Moskvada V.Putinin milli siyasətinə
tərəfdar və Rusiyada millətlərarası ədavətin
qızışdırılmasına qarşı
çıxan Azərbaycan diasporunun mitinqi keçirilmişdir
Moskvada Krasnopresnenskaya Zastava meydanında
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin milli siyasətini
müdafiə edirik. Rusiyada millətlərarası ədavətin
qızışdırılmasının əleyhinəyik"
şüarı altında icazəli mitinq
keçirilmişdir. Mitinq Moskvada yaşayan azərbaycanlı
gənclərin təşəbbüsü ilə Ümumrusiya
Azərbaycanlıları Konqresinin Moskva Regional Şöbəsi
tərəfindən təşkil olunmuşdur.
Mitinqin məqsədi Rusiya cəmiyyətinin
sabitliyini pozan və onun vətəndaşlarının təhlükəsizliyi
üçün qorxu yaradan fitnəkar
çağırışlarla əlaqədar narahatlıq
hissini ölkə rəhbərliyinə
çatdırmaqdır. Təşəbbüs qrupunun fikrincə,
Rusiyanın azərbaycanlı ictimaiyyəti bəzi mənfur
siyasi xadimlərin yenə də milli məsələdən
öz məhdud tamahkar məqsədləri üçün
istifadə etmək cəhdlərindən narahat olduğunu
bildirmişdir. Çoxmillətli Rusiyada yaşayan və onun
geniş inkişafına sanballı töhfəsini verən azərbaycanlılar
millətlərarası sülh və razılığın təmin
edilməsi sahəsində Prezident Vladimir Vladimiroviç Putin
başda olmaqla ölkə rəhbərliyinin yeritdiyi siyasətə
tam tərəfdar çıxdıqlarını bildirirlər.
400 nəfərdən çox adamın
iştirak etdiyi mitinq münaqişəsiz
ötüşmüşdür. Tədbirdə azərbaycanlılarla
yanaşı başqa millətlərin nümayəndələri
də iştirak etmişlər.
ÜAK-nın baş katibi Mikayıl
Hüseynov, baş katibin müavini Nemət Nağdəliyev,
ÜAK Moskva regional təşkilatının rəhbəri
İlqar Hacıyev, Azərbaycanın Moskvadakı rus
icmasının nümayəndəsi Yuri Karetin, habelə
diasporun fəalları Azərbaycanla Rusiya arasında çoxəsrlik
dostluqdan, çoxmillətli Rusiyada millətlərarası
sülh və razılığın pozulmasının
yolverilməzliyindən danışmışlar.
Mitinqdə "Millətlərarası
münaqişələrə və ədavətlərə -
yox!", "Vladimir Putinin siyasətini müdafiə edək!",
"Biz rusiyalıyıq!", "Millətlərarası ədavətə
yox deyək!", "Rusiyanın azərbaycanlı gəncləri
Putinin milli siyasətinə tərəfdardırlar",
"Rusiya və Azərbaycan strateji tərəfdaşlardır"
şüarları səsləndirilmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Azərbaycan.-2012.-
3 oktyabr.- S.5.