Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilir

 

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması çox əlamətdar hadisədir

 

Son illər Azərbaycanın müxtəlif sahələrdəki uğurlarına biri də qatılıb. Bu, ölkəmizin tədricən mədəniyyətlərarası dialoqun mərkəzlərindən birinə çevrilməsi faktıdır. Eyni zamanda, multikulturalizm, bərabərlik, tolerantlıq prinsipləri dövlətimizin də siyasətində əsas istiqamətlərdən birinə çevrilməkdədir. Ölkəmizdə təşkil olunan müxtəlif beynəlxalq tədbirlər də bu sıradandır. Bunlara ən bariz nümunə kimi son vaxtlar Bakıda keçirilən

TÜRKSOY, İSESCO, "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" və bu günlərdə işini yekunlaşdıran "Neft, qaz və media" mövzusunda beynəlxalq konfransların fəaliyyətini də göstərmək olar.

2011-ci ildə Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi altında keçirilən Beynəlxalq Humanitar Forumda Prezident İlham Əliyev bu sahədəki uğurlardan danışarkən Azərbaycanın əsrlər boyu çoxmədəniyyətlilik - multikulturalizm şəraitində yaşadığını xüsusi qeyd etmişdi: "Azərbaycanda heç zaman milli və ya dini münaqişələr olmayıb. Bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir. Hesab edirəm ki, bizim təcrübəmiz göstərir ki, müxtəlif millətlərə və dinlərə mənsub insanlar sülh və əməkdaşlıq şəraitində yaşaya bilərlər".

Bu sülh və əməkdaşlıq mühitini isə neçə illərdir ki, erməni separatçıları və terror təşkilatları hər vəchlə dağıtmağa, ölkəmizin möhkəmlənən imicini korlamağa can atırlar. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva hələ bir il əvvəl Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq konqresdəki çıxışında bildirmişdi ki, əsrimizin bəlasına çevrilən terror başqa ölkələr kimi, xeyli vaxtdır Azərbaycanda da öz sifətini göstərməkdədir. Azərbaycan tarixi yüz ildən artıqdır ki, bu terror hadisələri ilə qana boyanıb. 20 ildən artıqdır erməni işğalçılarının fəaliyyəti nəticəsində bu terror hadisələri zəbt olunmuş kəndlərimizdə, şəhərlərimizdə hələ də davam etməkdədir. Terrora məruz qalan təkcə insanlarımız - uşaqlarımız, qadınlarımız, qocalarımız deyil, həm də evlərimiz, mədəniyyət və tarixi abidələrimiz, ziyarət yerlərimizdir: "Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır. Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmamış və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi təcavüz və xaricdən işğal ilə üzləşmişdir. Ölkəmizdə 30-dan artıq terror aktı törədilmiş və nəticədə 2000-dən çox soydaşımız qətlə yetirilmişdir".

Qeyd edək ki, Fransa Prezidentinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyasının, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə keçirilən həmin konqresə dünyanın 35-dən artıq ölkəsindən gələn nümayəndələr iştirak edirdilər.

Mehriban xanım Əliyeva Azərbaycanın bu sahədə göstərdiyi səylərdən danışarkən 2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hadisələrindən dərhal sonra ölkəmizin beynəlxalq koalisiyanın bir hissəsi kimi fəaliyyətini davam etdirdiyini xüsusi vurğuladı: "Hamımız bilirik ki, terrorçuluğun universal xarakterini nəzərə alaraq, fərdi qaydada göstərdiyimiz səylərin uğurlu olması apardığımız beynəlxalq əməkdaşlığın keyfiyyətindən asılıdır. Bu baxımdan mən qurbanların üzləşdiyi problemlərin həllində birgə tədbirlərin görülməsində yardımçı olacaq Terror Qurbanları Beynəlxalq Assosiasiyasının yaradılması ideyasını bütövlükdə alqışlayıram. İnanıram ki, Fransanın təcrübəsi əsasında bu yaxınlarda yaradılmış və təmsilçiləri bu gün aramızda olan Azərbaycan Terror Qurbanları Assosiasiyası gələcək uğurlara töhfə verəcəkdir".

Dünyanın bir çox ölkəsindən gələn nümayəndənin iştirak etdiyi tədbirdə  Mehriban xanım Əliyevanın çıxışı alqışlarla qarşılandı. Bu alqış həm də qloballaşan dünyada öz simasını qoruyub saxlamağa çalışan Azərbaycanın, onun xalqının və dövlətinin adına idi. O vaxt Parisdə təşkil olunan sərgi və incəsənət ustalarının konserti də sanki bu təntənənin davamı oldu. Şübhəsiz, Parisin 7-ci rayonunun meriyasının binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycana həsr olunmuş sərgi, incəsənət ustalarımızın konserti hələ uzun müddət xatirələrdə yaşayacaqdır. Milli musiqi alətlərimizlə tanışlıq da hamıda xoş təəssürat yaradaraq içtirakçıları özünə cəlb edirdi. Xüsusilə həmin alətlərdə səslənən ifalar, oxunan musiqilər hamını özü ilə Xəzər sahillərinə çəkib aparırdı.

Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan "Azərbaycan" nəşrinin fransız dilində təqdimatı da yadda qalan hadisələrdən idi. Nəşrə daxil olan 1000-dən çox şəkildə respublikamızın həyatı və tarixi əks olunmuşdu. Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı tariximiz, irsimiz, mədəniyyətimiz barədə geniş məlumat verdikdən sonra bugünkü sivilizasiyanın ən mühüm problemlərindən birinə toxunmuşdur: "Biz hamımız yaxşı bilirik ki, mədəniyyət xalqların ünsiyyət, anlaşma quruluşunda müstəsna rol oynayır. Mədəniyyət insanları dini və milli mənsubiyyətindən asılı olmayaraq, bir araya gətirir, birləşdirir. Bu isə bizim bugünkü dünyamızda ən vacib amillərdən biridir. Mən ümidvaram ki, bugünkü axşam da həmin amillərə xidmət edir".

Bir il sonra 2012-ci ilin sentyabrında Prezident İlham Əliyevin Fransaya işgüzar səfəri və səfər çərçivəsində bu ölkənin ən qədim şəhərlərindən, mədəniyyət ocaqlarından olan Parisin ən məşhur guşələrindən birində Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını da bir daha ölkəmizin uğurlu xarici siyasətinin məntiqi sonluğu kimi dəyərləndirmək olar. Sentyabrın 19-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etmişlər.

Prezident İlham Əliyev çıxış edərək həmin günü  Fransa-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gün, Parisin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzinin işə başlamasını əlamətdar bir hadisə kimi dəyərləndirmiş və bir faktı xüsusi olaraq qeyd etmişdir ki, ölkəmizin xaricdə birinci Mədəniyyət Mərkəzi məhz Fransanın paytaxtında açılır. Çünki Fransa-Azərbaycan əlaqələri çox uğurla, sürətlə inkişaf edir. Binanın həyətində Azərbaycan Bayrağı qaldırılmışdır. Bu Mədəniyyət Mərkəzinin fəaliyyəti bizə imkan verəcəkdir ki, Azərbaycan öz zəngin mədəniyyətini, tarixini, incəsənətini fransalılara geniş şəkildə təqdim etsin. Bu bina həm də qısa müddətdə Fransa-Azərbaycan dostluq evinə çevriləcəkdir.

"Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ticarətin həcmi ildən-ilə artmaqdadır. Bu gün biz Azərbaycanın bu  mədəniyyət ocağında görüşürük və dostlarımızla təmasda oluruq. Bu fürsətdən istifadə edərək Fransa-Azərbaycan əlaqələrinin mədəniyyət sahəsindəki fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Mehribanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasburqda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilmişdir. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyət xadimlərinin Fransada konsertləri, sərgiləri təşkil edilmişdir. Keçən il Bakıda Fransız Liseyinin təməl daşı qoyulmuşdur. Bakıda möhtəşəm "Plaisirs de France" sərgisi keçirilmişdir. Bu, mədəniyyət ocağının fəaliyyətə başlaması məhz Mehribanın təşəbbüsü ilə mümkün olmuşdur. Fransa dövləti onun fəaliyyətini çox yüksək qiymətləndirib və Mehribanı "Fəxri Legion" ordeni ilə təltif etmişdir. Bu axşam, doğrudan da, Fransa-Azərbaycan dostluq axşamıdır. Bizim Fransada dostlarımız çoxdur. Bu binanın qapıları həmişə dostlarımızın üzünə açıq olacaqdır," - deyən Azərbaycan Prezidenti bu sevinci qeyd etmək üçün bura gələn bütün dostları bir daha salamlaıyb, bütün Fransa xalqına yeni uğurlar və cansağlığı arzuladı. 

Azərbaycanın və Fransanın dövlət və hökumət rəsmilərinin, tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin və digər nüfuzlu qonaqların iştirak etdikləri qəbulda milli mətbəximizin təamları və Azərbaycan mədəniyyətinin inciləri də təqdim olundu. Bu, bir daha Avropada Azərbaycanın get-gedə artan nüfuzundan xəbər verir.

 

 

Azərbaycan.-2012.- 3 oktyabr.- S.5.