AŞ PA-nın sessiyasında azərbaycanlı
deputatlar sərt
tənqidlə çıxış etmişlər
Oktyabrın 1-də Avropa
Şurası Parlament Assambleyasının
(AŞ PA) payız sessiyası işini davam etdirmişdir. Yeni qaydaya uyğun
olaraq sessiyada sərbəst
dinləmələr keçirilmişdir. Deputatlar çıxışlarında
dünyanın üzləşdiyi maliyyə böhranından,
işsizlərin sayının durmadan
artmasının ölkələr üçün
ciddi problemlər yaratmasından, iqtisadi böhranın demokratik
dəyərlərə təsirindən
danışmışlar.
Sessiyadakı
çıxışlarında hər dəfə ölkəmizə
qarşı qara yaxmağa
çalışan Ermənistan nümayəndə heyətinin
üzvü Armen
Rüstəmyan yenə öz ənənəsinə sadiq
qalaraq Avropa
Şurası Parlament Assambleyasının
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətindəki səylərini
dəyərləndirmiş, eyni zamanda, Dağlıq Qarabağın statusunu müəyyənləşdirməkdə
addımlar atmağa
çağırmışdır.
Azərbaycanlı
zabit Ramil Səfərovun
məsələsinin Ermənistanın Azərbaycana
qarşı apardığı təcavüz siyasətinin tərkib
hissəsi olduğunu diqqətə çəkən,
sessiyanın gündəliyinə Ramil Səfərov
məsələsindən daha əvvəl
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı probleminin çıxarılmasını vacib sayan Azərbaycan
nümayəndə heyətinin üzvü
Rafael Hüseynov əslində
bu sessiyada gündəliyə
salınmalı olan bir
sıra başqa taleyüklü
mövzuların da kənarda
qaldığını vurğulayaraq demişdir: "Biz
növbəti sessiyamızı başlayarkən qitəmiz və
dünyamız narahat günlər
yaşayır. İslami dəyərlərə
qarşı baş vermiş
növbəti həqarətlər dünyanın ən
müxtəlif ölkələrində gərginliklər,
narazılıqlar, qarşıdurmalar yaradıb. Bu qarşıdurmaların hansı ağır
nəticələrə gətirib çıxaracağı bəlli
deyildir. Amma təsəvvür
etmək mümkündür ki, bu hadisələr faciələrə
bais ola bilər.
Payız sessiyasının gündəliyində bu istiqamətdə heç
bir müzakirə nəzərdə
tutulmayıb.
Ermənistanın Azərbaycana hərbi
təcavüzünün yüzlərlə kədərli nəticələrindən
biri olan hadisə barədə müzakirə aparmaqda təkid
edilir və şərt də qoymağa cəhd olunur ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunmayaq, yəni
nəticədən danışaq, səbəbdən bəhs etməyək.
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla Ermənistan
ordusunun həlak olmuş zabiti arasında baş vermiş hadisədə,
əslində hər iki cavan qurbanlardır. Amansız
müharibənin, çirkin siyasətlərin, iki ölkə
arasında kənar qüvvələrin təşkil və
idarə etdiyi, tamamlanmasına imkan vermədiyi münaqişənin
qurbanları. Bu gənclərdən biri 9 il əvvəl həyatını
itirib, digəri 9 ildir azadlıqdan məhrum olunub. 20 ildən
artıq davam edən Ermənistan-Azərbaycan hərbi
münaqişəsi zamanı isə yüzlərlə belə
gənc həlak olub. Münaqişə bitmədikcə, Ermənistan
işğal etdiyi 20 faiz Azərbaycan torpağından
çıxmayınca, 1 milyona yaxın Azərbaycan insanı
qaçqın və məcburi köçkün həyatı
yaşadıqca, Ermənistan dövlət terrorizmi siyasəti
ilə idarə edildikcə yeni-yeni faciələrin baş verməsi
ehtimalı hər an olacaqdır. Avropa Şurasında, digər
beynəlxalq təşkilatlarda "Ramil Səfərov
işi" adlı müzakirələrin keçirilməsi
vahid mərkəzdən təşkil olunan, maliyyələşdirilən,
istiqamətləndirilən prosesdir. Pərdə
arxasındakı rejissorları əslində nə erməni
zabitinin ölümü, nə Azərbaycan zabitinin 9 il həbsdən
sonra əfv edilməsi maraqlandırır. Onlar
maraqlıdırlar ki, münaqişə səngiməsin, davam
etsin, dərinləşsin. Çünki bundan milyardlar
qazanırlar. Ermənistanın
zəbt etdiyi və hər cür
beynəlxalq nəzarətdən kənar olan
Azərbaycan ərazilərində işğalçı
qüvvələr narkotiklərin yetişdirilməsi və tranziti üçün son dərəcə münasib
məkan qazanıblar. Belə gəlir mənbəyini əldən
verməmək üçün erməni lobbisi, onlarla əlbir olan qüvvələr minlərlə erməni
və Azərbaycan zabitini tərəddüd
etmədən qurban verərlər. Ramil Səfərov Azərbaycana beynəlxalq hüquq normaları çərçivəsində
verilib və ölkə qanunvericiliyinə
əsasən əfv edilib. Bu,
artıq tarixin arxada qalan səhifəsidir. Yüz
müzakirə və hay-küylə daha bu qərarı dəyişmək mümkün deyildir. Amma Ermənistanın
Azərbaycana təcavüzü, Dağlıq Qarabağ
münaqişəsi bitməyib, 1 milyona
yaxın azərbaycanlı faciəli qaçqın, məcburi
köçkün həyatını yaşamaqda davam edir, ağır iqtisadi tənəzzül
vəziyyətində olan Ermənistan əhalisinin
güzəranı gündən-günə pisləşir,
dözülməz həyat şəraiti üzündən hər
il yüz mindən
artıq insan Ermənistanı tərk edir, ölkə idarəediciləri tərəfindən
iflas girdabına sürüklənir. Bu gün aktual
olan, müzakirəyə
çıxarılmağa, cavab
axtarılmağa layiq olan
bu mövzular, bu suallardır. Kim ki, bu əsas,
vacib, həyati əhəmiyyətli məsələlərin
daim gündəlikdə olub
müzakirələrinin aparılmasının
qarşısını alır, ikinci dərəcəli
məsələlərin müzakirəsi ilə ictimaiyyəti
çaşdırmağa cəhd edir, onlar Azərbaycanın da,
Ermənistanın da bədxahlarıdır.
Həmin hiyləgər bədxahlar imkan
vermirlər ki, Azərbaycan ilə Ermənistan
üz-üzə dayanıb, heç kəsin
müdaxiləsi olmadan öz
problemlərini özləri həll etsinlər".
Azərbaycan
nümayəndə heyətinin rəhbəri Səməd
Seyidov sessiyada çıxış edərək demişdir:
"Biz Avropa Şurasına üzv olarkən, üzərimizə
bir çox öhdəliklər götürdük. Bu öhdəliklərdən
biri də Dağlıq Qarabağ münaqişəsinin dinc
yolla həll olunması öhdəliyi idi. Hər il, hər
sessiyada biz AŞ qarşısında
götürülmüş öhdəliklərin yerinə
yetirilməsi mexanizmini müzakirə edirik. Bilin ki, bu öhdəliklər
arasında daha önəmli olan bir öhdəlik də var. Bu
isə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla
həll olunması öhdəliyidir. Bu öhdəlik həm Azərbaycan,
həm də Ermənistan tərəfindən qəbul edilib. Mənim
sualım belədir: Nəyə görə 2001-ci ildən bu
yana Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll
olunması öhdəliyi heç vaxt müzakirə edilməyib?
Biz digər öhdəliklərin yerinə yetirilməsi məsələsini
- mətbuat azadlığı, insan haqları və s.
müzakirə etmişik, amma Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı müzakirələr
aparmamışıq. AŞ insan haqlarının müdafiəsi
təşkilatıdır. Biz Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı müzakirələrin
aparılmasını istəyirik.
Dağlıq Qarabağ üzrə Alt Komitə artıq
mövcud deyildir. O, fəaliyyət göstərmir ki, Dağlıq Qarabağ
münaqişəsinin həllinə dair müzakirələr
təşkil edə bilək. Nəyə görə bu öhdəliyə
diqqət yetirilmir? Nəyə görə bu öhdəlik
yaddan çıxıb? Nə üçün bu məsələyə
susqunluqla yanaşılır? Nə üçün gözləməliyik
ki, digər beynəlxalq təşkilatlar bu məsələni
müzakirə etsinlər? Biz Avropada ən qədim təşkilatıq.
Bizim bu məsuliyyətimiz vardır. Buna görə, cənab
sədr, Dağlıq Qarabağ münaqişəsi və ondan irəli gələn digər
məsələlərə dair müzakirələr aparmaq
lazımdır. Yəni məsələni bütövlükdə
müzakirə etməklə həqiqətən nə baş
verdiyini daha düzgün başa düşə bilərik.
Yalnız bu formada hər iki xalq bir araya gələrək
Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu
müzakirə edə bilər. Bu, çox
ağrılıdır. Düşünürəm ki,
AŞ-nin bununla bağlı məsuliyyəti vardır. Hər
bir ölkənin öz məsuliyyəti olduğu kimi,
AŞ-nin öz məsuliyyəti vardır. Susqunluq
nümayiş etdirmək
yalnız yeni zorakılıqlar
və problemlərə yol açır və rəvac
verir. Buna görə AŞ və onun üzvlərindən
Dağlıq Qarabağ münaqişəsinin müzakirə
olunmasını tələb
edirəm".
Azərbaycan
nümayəndə heyətinin digər üzvü
Rövşən Rzayev çıxışında qeyd
etmişdir ki, Dağlıq Qarabağ problemi münaqişə deyil, bu, Ermənistanın Azərbaycana
hərbi təcavüzü, ərazi iddiasıdır. Bu
günün ab-havasına uyğun çıxışlar
zamanı gündəlikdə Ermənistan tərəfi
Dağlıq Qarabağın nümayəndəsinin Fələstin,
Kosova kimi AŞ PA-ya dəvət olunmasını və burada
müvəqqəti yer almasını xahiş etmişdir.
AŞ PA sədri Jan-Klod Minyon bunu müsbət
qarşılamış, Azərbaycan
və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri
ilə dialoqunda bu məsələni müzakirə edəcəyini
bildirmişdir. R.Rzayev sayı 75 mindən yuxarı olan
Dağlıq Qarabağın azərbaycanlı icmasının
da AŞ PA-da mütləq qaydada və bərabər şəkildə
təmsil olunmasının vacibliyini diqqətə
çatdırmışdır. Son zamanlar Dağlıq
Qarabağın Azərbaycan icmasının erməni icması
ilə dialoq axtarışında olduğunu xatırladan
deputat demişdir ki, bu dialoq ilk dəfə 2011-ci ilin noyabrında Berlində keçirilməli
idi. Amma erməni icması bu görüşdən imtina
etmişdir. Bu məsələnin arxasında Ermənistan rəhbərliyi
durduğuna görə bu günədək Dağlıq
Qarabağın erməni icması ilə görüşmək
mümkün olmamışdır. Mən AŞ PA sədrindən,
həm də avropalı həmkarlarımdan bu dialoqun baş
tutmasına kömək göstərmələrini istərdim.
Hər iki icmanın görüşü ATƏT-in Minsk qrupu
çərçivəsində gedən danışıqlar
prosesinə öz müsbət töhfəsini verə bilər.
Bu, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi deyil, Ermənistanın
ölkəmizə qarşı hərbi təcavüzüdür.
Buna beynəlxalq hüquq normaları və prinsipləri
çərçivəsində qiymət verilməlidir.
Münaqişə və təcavüz başqa-başqa amillərdir.
Azərbaycan öz ərazisini tələb edir. Ermənistan isə
Azərbaycana qarşı ərazi iddiaları ilə
yaşayır.
Sessiya zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri
Səməd Seyidovun AŞ PA
ünvanına səsləndirdiyi sərt ittihamlardan
sonra qurumun sədri Azərbaycan
və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini
görüşə dəvət etmişdir.
Görüş baş tutmuşdur.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.-2012.-
3 oktyabr.- S.4.