Beynəlxalq hüquq,
yoxsa «güclünün hüququ»
İşğal faktı ilə
barışmayacağını hər zaman bəyan edən Azərbaycan
danışıqların sonadək nəticəsiz
qalacağı təqdirdə münaqişənin həllində
güc yoluna əl atacağını gizlətmir. Söhbət
ondan gedir ki, Ermənistan və Azərbaycan arasında
1994-cü ilin mayın 12-də atəşkəs rejiminin tətbiqini
nəzərdə tutan Bişkek müqaviləsinin
imzalanmasından 18 il keçsə də, İrəvanın
qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən
beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək
cəhdləri hələ ki fayda verməyib. Ötən illərdə
ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa,
Rusiya) vasitəçiliyi ilə aparılan üzücü və
gərgin danışıqlar prosesi bir neçə dəfə
problemin real həlli müstəvisinə yönəlsə də,
Ermənistan rəhbərliyinin aşkar siyasi
cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək
mümkün olmayıb. Belə görünür ki,
hazırda danışıqlar prosesinin dondurulması da məhz
nizamlanma prosesinin uzadılmasına, Ermənistanın vaxt
udmasına hesablanıb. İşğalçı dövlətin
belə mövqe tutması onun Minsk qrupu həmsədrlərinə,
əsasən də Fransa və Rusiyaya arxalanması ilə izah
olunur.
Minsk qrupuna rəhbərlik
edən dövlətlər sanki missiyalarını unudaraq təcavüzkar
Ermənistana açıq-aşkar himayədarlıq edirlər.
Onlardan biri qeyri-qanuni olaraq Ermənistana 1 milyard dollar məbləğində
silah satır, digəri Azərbaycanın iradəsinin əleyhinə
olaraq separatçı rejimə hər il maliyyə
yardımı göstərir. Üçüncüsü isə
qondarma, saxta "erməni soyqırımı"
iddialarını qəbul etməyən, erməni məkrinə
etiraz edən vətəndaşlarını cinayət məsuliyyətinə
cəlb etmək istəyir. Bitərəf həmsədrlik
institutu budurmu?
Azərbaycanın
son 18 ildə danışıqlar prosesində ədalətli,
prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe
nümayiş etdirməsi həm təcavüzkar tərəfə,
həm də dolayısı ilə onu təcavüzkarlığa
şirnikləndirən ATƏT-in Minsk qrupuna həmsədrlik
edən dövlətlərə yaxşı məlumdur. Lakin
aşkar görünür ki, "demokratiya çətiri"
altında özünün imperialist siyasətini yürüdən,
geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən
bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq
hüququ iflic duruma gətirib. Qarabağ münaqişəsinə
ədalətsiz yanaşma da kifayət qədər üzdədir.
Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq
hüquq normalarını kobud şəkildə pozaraq
işğalçılıq siyasəti yürütməsi təəssüf
ki, etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in,
AŞ PA-nın, İƏT-in sənədlərində də
Ermənistanın Azərbaycan torpaqlarını işğal
etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar
hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda
heç nə dəyişmir.
Dünya
nizamını müəyyənləşdirən güclər
işğala göz yummaqla hələ də təcavüzkarı
himayə edirlər. 2008-ci ildə BMT-də Azərbaycanın ərazi
bütövlüyü ilə bağlı keçirilən səsvermədə
həmsədr dövlətlərin bitərəf qalması
bunun əyani təcəssümü idi. 2010-cu ildə ABŞ
Konqresinin Xarici Əlaqələr Komitəsinin "erməni
soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə
təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın
əleyhinə yönəlmişdi. Belə bir ədalətsiz
və qərəzli qətnamənin qəbulu göstərdi
ki, Azərbaycan ictimaiyyəti ATƏT-in Minsk qrupuna həmsədrlik
edən dövlətlərə qarşı inamsızlıq və
etimadsızlıq nümayiş etdirməkdə tamamilə
haqlıdır. Eyni sözləri 2011-ci ildə qondarma "erməni
soyqırımı"nı tanımayanların cinayət məsuliyyətinə
cəlb edilməsini nəzərdə tutan qanunu qəbul etmək
niyyətində olan Fransa haqqında da demək olar.
Yaranmış vəziyyət
"Kim güclüdürsə, o da haqlıdır" kimi
vandal prinsipin hələ də aktual olduğunu göstərir.
Dövlət başçısı İlham Əliyev hələ
2009-cu ildə Qəbələ rayonunda məskunlaşmış
məcburi köçkünlərlə görüşü
zamanı beynəlxalq hüquq normalarının işləməməsinə
haqlı etirazını ifadə etmişdi: "Beynəlxalq
hüquq normaları əlbəttə ki, böyük əhəmiyyət
daşıyır. Azərbaycan müstəqil, suveren ölkə
kimi istəyir ki, bütün məsələlər qanun
çərçivəsində, dünyada qəbul edilmiş
normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq
qanun normaları pozulursa, onda demək olar ki, dünya birliyinin
beynəlxalq təşkilatlar çərçivəsində
fəaliyyətini tənzimləyən mexanizmlər işləmir.
Əgər dünyanın ən böyük, ən mötəbər
təşkilatı - BMT-nin Təhlükəsizlik
Şurasının, bu da BMT-nin ən vacib orqanıdır, -
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi
icra edilmirsə, onda hansı beynəlxalq hüquq
normalarından danışmaq olar".
Dağlıq
Qarabağ separatçı rejimindəki seçkilərə
münasibətdə də eyni vəziyyətin şahidi
oluruq. Doğrudur, İrəvanın ciddi səylərinə
baxmayaraq, bu gün heç bir dövlət qondarma
Dağlıq Qarabağ separatçı rejimini tanımır.
Hətta Ermənistan belə Dağlıq Qarabağın
tanınmasını nəzərdə tutan qanun qəbul etməyə
özündə cəsarət tapmayıb. Lakin buna baxmayaraq,
ABŞ, Fransa və digər Qərb ölkələri
dolayısı ilə separatçı rejimə müxtəlif
yardımlar göstərirlər. Xankəndidə qeyri-qanuni
şəkildə aeroport inşa edilməklə Azərbaycanın
hava məkanının təhlükəsizliyinin pozulması
faktına göz yumulur. Separatçı rejimə qeyri-qanuni səfərlərin
təşkilinə aşkar cəhdlər göstərilir. Belə
"ikili standart" yanaşmalara yol verən Qərb dövlətləri
digər tərəfdən də Rusiyanın
Gürcüstanın ərazi bütövlüyünü
pozmasına, Cənubi Osetiyanı işğal altında
saxlamasına guya "etiraz edirlər". Halbuki həm Azərbaycanın,
həm də Gürcüstanın konkret ərazi separatizminə
məruz qaldığı, torpaqlarının işğal
olunduğu Qərbə aşkar məlumdur. Belə faktları
uzatmağa ehtiyac yoxdur - Qərb dövlətlərinin siyasətindəki
"ikili standart" yanaşmalar beynəlxalq hüququn
güclünün hüququna çevrildiyini bir daha təsdiqləyir.
Qarşıdurmada
olan bütün dövlətlər bu qaçılmaz
reallıqla barışmalı olublar: hər bir münaqişə
son nəticədə danışıqlar masası
arxasında, sülh yolu ilə həllini tapmalıdır. Fəqət,
bu yanaşmanın özü də şərtidir. Heç
bir danışıq prosesi müddətsiz, nəticəsiz ola
bilməz. Hər bir danışıqlar prosesində
qarşılıqlı güzəştlər də beynəlxalq
hüquqla müəyyən olunur. Təcavüzkarla təcavüzə
məruz qalan dövlətdən eyni dərəcə güzəşt
tələb etmək isə beynəlxalq hüquq
normalarını ayaq altına atmaqdır. Təəssüf
ki, ATƏT-in Minsk qrupu da belə bir ədalətsiz mövqeyə
tapınıb. Həmsədr dövlətlərin məsuliyyətdən
tamamilə yayınması, münaqişə tərəflərinin
"istənilən razılaşması"nın məqbul
sayılacağını bəyan etməsi isə prinsipsizlik
nümunəsi kimi son dərəcə üzücüdür.
Bəli, həmsədrlər təkcə prinsipsizlik deyil, həm
də təcavüzkarı şirnikləndirmək yolunu
seçiblər.
Ermənistanın
təcavüzkar dövlət olmasına,
işğalçılıq siyasəti yürütməsinə
açıq-aşkar göz yumulur. Bu bir yana, "demokratiya
carçıları" Azərbaycandakı müsbət
meyillərə kölgə salmağa
çalışdıqları halda, təcavüzkar dövlətin
daxilində cərəyan edən antidemokratik proseslərə,
dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş
zorakı addımlarına da göz yumurlar.
"İkili
standartlar" digər beynəlxalq təşkilatların da
mövqeyində aşkar sezilir. Avropa Parlamentinin bu il mayın
24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan
hüquqları, demokratiya və hüququn aliliyinin
pozulmasına dair" qətnamə, bu mənada, ölkə ictimaiyyətinin
haqlı narazılığı ilə qarşılandı. Sənəddə
Azərbaycanda guya "söz və mətbuat, sərbəst
toplaşmaq azadlıqlarının həyata keçirilməsi
ilə bağlı problemlərin mövcudluğu"
vurğulanır. Məsələnin absurd tərəfi həm
də ondan ibarətdir ki, Avropa Parlamentinin 5 fraksiyasının
üzvlərinin iştirakı ilə keçirilən
toplantıda qurumun 754 deputatından cəmi 56-sı iştirak
etmiş, onların 49 nəfəri sənədin lehinə səs
vermişdi. Avropa Parlamentinin təxirəsalınmaz
prosedurları çərçivəsində, təxminən
30 dəqiqə davam edən dinləmələr nəticəsində
tələm-tələsik qəbul edilmiş qətnamədə
çoxsaylı yanlışlıqların,
yoxlanılmamış müddəaların əksini
tapması da onun qərəzliliyinə şübhə yeri
qoymur.
Müxtəlif
insanlar və dövlətlər tərəfindən törədilən
analoji hadisələrə əks münasibətlərin sərgilənməsi
özünü "ikili standart"ların bariz nümunəsi
kimi göstərir. Norveçdə 77 nəfəri qətlə
yetirən, məhkəmədə öz əməlindən
peşman olmadığını və daha çox insanı,
habelə müsəlmanı öldürə bilmədiyindən
təəssüfləndiyini bildirən Anders Breyvik 21 il müddətinə
azadlıqdan məhrum edildiyi halda, bir erməni zabitini qətlə
yetirən (baxmayaraq ki, güclü ruhi həyəcan vəziyyəti
istisna edilmirdi) Azərbaycan Ordusunun zabiti Ramil Səfərov
Macarıstan məhkəməsi tərəfindən
ömürlük azadlıqdan məhrumetmə cəzasına
məhkum edildi. Ermənistan bütün dünyanın
terrorçu kimi tanıdığı Monte Melkumyanın həbsdən
buraxılmasını "təşkil" edərək onu
Ermənistana gətirib milli qəhrəman adını verərək
abidəsini qoyanda və bu qatili öz əməllərini
davam etdirmək üçün Dağlıq Qarabağa
göndərəndə (amma o, Dağlıq Qarabağda əsgərlərimiz
tərəfindən öldürüldü) heç bir
ölkə, heç bir beynəlxalq təşkilat bununla
maraqlanmadı. Azərbaycan
Ordusunun zabiti Ramil Səfərovun isə beynəlxalq normalara və
Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə
uyğun şəkildə Azərbaycana gətirilib ölkə
Prezidenti tərəfindən əvf edilməsi narahatlıq
hissi ilə qarşılandı.
Bu ilin sentyabr
ayının 13-də Avropa Parlamenti "uğurlu təcrübə"sindən
istifadə edərək Ramil Səfərovun əfv edilməsindən
təəssüf hissini ifadə edən qətnamə qəbul
etdi. Təbii ki, bu qətnamə də Avropa Parlamentinin 754
üzvündən 76 nəfərinin iştirakı ilə,
bunlardan da 58 nəfərin sənədin lehinə, 13 nəfərin
isə əleyhinə səs verməsi ilə qəbul edildi. Qətnamədə
"Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi
qarşılanması, ona mayor rütbəsi verilməsi və
8 illik maaşının ödənilməsindən, onun gələcək
nəsillərə qoyacağı nümunədən"
narahatlıq ifadə olunur. Görünür, Avropa parlamentariləri
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini
işğal etməklə bir milyondan artıq azərbaycanlının
qaçqın və məcburi köçkün kimi
yaşamağa məcbur edilməsini, Xocalıda və digər
ərazilərimizdə törətdiyi soyqırımı,
bütün dünyanın terrorçu kimi
tanıdığı M.Melkumyanla bağlı hərəkətlərini
gələcək nəsillərə nümunə hesab etmirlər.
Avropa Parlamentinin belə məsələlərlə
bağlı "parlaq təcrübə"sini nəzərə
alaraq qətnaməni geniş şərh etməyə
lüzum yoxdur. Amma Avropa Parlamentinin üzvləri 1983-cü ildə
qəbul edilmiş "Məhkum olunmuş şəxslərin
verilməsi haqqında" Avropa Konvensiyasının 12-ci maddəsinə
diqqət etsələr, daha yaxşı olardı. Həmin
maddədə deyilir ki, "hər bir tərəf
özünun Konstitusiyasına və ya digər qanunlarına
uyğun olaraq əfv, amnistiya və ya cəzanın
yüngülləşdirilməsi haqqında qərar verə
bilər". Azərbaycan həmin konvensiyaya 1995-ci ilin
martın 21-də qoşulmuş və bu parlamentimiz tərəfindən
12 dekabr 2000-ci il tarixdə ratifikasiya edilmişdir. Ramil Səfərovla
bağlı məsələ də ölkə Prezidenti tərəfindən
həmin konvensiya və Azərbaycan Respublikası
Konstitusiyasının tələblərinə uyğun şəkildə
həll edilmişdir.
Avropa Parlamentinin
həmin qətnaməsi ilə bağlı Azərbaycan
Respublikasının Milli Məclisi 1 oktyabr 2012-ci il tarixdə
bəyanat qəbul etmişdir. Bəyanatda deyilir: "Azərbaycan
Ordusunun zabiti Ramil Səfərovla bağlı olan sırf
hüquqi məsələyə siyasi rəng verilməsi cəhdlərinin
davam etməsi dərin təəssüf və narahatlıq
hissi doğurur. Bu cəhdlər Avropada bəzi siyasi dairələrin
erməni təbliğatının təsiri altında hərəkət
etdiklərini, bir çox hallarda Azərbaycanla bağlı məsələlərdə
ikili standartlardan əl çəkmədiklərini göstərir...
1983-cü il iyulun 15-də Fransanın Orli hava limanında
törədilmiş terror aktına görə həmin ölkənin
məhkəməsi tərəfindən ömürlük həbs
cəzasına məhkum edilmiş Varujan Karapetyanın 2001-ci
ildə Ermənistan prezidenti Robert Koçaryanın müraciətindən
və ASALA erməni terror təşkilatının hədələrindən
sonra vətəndaşı olmadığı Ermənistan
Respublikasına verilməsi və əfv edilməsi, onun, eləcə
də müxtəlif dövrlərdə Avropa ölkələrində
Türkiyə səfirliklərinə, eləcə də Azərbaycan
ərazisində dinc sakinlərə qarşı
çoxsaylı terror aktlarında iştirak etmiş Suren
Nayriyanın, Monte Melkumyanın, Akop Culfayanın, Gevorq Gözəlyanın,
Vazgen Sislyanın, Samvel Babayanın və digər qatı cinayətkarların
Ermənistan cəmiyyətinə qəhrəman kimi təqdim
edilməsi hamıya məlum olan faktlardır. Əlbəttə,
biz Azərbaycan Ordusunun zabitini terrorçularla müqayisə
etmək fikrində deyilik, amma həqiqəti də söyləməyə
bilmərik... Azərbaycan Respublikasının Milli Məclisi
bir daha bəyan edir ki, bütövlükdə Cənubi Qafqaz
bölgəsi üçün ən böyük təhlükə
mənbəyi Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycan ərazilərinin hələ də işğal
altında saxlanılması, təcavüzkar dövlətin
beynəlxalq hüquqa meydan oxuması və dünya birliyinin qəti
ifadə edilmiş iradəsini saya salmamasından ibarətdir".
Ramil Səfərov
azadlığa buraxılan kimi ASALA erməni terror təşkilatı
Azərbaycanı, xaricdə yaşayan
soydaşlarımızı, habelə diplomatlarımızı
terrorla hədələdi. Erməni terror təşkilatı tərəfindən
Azərbaycana qarşı belə bir hədənin
ünvanlanması təəccüb doğurmur. Çünki
erməni xislətini dünyada azərbaycanlılardan və
türklərdən daha yaxşı heç kim
tanımır. Ermənistan parlamenti bu məsələ ilə
bağlı növbədənkənar sessiya keçirdi. Ermənistan
prezidenti S.Sarkisyan R.Səfərovu terrorla məhv etmək
üçün "göstəriş" verdi.
Bütün bunlar Ermənistanın ASALA erməni terror təşkilatı
ilə sıx əlaqələrini, onların fəaliyyət
birliyini, Ermənistanın nəinki terroru dəstəkləməsini,
hətta onun özünün də terrorla məşğul
olduğunu bir daha təsdiqlədi. Bütün dünyanın
terrorçu təşkilat kimi tanıdığı ASALA ilə
Ermənistanın fəaliyyət birliyinin
açıq-aşkar göründüyü bir vaxtda dünya
birliyinin, beynəlxalq təşkilatların susması
anlaşılan deyil. Azərbaycanda "mikroskopla qanun pozuntusu
axtaran" beynəlxalq təşkilatların terrorçu və
işğalçı bir rejimin hərəkətlərinə
göz yumması "ikili standartlar"ın
mövcudluğunu daha qabarıq göstərir.
XX əsrin
sonu-XXI əsrin əvvəllərində terrorun xüsusilə
təhlükəli forması olan dövlət terrorizmi gizli fəaliyyət
dövrünü başa çatdıraraq asanlıqla
görünən bir fəaliyyət mərhələsinə
daxil olmuşdur. Dövlət terrorizmi ilə mübarizənin
beynəlxalq hüquqi bazasının
formalaşdırılması, mübarizə mexanizmləri və
qurumlarının yaradılması zərurəti kəskin
şəkildə özünü göstərir. Terrorçu
dövlətin də işğalçı dövlət kimi
hamılıqla etiraf edilməsi məsələsinin heç
də asan olmayacağını nəzərə alsaq beynəlxalq
iradə və beynəlxalq həmrəyliyin vacib şərt
olmasını etiraf etməliyik. Bu məsələdə isə
obyektiv informasiya ilə təchiz olunan beynəlxalq ictimaiyyətin
rolu həlledici ola bilər. Dövlət terrorizminə
hesablanmış siyasətin heç də sağlam təxəyyülün
məhsulu olmadığı hamıya məlumdur. Ermənistanın
da terrorçu dövlət olması isə şəksizdir.
Dövlətin beynəlxalq hüququn subyekti kimi beynəlxalq səlahiyyətlərindən
istifadə etməklə belə bir fəaliyyətlə məşğul
olmasının xüsusi təhlükəliliyini nəzərə
almaqla dövlət terrorizminə qarşı mübarizə də
son dərəcə qətiyyətli və amansız
olmalıdır. Çünki bunu bütün bəşəriyyətin
təhlükəsizliyi tələb edir.
Bu yaxınlarda
Şəkidə 423 məcburi köçkün ailəsi
üçün salınmış yeni qəsəbənin
istifadəyə verilməsi münasibətilə təşkil
olunan mərasimdə iştirak edən Prezident İlham Əliyev
bildirib: "Azərbaycan dövləti götürdüyü
beynəlxalq öhdəliklərə sadiqdir. Biz Ramil Səfərovu
Avropa Konvensiyası əsasında Azərbaycana gətirdik və
o, Azərbaycan Konstitusiyası əsasında əfv edildi.
Baxın, bundan sonra bizə qarşı nə qədər təzyiqlər
və ittihamlar başladı. Ermənilər, dünyanın
erməni lobbisi hay-küy qaldırdılar. Mən bir neçə
ay bundan əvvəl təsadüfən deməmişdim ki,
bizim əsas düşmənimiz erməni lobbisidir. Bunlar indi
Azərbaycana qarşı nə qədər çirkin
kampaniya aparırlar. Onların himayəsində olan
rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi
beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər
indi Azərbaycana əsassız ittihamlar irəli sürürlər.
Axı bu ittihamların əsası yoxdur. Hər şey qanun
çərçivəsində, Avropanın qəbul etdiyi
konvensiyalar çərçivəsində edilib".
Azərbaycan
danışıqlar prosesində ədalətli, prinsipal və
beynəlxalq hüquqa əsaslanan
mövqe nümayiş etdirir. Bu dəyişməz
mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə
səfərlərində, eləcə də ölkəmizə
gələn nüfuzlu beynəlxalq təşkilatların və
dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə
çatdırır. Bu yaxınlarda Prezident İlham Əliyev
Qəbələdə ATƏT-in üzvü olan ölkələrin
səfirlərini qəbul edən zaman Ermənistanın təcavüzkar
dövlət olmasını, beynəlxalq hüquq
normalarını kobud şəkildə pozduğunu bir daha
bildirib: "Bizim məsələni həll etmək
üçün hərtərəfli hüquqi bazamız
vardır. BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi vardır. Onların heç biri yerinə
yetirilməyib. ATƏT-in qərarları, Lissabon sammiti və
digər qərarlar, hamımız bunları xatırlayrıq.
Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı və digər beynəlxalq təsisatlarda,
NATO-nun Çikaqoda keçirilmiş sammitində də bu məsələyə
baxılıb. Münaqişənin həlli beynəlxalq
hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır.
Ermənistan prezidentinin, mənim və Rusiya Prezidenti Dmitri
Medvedevin tərəfindən imzalanmış Mayndorf bəyannaməsində
də göstərilir ki, münaqişə beynəlxalq təşkilatların
qərarları və qətnamələri əsasında həllini
tapmalıdır. Bu qərar və qətnamələr birmənalıdır...
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan
bir gün sonra İrəvan şəhərinin Ermənistan
dövləti üçün paytaxt şəhəri
olmasına razılıq verilmişdi. Çoxları bundan xəbərsizdir,
lakin bu, həqiqətdir. Biz daha bir erməni dövlətinin
Azərbaycan ərazisində yaradılmasına icazə verməyəcəyik.
Bu, qeyri-mümkündür. Ermənistan anlamalıdır ki,
onların maksimalist yanaşması, Dağlıq Qarabağ
üçün müstəqillik tələb etmələri
mümkünsüzdür. Bunu heç kim dəstəkləməyəcəkdir.
Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən
qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən
tanınmayıb, Dağlıq Qarabağı heç kim
tanımır. Buna görə də Ermənistanın irəliləyiş
əldə etmək üçün ən yaxşı
variantı 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupunun təqdim
etdiyi təkliflərə qayıtmaqdır. Azərbaycan
bunları dəstəkləyir. Siz bu təkliflərin nədən
ibarət olduğunu bilirsiniz: işğal olunmuş
bütün ərazilər Azərbaycana qaytarılmalı,
qaçqın və məcburi köçkünlər öz
torpaqlarına qayıtmalı, təhlükəsizlik təmin
edilməlidir. Yalnız bundan sonra Ermənistan ilə əlaqələr
təmin olunacaq, Dağlıq Qarabağın gələcək
statusu hər iki tərəf hazır olduqda müəyyənləşdiriləcəkdir".
Dünyada cərəyan
edən prosesləri dərindən təhlil edən dövlət
başçısı, Ali Baş Komandan cənab İlham Əliyev
haqlı olaraq demişdir: "Dünyada gedən proseslər
onu göstərir ki, kim güclüdürsə, o da
haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir
və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada
yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq
hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz
bunu görmürük. Biz bu münaqişənin timsalında
görürük ki, ədalətsizlik 20 ilə
yaxındır davam edir və nə qədər də davam edəcək.
Ona görə güclü olmaq üçün biz
bütün imkanlarımızı səfərbər etməliyik".
Bu gün Azərbaycanda heç bir kənar
təsir və diktə altında hərəkət etməyən,
xalqın maraqlarını, mənafeyini müdafiə edə
bilən hakimiyyət mövcuddur. Məhz bu amil ölkəmizə qarşı yönəlmiş
"ikili standartlar"ı neytrallaşdırır, Azərbaycanı
beynəlxalq səviyyədə söz sahibinə çevirir.
Beynəlxalq hüquqa "Kim güclüdürsə, o da
haqlıdır" mövqeyindən yanaşanlar isə bir həqiqəti
unudurlar: Azərbaycan indiki durumda işğalçı Ermənistandan
çox-çox güclüdür. Güclünün
qarşısında duruş gətirmək isə
işğalçı dövlətə çətin olacaq.
Rafael CƏBRAYILOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2012.-
4 oktyabr.- S.3.