UNESCO-nun baş direktoru dahi Azərbaycan şairi Nizami Gəncəvinin

870 illik yubileyi münasibətilə bəyanat yaymışdır

 

 UNESCO-nun baş direktoru İrina Bokova dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının  870 illik yubileyi münasibətilə bəyanat yaymışdır.

AzərTAc xəbər verir ki, bəyanatda deyilir: "Dahi şair və mütəfəkkir Nizami Gəncəvi ümumbəşəri dəyərə malik bir alimdir. Bu il onun 870 illik yubileyinin keçirilməsi mədəniyyətlərarası dialoqa bir çağırışdır və UNESCO təşkilatı bu yubileydə iştirakdan çox böyük şərəf hissi duyur.

Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilikkamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, ləyaqətli, ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir.

Onun əsərləri mədəniyyətin xalqlar arasında körpü salmasını və ictimai şüuru təcəssüm etdirir. Hələ o dövrlərdə Nizami Gəncə şəhərinin kitabxanalarından, İslam dünyasının hər bir tərəfindən olan əsərləri - tərcümələri, qədim əsərlərin təfsirlərini, müxtəlif dillərdə olan poemaları və elmi işləri əldə edə bilirdi. XII əsrdə olduğu kimi, bugünümüzdə də bu mədəni müxtəliflik bir imkan kimi hesab oluna bilər. Mədəniyyətlərin yaxınlaşmasına öz töhfəmizi vermək üçün mədəni, eyni zamanda mövcud bilik mübadiləsini genişləndirməklə birgə işləyə bilərik.

Heç şübhəsiz, Nizaminin ədəbi irsi Azərbaycan, Mərkəzi Asiya və digər ölkələrdə insanların həyatına çox böyük təsir göstərmişdir. "Ruhumu sevgiyə qərq edin" humanist çağırışı yaşadığımız qeyri-müəyyən zaman üçün bir ilhamdır. Bu çağırış "Sülhün müdafiəsi xanımların və kişilərin şüurlarında qurulmalıdır" kimi UNESCO-nun yaradılma konsepsiyasını özündə əks etdirir. Bu xüsusda Nizami irsinin və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Azərbaycanın dövlət qurumlarının və Gəncə şəhərinin səylərini ürəkdən alqışlayıram".

 

Azərbaycan.-2012.- 3 oktyabr.- S.7.