Şaxələnən budaqlar

 

 Əslində, söhbət nə ağacdan gedir, nə də onun budaqlarından. Doğrudur, Elşad Tahirovvaxtsa könlündən kənd təsərrüfatı mütəxəssisi olmağı, doğma Lənkəranda yeni ağaclar əkməyi, yeni bitkilər yetişdirməyi də keçirib. Amma ətrafına baxanda görüb ki, yaşıdlarının çoxu bu fikirdədir. Ona görə də özünə bənzərsiz, başqalarının getmədiyi bir yol seçmək qərarına gəlib. Neftçi olmağı qət edib, dənizin qoynunda işləməyi arzulayıb.

"Arzun hara - mənzilin ora", - deyiblər. İndi artıq 42 ildir Elşad Tahirov arzularının bələdçiliyi ilə seçdiyi bu yolla addımlayır. Bakı Neft Texnikumunu bitirib. Ordu sıralarında əsgəri borcunu yerinə yetirib. Sonra da Xəzərdə, polad dirəklər üstündə qərar tutan şəhərə gəlib.

- Mən Neft Daşlarına soyuq bir qış günündə qədəm basdım. 1975-ci il dekabrın 25-i idi. Estakadalarda külək tüğyan edir, yağan qarı enməyə qoymurdu. Yer deyəndə ki... Ayağımın altındakı torpaq idi, asfalt. Dəmir meydançalarla, polad körpülərlə insanlar o tərəf-bu tərəfə gedir, haraya isə tələsir, heç nəyə məhəl qoymurdular. 22 yaşına çatmışdım, amma belə hava görmüşdüm, belə məkan. Birdən hiss etdim ki, mən yaxınlıqdakı insanlara qoşulub irəliyə tərəf gedirəm. Qəlbimdə bir yüngüllük hiss etdim. Bayaqkı çiskinli hava da mənə aydın, mülayim göründü. Mənə elə gəlir ki, Xəzərlə elə o an dostlaşdıq, ilin 365 gününün 226-sını şaxə qalxan dalğaların qoynunda keçirən neftçilər ordusuna həmin andan qoşuldum...

Elşad Tahirovun söhbətindən məlum olur ki, o, elə həmin vaxtdan "Neft Daşları" Neft Qazçıxarma İdarəsindən qeyri heç bir müəssisədə çalışmayıb. 6 il neft qazçıxarma operatoru işləyib. Sonra onu ikinci mədəndən üçüncü mədənə keçiriblər. Ona neft qazçıxarma ustası vəzifəsini etibar ediblər. Estakadalarda qazandığı səriştə üçüncü mədənin 16-cı özülündə çalışdığı 30 il ərzində çox gərəyi olub.

Təcrübəli neftçi bu cür üsulunu, daha doğrusu, dəniz şəhərində kadrların yetişdirilməsində seçilmiş bu metodu çox bəyənir. Burada gənc mütəxəssisləri əvvəlcə estakadalarda, sıravi işlərdə sınaqdan keçirirlər. Sonra onları özüllərə göndərir, məsul işlər, vəzifələr tapşırırlar.

İndi Elşad Tahirov iki ildir yenə vaxtilə əmək fəaliyyətinə başladığı ikinci mədəndədir. Burada hər quyuya bələddir. Deyir ki, onlar optimal rejimdə işləyirlər. Elə bir çətinlik yoxdur. Amma onu da əlavə edir ki, işdə rəvanlıq öz-özünə yaranmır:

- Hər bir quyu körpəyə bənzəyir. Dili yoxdur ki, "dərd"ini deyə bilsin. Gərək onu duyasan. Bunun üçün isə hər kəs öz işinin ustası olmalıdır. Çətin həmişə mahir ustadan, yaxşı sənətkardan qorxar...

İkinci mədəndə belə ustalar çoxdur. Vəzifəcə usta olmasalar da, peşəkarlıq baxımından bu ada layiqdirlər. Elşad Tahirovun briqadasında 17 nəfər çalışır. Hamısının dəniz mədənlərində toplanmış zəngin təcrübəsi var. Məsələn, operatorlardan Məhəmməd Şirəliyev, Nəcəf Mustafayev, Dərgah Əliyev başqaları.

Məhz belə neftçilərin əməyinin nəticəsidir ki, köhnə yataqda hasilatı sabit saxlamaq mümkün olur. Neft Daşlarında ilk quyunun fontan vurduğu vaxtdan 63 il keçsə , yatağın ehtiyatları tükənmir. Bu gün "Neft Daşları" NQCİ sutkada orta hesabla 2600 ton neft verir. İkinci mədəndən isə sutka ərzində çıxarılan neftin həcmi 240 tondur.

Bu, çoxdur, yoxsa az? Təcrübəli usta deyir ki, quyuların sayına, yatağın yaşına baxanda, bu, pis nəticə deyil. Onu da nəzərə almaq lazımdır ki, mədənin ərazisində yeni qazma işləri aparılmır. Hasilatı sabit saxlamağa, yaxud artırmağa köhnə quyulara qulluq etməklə, onları təmir etməklə nail oluruq.

Gənclərdən, onların neftçi peşəsinə münasibətindən söhbət düşür. Elşad Tahirov "cavanların neft sənayesində çalışmağa meyili azalıb" fikrini söyləyənlərə qəti etirazını bildirir. Əksinə, indi neft-qaz yataqlarında işləmək istəyən, neft mühəndisliyi üzrə təhsil almağı arzulayan gənclərin sayının çoxaldığını bildirir. Dediklərini faktlarla təsdiqləyir:

- Uzağa getməyək, üç oğlumun heç biri başqa sənət seçmədi. Mənim yolumla getdilər. Bu gün çox sevinirəm ki, onlar çalışdıqları sahə müəssisələrdə peşəkarlıqları ilə irəliyə çıxıblar. Oğul atadan, şagird müəllimindən bir addım qabağa getməsə, həyat inkişafdan qalar.

Elşad Tahirovun böyük oğlu Elşən Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. O da seçdiyi yolda ilk addımları Neft Daşlarında atıb. Nəzarət-ölçü cihazları avtomatika üzrə mütəxəssis kimi 6 il burada çalışıb. Bu gün Azərbaycanda ən iri neft-qaz ixrac layihələrinin əməliyyatçısı olan BP şirkətində çalışmaq üçün üç dəfə testlə imtahan verib. İndi Xəzərdə, "Şahdəniz" yatağından qaz kondensat hasil edən platformada operator işləyir.

Rövşənlə Telman isə yenə Neft Daşlarındadırlar. Rövşən qaz-kompressor qurğularının maşinistidir. Telman nəqliyyat sexinin çilingəridir.

- Hələ heç bir övladımdan mənə üzqaralığı gəlməyib, - Elşad Tahirov dərindən köks ötürüb sonra rahat nəfəs alır. Bununla sanki dediklərinə şükür etdiyini bildirir.

Övladlarının bu yolu seçməsində, onların uğurlarında atanın rolunu soruşanda isə etiraf edir:

- Mənsiz onlar heç edə bilməzdilər. Ata nümunəsi məsləhəti həmişə ən yaxın köməkçiləri olub.

Bəs Elşad Tahirovun özünün köməkçisi kim olub? Şeiri, nəğməni sevən, təbiətin vurğunu olan, mütaliə etməkdən doymayan bu duyğulu insan taleyə, qismətə çox inanır. Əhatəsinə düşdüyü yaxşı insanları, vaxtilə nümunə götürdüyü ağsaqqal neftçiləri minnətdarlıqla yad edir. Bir xanımı Bağdagülə  ömrü boyu mənən borclu olduğunu söyləyir. Deyir ki, dörd övladımın - bir qızımın üç oğlumun sağlam böyüməsi, yaxşı tərbiyə alması, bu gün xoşbəxt ailə sahibi olması Bağdagülün zəhmətinin bəhrəsidir:

- Mən hər ayın yarısını dənizdə olmuşam, o isə uşaqlarla Lənkəranın Boladi kəndində...

Beləliklə, söhbətimizin sonunda neftçi Elşadın ömrünün bayaqdan fikir vermədiyimiz bir məqamı da "açılır". Demə, onun ailəsi kənddə yaşayır. Odur ki, Xəzərdə əmək növbəsi bitən kimi Bakıya, oradan da Lənkərana tələsir. 15 gündən sonra isə getdiyi marşrutla geriyə - Neft Daşlarına qayıdır. Beləcə, başqalarına narahat görünən, özünü isə fərəhləndirən, yormayan fədakar bir ömür yaşayır neftçi Elşad Tahirov.

- Yetirmələrimə baxıram, sevinirəm. Əlbəttə, öz oğullarım da onların arasındadır. Nəvələrimin çöhrəsində sabahın neftçilərinin cizgilərini axtarıb tapıram, qürurlanıram. Elə bilirəm budaqları günü-gündən şaxələnib artan gövdəli, çətirli bir ağacam...

Elşad Tahirovun bənzətməsinə təəccüblənmirik. Coşqun Xəzərlə uzun illərin dostluğu onu az qala şair edib. Dəniz neftçilərinin çoxu belədir...

 

 Flora SADIQLI,

Azərbaycan.-2012.- 3 oktyabr.- S.6.