Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli əsas məsələdir
Bu istiqamətdə
önəmli addımlar atılır
Bir
neçə gün əvvəl Azərbaycan Diplomatik
Akademiyasının yeni tədris korpusunun istifadəyə
verilməsi və eyni zamanda, ənənəvi olaraq səfirlərlə
keçirilən müşavirə ictimai-siyasi həyatımızda
mühüm hadisəyə çevrildi. Diplomat kadrların
hazırlanmasında bu akademiyanın fəaliyyəti əvəzsizdir.
Akademiyada oxumaq, çalışmaq üçün indi
bütün şərait vardır.
Azərbaycanın beynəlxalq nüfuzu
artır və xarici ölkələrlə əlaqələri
gündən-günə möhkəmlənir. Hazırda
dünyanın 55-dən artıq ölkəsində Azərbaycanın
diplomatik nümayəndəlikləri fəaliyyət göstərməkdədir.
Nüfuzlu beynəlxalq təşkilatlarda da diplomatik nümayəndəliklərimizin
sayı get-gedə artmaqdadır. Belə bir vaxtda gənc
kadrların hazırlığı məsələsi bir vəzifə
olaraq qarşıda durur.
Azərbaycan
Prezidentinin qeyd etdiyi kimi, səfirlərlə
ənənəvi müşavirənin məhz belə bir vaxtda peşəkar
diplomatların hazırlığı məsələsini həyata
keçirən Diplomatik Akademiyanın yeni tədris korpusunda baş tutması da təsadüfi
deyildi: "İndi bizim dünyadakı səfirliklərimizin
sayı sürətlə
artmaqdadır. Əlbəttə, bu, bizim xarici siyasətdəki
uğurumuzu şərtləndirən amillərdən
biridir. Gələcəkdə biz diplomatik nümayəndəliklərin
sayını artıracağıq ki, Azərbaycan
öz maraqlarını daha
da böyük uğurla müdafiə edə bilsin.
Səfirlər peşəkar diplomatdırlar. Onların
arasında gənclər də kifayət qədər çoxdur, təcrübəli diplomatlar
da vardır. Onlar öz vəzifə borclarını
yaxşı bilirlər və hesab edirəm
ki, bütövlükdə öz vəzifə borclarını
yaxşı yerinə yetirirlər. Səfirlərin
qarşısında duran vəzifələr
bəllidir, aydındır. Ancaq yenə də deyirəm, həyat sürətlə inkişaf edir, beynəlxalq
münasibətlər dəyişir və beynəlxalq aləmdə
yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Əlbəttə ki, biz xarici
siyasətimizə mütəmadi qaydada
müəyyən düzəlişlər etməliyik. Nəzərə
almalıyıq ki, strateji
xəttimiz dəyişməz olaraq
qalır. Azərbaycanın xarici siyasətinin
istiqamətlərini ulu öndər Heydər
Əliyev müəyyən etmişdir. Bu gün bu
sahədə və bütün başqa sahələrdə strateji
xətt icra edilir".
Dövlət
başçısının qarşıya qoyduğu
vəzifələr arasında ən mühümü
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsidir: "Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə,
ölkə qarşısında duran əsas
məsələdir. Bildiyiniz kimi, məsələ uzun
illərdir öz həllini tapmır, ədalət,
beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik
davam edir. Azərbaycan
bu məsələnin həlli üçün bütün
imkanlardan istifadə edir
və etməlidir. Diplomatik səylər
gücləndirilməlidir və gücləndirilir. Digər
amillər də bu məsələnin həlli
üçün öz
rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar
atılır".
Müstəqilliyin
bərpasından sonrakı 20 il ərzində
Azərbaycan ilə Ermənistan arasındakı fərq, uçurum get-gedə daha da böyüyür. Azərbaycanın
Cənubi Qafqazdakı iqtisadi-siyasi çəkisi
günü-gündən artmaqdadır. Növbəti illərdə
bu fərq bir az da böyüyəcək
və Azərbaycanın üstünlükləri daha da artacaqdır. Dünyada Azərbaycana dost
ölkələrin sayı artmaqdadır. Beynəlxalq təşkilatlarda
Dağlıq Qarabağ məsələsinə
dair ədalətli qətnamələr qəbul
edilsə də, sanki problemin
sonu görünmür.
BMT Təhlükəsizlik Şurasının qətnamələri,
ATƏT-in , Avropa Parlamentinin,
Avropa Şurasının, Qoşulmama
Hərəkatının, NATO-nun qərarları
olsa da, Ermənistan öz inadkarlığından əl çəkmir,
torpaqlarımız işğal altında qalmaqda davam edir.
Dövlət
başçısının da qeyd etdiyi kimi,
məsələnin tarixi aspekti
çox önəmlidir. Çünki
erməni lobbisi dünyada
belə bir rəy formalaşdırmağa
çalışır ki, guya
Dağlıq Qarabağ erməni
torpağıdır və erməni xalqı əsrlər boyu bu torpaqda
yaşamışdır. Bunlar ermənilər tərəfindən
formalaşdırılan yalan, uydurma, qərəzli məlumatlardır.
Hazırda diplomatik korpusların və Azərbaycan
diasporunun qarşısında duran əsas vəzifələrdən biri bu yalanları ifşa etməklə həqiqətləri ortaya qoymaqdır. Həqiqət isə bundan ibarətdir ki,
Dağlıq Qarabağ Azərbaycan
torpağıdır. Dağlıq Qarabağda
yerləşən bütün
yaşayış məntəqələrinin adlarının,
demək olar ki,
hamısı Azərbaycan mənşəlidir, Azərbaycan
dilindədir: "Nəinki Dağlıq Qarabağ,
indiki Ermənistanın toponimlərinin
mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Yəni xalqımız əsrlər boyu bu torpaqda
yaşamış, yaratmış və bundan
sonra da bu torpaqda
yaşamalıdır. Biz bunu
təmin edəcəyik" deyən ölkə rəhbəri
iqtisadi məsələlərə də toxundu, Azərbaycan iqtisadiyyatının
müqayisəedilməz dərəcədə irəliyə getdiyini bildirdi. Hamı yaxşı bilir, bunu beynəlxalq güc mərkəzləri
də gözəl anlayır ki, bizim təkcə hərbi xərclərimiz Ermənistanın
bütün büdcəsindən iki dəfə çoxdur,
iqtisadi imkanlarımız genişdir,
tərəfdaşlarımızın sayı artmaqdadır.
Ermənistan iqtisadiyyatı isə asılı vəziyyətdədir.
Ermənistan iqtisadiyyatının "imkan"larından
danışarkən onun ixrac
məhsullarına - xüsusilə Avropaya qurbağa ixrac etməsi
faktı da diqqətə çəkildi. Bu, bir daha
səfalət içində çapalayan
ölkənin vəziyyətindən xəbər verir. Dövlət başçısı dedi: "Bu
yaxınlarda onların hətta rəsmi statistik
məlumatlarına görə, Ermənistanın ixrac nomenklaturası bəlli oldu
və orada çox
gülməli ixrac məhsulları üzə
çıxdı. Yəni qurbağalar, -
bəlkə bu auditoriyada
bu barədə danışmaq yersiz olar, - amma bu, reallıqdır.
Yəni bu ölkənin daxili
resursları tükənir. İqtisadiyyat çökür. Sənaye iflic
vəziyyətindədir. Demoqrafik vəziyyət
acınacaqlıdır. Ölkədən hər il yüz minə qədər
əhali köç edir
və bu proses davam edir. Bu
prosesin qarşısını almaq artıq mümkün
deyildir, o vaxta qədər ki, Ermənistan
öz qonşularına qarşı torpaq iddiasında olmağa
davam edəcəkdir".
Demoqrafik vəziyyətin gələcəkdə
çox şeyi
müəyyən edəcəyi heç
kimə sirr deyil. Çünki hazırda ölkələrin
imkanları da, nüfuzu
da, təsir gücü
də bir çox hallarda əhalidən, onun
sayından asılıdır. Azərbaycanda bu
dinamika müsbətdir. Ermənistanda isə
vəziyyət günü-gündən
ağırlaşır, əhali durmadan
ölkəni tərk edir. Bir
vaxt Xocalını qan
gölündə boğanlar indi özləri baş götürüb ölkədən
qaçmaqdadırlar. Azərbaycan səfirlikləri
qarşısında duran əsas vəzifələrdən
biri də hücum
siyasətini davam etdirməkdən,
Xocalı soyqırımını bütün
dünyaya tanıtdırmaqdan ibarətdir.
Qısa müddətdə üç
ölkə parlamentinin Xocalı
qırğınını soyqırımı kimi
qəbul etməsi mühüm hadisədir.
Ermənilər 50-ci illərdən başlayaraq
"erməni soyqırımı" məsələsini
qaldırdılar. Ancaq biz
bu məsələ ilə bir
neçə ildir ki,
məşğul oluruq və artıq nəticələr
göz qabağındadır: "Bizim səfirlər, səfirliklərin
nümayəndələri bu məsələni
harada mümkündür
qaldırmalıdırlar. Onların, səfirliklərin
çalışdıqları ölkələrin qanunvericilik orqanlarında Xocalı
soyqırımı məsələsi
qaldırılmalıdır. Çalışmalıyıq ki, bu soyqırımı
müxtəlif səviyyələrdə tanınsın. Biz istər regional, istər munisipial,
- əlbəttə ki, federal
səviyyədə olarsa daha
yaxşı olar, - səviyyədə bu işi daim
aparmalıyıq. Əldə edilmiş nəticələr,
əlbəttə ki, bizi
ruhlandırır, göstərir ki, bu, mümkündür.
Ümumiyyətlə, ölkəmizin dinamik
inkişafı və artıq dünyada
Azərbaycan haqqında çox müsbət
rəyin formalaşması göstərir ki,
mümkündür, çox
şey mümkündür.
Sadəcə olaraq, işləmək
lazımdır, konkret proqram
olmalıdır, tapşırıqlar verilməlidir və icra edilməlidir. Ona
görə, əminəm ki, gələcəkdə
Meksikaya, Pakistana, Kolumbiyaya digər ölkələr də qoşulacaq və Xocalı soyqırımı
digər ölkələr tərəfindən
tanınacaqdır. Vaxt gələcək, bu soyqırımını törədənlər
qanun qarşısında cavab
verəcəklər", - deyə Azərbaycan Prezidenti bir daha bəyan etdi.
Bu uğurlar sırasına diaspor təşkilatlarımızın
fəallığı, xarici ölkələrdə
vaxtaşırı keçirilən nümayişlər,
etiraz piketləri, tədbirlər, konfranslar göstərir ki,
Azərbaycanın diaspor təşkilatları çox güclənib
və səfirliklər də diaspor təşkilatları ilə
sıx əlaqədə hər bir vəzifəni yerinə
yetirə bilərlər. Bu sıraya Azərbaycandakı azad cəmiyyəti
də əlavə etsək, gücümüzü
görüb etiraf edənlərin sayı bir az da artacaq. Bu isə
sabaha olan böyük inamdan xəbər verir: "Biz irəliyə
getməliyik. Çünki həllini gözləyən məsələlər
çoxdur. Dünya dinamik şəkildə inkişaf edir və
hətta bir ay, bir həftə də gözləmək olmaz.
Biz xarici siyasətdə, iqtisadi sahədə, texnologiyalar sahəsində
hadisələri qabaqlamalıyıq. Bax bu gözəl
Diplomatik Akademiyanın üstünlüklərindən biri də
odur ki, burada ən müasir texnologiyalar tətbiq olunur. Gənclərimiz
bu texnologiyalar əsasında təhsil alacaqlar. Yəni yeni
texnologiyalar, kosmik sənayenin inkişafı. Bəzilərinə
təəccüblü gəlib ki, Azərbaycan kimi ölkədə
kosmik sənaye necə ola bilər? Niyə də olmasın?!
Bizim istedadlı kadrlarımız, maliyyə
resurslarımız və gələcəyə
baxışımız vardır. Ona görə biz bir
addım da yavaşlamayacağıq. Biz irəliyə gedəcəyik,
istədiyimizə nail olacağıq. Əminəm ki,
suverenliyimizi bərpa edəcəyik və bir gün gələcək,
Azərbaycan bayrağı Şuşada və Xankəndidə
dalğalanacaqdır".
Bəxtiyar QARACA
Azərbaycan.-2012.- 3 oktyabr.- S.5.