləşdirir",
BMT-yə isə başucalığı gətirməməklə
onun fəaliyyətində qanundan
kənar subyektiv amillərin rəhbər tutulduğunu göstərir.
Azərbaycanın Dağlıq
Qarabağ və ətraf rayonlarının işğaldan azad
edilməsi barədə BMT-nin Təhlükəsizlik
Şurasının 4 məlum qətnaməsinin icra edilməməsi
də məhz bu məqamlardan xəbər verir. Görünür,
xristian təəssübkeşliyindən tutmuş supergüclərin
geosiyasi maraqlarına qədər çeşidli səbəblər
bu qətnamələrin icra edilməməsi, Azərbaycanın
dünya birliyi tərəfindən hamılıqla
tanınmış ərazisinin 20 faizinin işğal
altında saxlanılmasının davam etdirilməsi və bir
milyondan artıq soydaşımızın öz doğma
yurdlarına qayıtmasına yol verilməməsini şərtləndirir.
Belə bir şəraitdə nəinki bir milyondan artıq
qaçqın və məcburi köçkün statusunda
yaşayan soydaşlarımız, habelə bütün azərbaycanlılar
və işğal faktının yolverilməzliyini qəbul edən
tərəqqipərvər insanlar beynəlxalq hüququn məhz
güclünün hüququ olmasını, BMT-nin isə
güclünün mənafelərinə xidmət edən bir təşkilat
olduğunu anlayır.
Dünyada sülhün və təhlükəsizliyin
təminatçıcı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin
1-ci bəndində təşkılatın əsas vəzifəsi
kimi "beynəlxalq sülhü qorumaq və bu məqsədlə
təcavüz hərəkətlərinə və ya
sülhün pozulmasına yönəlmiş digər
pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata
keçirmək" nəzərdə tutulur.
Təcavüz aktının baş verməsilə
təcavüzə məruz qalmış dövlət BMT
Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq, BMT-nin Təhlükəsizlik
Şurası qarşısında təcavüzkar dövlətin
məsuliyyəti məsələsini qoyur. Təcavüz
anlayışının müddəalarının birində
göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik
Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII
fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri
görsün.
1974-cü il dekabrın 14-də BMT
Baş Məclisinin 29-cu sessiyasının 3314 saylı qətnaməsində
ilk dəfə olaraq təcavüz anlayışının
mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq
hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətnamədə
təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.
1-ci maddədə göstərilir ki, bir dövlət tərəfindən
dıgər dövlətin suverenliyinə, ərazi
bütövlüyünə və siyasi müstəqilliyinə
qarşı silahlı qüvvə tətbiq edilməsi BMT
Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab
olunur. 2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini
pozaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz
aktına sübutdur. 3-cü maddədə: a) bir dövlətin
silahlı qüvvələrinin digər dövlətin ərazisinə
müdaxilə və ya hücum etməsi, yaxud müvəqqəti
xarakter daşımasından asılı olmayaraq hər
hansı bir hərbi işğal və ya müdaxilə nəticəsində
ərazinin ilhaqı; b) bir dövlətin silahlı qüvvələri
tərəfindən digər dövlətin ərazisinin
bombardman edilməsi..;
v) bir dövlət tərəfindən və
ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin
və ya muzdluların göndərilməsi və s. təcavüz
aktı kimi qiymətləndirilir.
Qətnamənin 5-ci maddəsində
göstərilir ki, heç bir siyasi, iqtisadi, hərbi və ya
başqa mülahizələr təcavüzə haqq
qazandıra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa
qarşı cinayətdir və bu cinayəti törədənlər
beynəlxalq məsuliyyət daşımalıdırlar; təcavüz
nəticəsində ərazi əldə edilməsi və
yaxud hər hansı mənfəət qazanılması
qeyri-qanunidir.
Ermənistan tərəfindən qətnamədəki
hər hansı bir bəndin, ümumiyyətlə, əksər
maddələrin pozulması belə bir nəticəyə gəlməyə
imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir.
Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində
nəzərdə tutulan öz müqəddəratını təyin
etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin
2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə
pozulması - başqa dövlətin ərazi
bütövlüyünə və siyasi müstəqilliyinə
qarşı zor işlədilməsi deməkdir. Bunu belə
bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti bütün
beynəlxalq hüquq normalarını kobudcasına pozaraq hələ
1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi,
yəni qonşu dövlətin ərazisinin bir hissəsinin
işğal olunması haqqında qeyri-qanuni qərar qəbul
etmiş və bu qərarın indiyədək ləğv
edilməməsi Ermənistanın ölkəmizə
qarşı dövlət səviyyəsində ərazi
iddiasında olmasına sübutdur.
Ümumiyyətlə, Ermənistan
Respublikası bütün beynəlxalq hüquqi sənədləri,
xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində,
1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri
haqqında bəyannamədə, eləcə də 1975-ci il 1
avqust tarixli ATƏM-in Helsinki Yekun Aktında ifadə olunmuş
beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına
pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin
ərazisində yaşayan erməni icmalarının
hüquqlarını müstəqil xalqların əsas hissəsinin
hüquqları ilə qəsdən üz-üzə qoyur və
müstəqil dövlətlərin ərazi
bütövlüyünə münasibətdə erməni
etnik qruplarının hüquqlarına əsassız
üstünlük verir. Beynəlxalq hüquq
normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin
ərazi bütövlüyü və sərhədlərin dəyişdirilməsinin
qeyri-mümkünlüyü haqqında 1990-cı il
noyabrın 21-də qəbul edilmiş yeni Avropa
üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.
Buna baxmayaraq, Ermənistan tərəfi
ermənilərin öz müqəddəratını təyinetmə
hüququnu əsas gətirərək Dağlıq
Qarabağın müstəqil dövlət kimi
tanınmasına çalışır. Ancaq ermənilər
öz müqəddəratını təyinetmə
hüququndan hələ XX əsrin əvvəllərində ən
yüksək səviyyədə istifadə edərək
özlərinin müstəqil dövlətini - Ermənistan
Respublikasını yaratmışlar. Dövlət
başçısı İlham Əliyev
çıxışlarında dəfələrlə bəyan
etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci
ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan
xanlığı və Zəngəzur mahalı ərazilərində
yaradılmışdır.
2003-cü ilin sentyabrında BMT Baş Məclisinin
58-ci sessiyasında iştirak edən Azərbaycan
Respublikasının Baş naziri İlham Əliyev
çıxışında beynəlxalq aləmdə mürəkkəb
proseslərin cərəyan etdiyi dövrdə üzvlərin
arasında qarşılıqlı
anlaşılmazlıqların meydana çıxmasına
görə, BMT TŞ-nin şəraitə uyğun, çevik
və adekvat münasibət göstərə bilməməsini
qeyd edərək mövcud BMT mexanizmlərinin zamanın tələbinə
cavab vermədiyini vurğulamış və bununla
bağlı təşkilat daxilində islahatların vacib məsələyə
çevrildiyini bildirmişdir. Onun fikrincə, BMT Təhlükəsizlik
Şurasında "həm bugünkü, həm də
yarıməsrlik reallıqlar öz əksini
tapmalıdır".
Azərbaycan Respublikası BMT mexanizmlərinin
yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik
Şurasının daimi üzvlərinin veto hüququna yenidən
baxılmasını təklif
etmişdir. Belə ki, Azərbaycan beynəlxalq aləmdə
BMT-nin rolunun artırılması və mövcud problemlərin
həllində daha təsirli tədbirlərin görülməsinə
nail olmaq üçün əlavə addımların
atılması zərurətini BMT Baş Məclisinin
2004-cü ilin sentyabrında keçirilən 59-cu
sessiyasında yenidən gündəmə gətirmişdi.
Sessiyada çıxış edən Prezident İlham Əliyev
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 4 qətnamənin hələ
də icra edilmədiyini bəyan etmiş və onların həyata
keçirilməsinin işlək mexanizminin
yaradılmasını vacib məsələ kimi irəli
sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət
başçısı bildirmişdir ki, "Təkmilləşdirilmiş
Təhlükəsizlik Şurası daha geniş tərkibli,
daha çox məsuliyyətli və demokratik, onun iş
metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri,
riskləri və təhlükələrinə daha operativ
cavab verilməlidir".
Heç bir dövlətin daxili işinə
qarışmayan, yalnız beynəlxalq hüquq norma və
prinsiplərindən çıxış edən rəsmi
Bakı BMT-nin ötən il Liviya ilə bağlı qəbul
etdiyi qətnaməni, NATO-nun bu ölkəyə qarşı hərbi
əməliyyatlarını haqlı olaraq dəstəklədi.
Şimali Atlantika Alyansının Əfqanıstan və
İraqdakı məlum sülhyaratma missiyasına hərtərəfli
dəstək verən Azərbaycan Liviya ilə bağlı məsələdə
də gözləmə mövqeyi tutmadı.
Respublikamızın hazırda Suriyadakı vəziyyətlə
bağlı mövqeyi də birmənalı və qəti olub
beynəlxalq hüquq normalarına əsaslanır. Rəsmi
Bakı istənilən beynəlxalq gərginlik və
münaqişənin ayrı-ayrı dövlətlərin
siyasi iddiaları, "ikili standartlar" əsasında deyil,
məhz aparıcı beynəlxalq təşkilatların qərar
və qətnamələri əsasında həllinin tərəfdarı
kimi çıxış edir. BMT-nin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı çoxsaylı qətnamə və qərarlarına
eyni münasibəti göstərməməsi isə müəyyən
suallar doğurur.
BMT 70 ilə yaxın müddətdə əsasən
hərbi-siyasi təşkilat kimi tanınıb. Onun müəyyən
prosesləri tənzimləmək üçün güc tətbiq
etmək təcrübəsi mövcuddur. 1945-ci ilin
oktyabrında yaradılmış bu qurumun Nizamnaməsinin 51-ci
maddəsində göstərilir ki, hər bir dövlət
özünün ərazi bütövlüyünü
müdafiə etmək üçün istənilən anda hərbi
yoldan istifadə edə bilər və hər bir dövlətin
də özünümüdafiə hüququ var.
2001-ci ilin məlum 11 sentyabr hadisələrindən
sonra "əl-Qaidə" təşkilatını və
"Taliban" rejimini Amerikaya hücumda təqsirləndirən
rəsmi Vaşinqton məhz BMT Nizamnaməsinin 51-ci maddəsini
əsas götürərək 2001-ci il oktyabrın 7-də Əfqanıstanda
müharibəyə başladı. BMT-dən heç bir icazə
almadan, BMT-nin Təhlükəsizlik Şurasının
müvafiq qərarını gözləmədən hərbi əməliyyatlar
başlandı. Bundan əvvəl İraqla müharibəyə
başlayan ABŞ yenə də BMT-nin mövqeyinə məhəl
qoymamışdı. İndi də Suriyada bioloji və
bakterioloji silahlardan istifadə ehtimalını gündəmə
gətirərək əməliyyatlara
başlayacağını bəyan edib. Əlbəttə,
kütləvi qırğın silahlarından istifadə bəşəriyyət
üçün böyük fəlakət olardı. Ancaq
söhbət burada bir dövlətin maraqlarının
bütün beynəlxalq hüququn prinsiplərinin
fövqündə dayanmasından gedir.
BMT Nizamnaməsinin 25-ci maddəsində
göstərilir ki, təşkilatın Təhlükəsizlik
Şurasının qəbul etdiyi qərarların yerinə
yetirilməsi icbari xarakter daşıyır. Qeyd etdiyimiz kimi, təşkilatın
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı 4 qətnaməsində
erməni hərbi birləşmələrinin qeyd-şərtsiz
Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılması məsələsi əksini
tapıb. Amma buna baxmayaraq, təşkilat Azərbaycanla
bağlı qətnamələrini 20 ildir ki, icra etmir. Bunun səbəblərindən
biri də odur ki, təşkilatın beş daimi üzvü hərbi
gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən
tamamilə öz geosiyasi maraqlarından çıxış
edir. Burada, əsasən, Çin və Rusiyanın
maraqları ABŞ, Böyük Britaniya və Fransa ilə
tez-tez toqquşur. Bir daimi üzvün veto tətbiq etməsi
isə konkret qərarın qəbuluna mane olur. Belə olan təqdirdə,
təşkilat iflic vəziyyətinə düşür. Bu,
BMT-nin, əslində, bir neçə aparıcı dövlətlərin
nüfuz dairəsində olduğunu, daha dəqiqi,
"fövqəlgüclər"in təsiri altında hərəkət
etdiyini göstərir. Məhz bu vəziyyəti nəzərə
alan rəsmi Bakı BMT-də yuxarıda qeyd edildiyi kimi, müəyyən
islahatların aparılmasının təşəbbüskarı
kimi çıxış edir.
Münaqişənin həllinin
uzanmasının əsas səbəblərindən biri də
fikrimizcə, regionda nüfuz savaşının başa
çatmaması ilə bağlıdır. Yəni, bölgəni
təsir dairəsinə daxil etmək istəyən
"supergüclər" regiondakı münaqişələrdən
təzyiq "rıçaq"ları kimi istifadə etməyə
çalışırlar. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişənin həllində fəal
rol oynamaq şansı isə regionda əlahiddə nüfuz
sahibi olmaq iddiasının gerçəkləşməsi deməkdir.
Münaqişənin təminatlı həlli istənilən
halda ABŞ, Rusiya və Fransa
"üçlüyü"nün qarşılıqlı
güzəştindən əhəmiyyətli dərəcədə
asılıdır. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminin həlli, ilk növbədə, bu güclər
arasında konsensusun əldə olunmasından, nüfuz
savaşının başa çatmasından
asılıdır. Rusiya son illərdə müəyyən fəallıq
göstərərək belə bir şans əldə etməyə
çalışsa da, son nəticədə regiondakı
"for-post"unun üzərinə getməyə
özündə cəsarət tapmadı. Daha dəqiqi,
münaqişənin həllinin Moskvaya sərfəli
görünmədiyini açıq etiraf etməyin vaxtı
çatıb.
(Ardı var)
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2012.-
3 oktyabr.- S.4.