Azərbaycan mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq üzrə dünya
mərkəzidir
Xalqımızın qədim tarixi, zəngin mədəniyyəti və
tolerantlığı dünyanı düşündürən
məsələlərin müzakirə edildiyi
beynəlxalq humanitar tədbirlərin
ölkəmizdə keçirilməsini şərtləndirir
Dinamik inkişaf edərək regionun lider dövləti statusunu təmin edən Azərbaycan artıq
müxtəlif xarakterli - idman,
səhiyyə, iqtisadiyyat və sair tədbirlərin keçirildiyi
məkana çevrilib. Əlbəttə, bütün bunlar ölkəmizin
artan gücündən və nüfuzundan xəbər verir.
Azərbaycan bu gün
həm də mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq üzrə bir mərkəz kimi beynəlxalq
ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə
ölkəmizin humanitar əməkdaşlığın
gündəliyini müəyyənləşdirən təşəbbüslər
irəli sürməklə və bu istiqamətdə
genişformatlı tədbirlər keçirməklə
multikulturalizmə böyük önəm
verən məkana çevrilməsi dünyanın qəbul etdiyi reallıqdır.
Son dövrlərdə humanitar mövzulu forumların keçirilməsi üçün məhz ölkəmizin
seçilməsi təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə
malik, müxtəlif ənənələrin,
sivilizasiya və konfessiyaların əsrlər
boyu dinc şəraitdə
yanaşı mövcud olduğu
Azərbaycan bu formatda tədbirlərin keçirilməsi
üçün həqiqətən də
əvəzsiz məkandır. Xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı
barədə vaxtilə yetərincə məlumatı olmayan dünya dinamik inkişafın nəticəsi olaraq Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun
şahidinə çevrilir. Elə bu amillər də Azərbaycanın
sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə
verən ölkə statusunu daha da möhkəmləndirir
və bu mövzuda
dünyanı düşündürən məsələlərin
müzakirə edildiyi beynəlxalq tədbirlərin
məhz ölkəmizdə keçirilməsini şərtləndirir.
Bununla bərabər Azərbaycanın
sürətli inkişafı, dünya
birliyində nüfuzunun artması ölkəmizdə
tərəqqiyə və qarşılıqlı anlaşmaya xidmət edən belə
konfransların, forumların tez-tez
keçirilməsinə təsir göstərir. Bu isə öz növbəsində,
qloballaşan dünyada
dialoqa, qarşılıqlı anlaşmaya kömək edən amillərdir.
Bir faktı da xüsusi
qeyd etmək lazımdır - Azərbaycan dünyada analoqu olmayan nadir ölkələrdəndir
ki, o, həm Avropa, həm də Asiyanı təmsil edən
müxtəlif beynəlxalq qurumlarda, o cümlədən
Avropa Şurasında, İslam Əməkdaşlıq
Təşkilatında təmsil olunur. Bu baxımdan
Azərbaycanın humanitar əməkdaşlığa,
sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr
sanballı olmaqla bərabər, çağdaş
çağırışlarla daha çox səsləşir.
Ötən
illərin reallıqları
göstərir ki, Azərbaycan bu cür tədbirlərə
ev sahibliyi etməkdə
yaxşı təcrübə qazanmışdır. 2009-cu il oktyabrın 13-14-də, "Bakı - İslam Mədəniyyətinin
Paytaxtı-2009" mədəniyyət ili
çərçivəsində dünyanın 45-dən çox ölkəsindən, eləcə də
İSESCO, Avropa Şurası, TÜRKSOY və
digər təşkilatlardan 200-dən çox
nümayəndənin iştirakı ilə respublikamızda İslam Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin mədəniyyət
nazirlərinin VI konfransı keçirilmişdir.
2011-ci il aprelin 7-də
Bakıda 20 ölkədən 435 qonağın, o cümlədən Avropa
Şurası Parlament Assambleyası,
İSESCO, Dünya İctimai
Forumu, UNESCO və BMT rəsmilərinin
iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmişdir.
Bunlarla yanaşı, Azərbaycanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi
ilə bir sıra tədbirlər - "Azərbaycan:
sivilizasiyalararası dialoqun keçmişi və bugünü",
"Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfranslar,
"Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi"
mövzusunda beynəlxalq forum, "Dünya gənclərinin 4-cü məşğulluq
sammiti" və s. keçirilmişdir.
2011-ci il 7-9 aprel tarixlərində
Azərbaycanda 102 dövlətin və 10-dan artıq beynəlxalq
təşkilatın nümayəndələrinin
iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmişdir. Mədəniyyətlərarası
dialoqun müxtəliflik və
plüralizmlə səciyyələnən müasir
cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin nəzərdən
keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə
gücləndirilməsinə təşviq edilməsi forumun əsas məqsədi olmuşdur.
Qeyd edək ki, bu forumun keçirilməsi
Azərbaycanın irəli sürdüyü
və BMT-nin Sivilizasiyalar
Alyansı, UNESCO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və
İSESCO-nun dəstəklədiyi təşəbbüsdür.
Bu təşəbbüs mədəniyyətlərarası
dialoqun dünyada ən
təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.
Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik,
siyasi və praktiki
aspektləri müzakirə olundu, dialoqa yönələn maneələr nəzərdən
keçirildi və onun
müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret
şəkildə müzakirə edildi. Eyni zamanda forum təcrübə
mübadiləsi, eləcə də yeni təşəbbüslərin
irəli sürülməsi baxımından əlverişli imkanlar yaratdı. Dünyanın bütün qitələrindən gəlmiş
insanların təmsil olunduğu forumda siyasi liderlər və
ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət
nümayəndələri, mədəniyyət nazirləri və
mədəniyyət məsələləri üzrə səfirlər,
deputatlar, diplomatlar,
merlər və yerli icra
hakimiyyəti orqanlarının rəhbərləri,
qeyri-hökumət təşkilatlarının nümayəndələri,
jurnalistlər, mədəniyyət üzrə ekspertlər və
tanınmış ziyalılar iştirak
edirdilər.
Azərbaycan
Respublikası Prezidenti İlham
Əliyevin 2011-ci il 27 may
tarixli fərmanı ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun təşkil
edilməsi barədə verilmiş
tapşırıqlar Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin
artıq ənənə halı aldığını göstərir.
Sürətlə
qloballaşan dünyada
sivilizasiyalar arasında münasibətlərin
yeni formaları yaranır, dəyərlər
sisteminin arxitekturasında dəyişikliklər
baş verir, fərqli
düşüncə mədəniyyəti formalaşır. Bütün bu amillər humanist məsələlərin müzakirəsi
istiqamətində də yeni platformanı
formalaşdırmaq zərurətini yaradır. Bu
zərurəti nəzərə alan Azərbaycan
humanitar əməkdaşlığın
gündəliyini müəyyənləşdirən təşəbbüslərlə
çıxış edir. Bu baxımdan 2011-ci il oktyabrın 10-11-də Azərbaycan Prezidenti İlham Əliyevin
və Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin təşəbbüsü və himayəsi
ilə "XXI əsr: ümidlər və
çağırışlar" devizi
altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin
humanitar dialoqda əsasını
qoyduğu mühüm
beynəlxalq platformadır. Bu tədbirin
təşkil edilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş
Humanitar Əməkdaşlıq üzrə
Birinci Azərbaycan-Rusiya Forumunda
qəbul olunmuşdu. Humanitar əməkdaşlıqla
bağlı ən mühüm məsələlərin
müzakirəsi üçün nüfuzlu bir platforma kimi nəzərdə
tutulmuş Forumun məqsədi
XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal
çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən
etməkdir. İlk Forum multikulturalizmin
nailiyyətləri və problemləri, dünyanı dəyişdirən
müasir texnologiyalar,
elmlərin konvergensiyası, biotexnologiyalar
və etikanın problemləri, inkişafın iqtisadi
modellərinin humanitar aspektləri, sosial jurnalistika və
yüksək texnologiyalar, postmodernist
mədəniyyətdə ənənəvi dəyərlər
sistemləri kimi aktual
mövzulara həsr
olunmuşdu.
Humanitar forumun keçirilməsi üçün nəyə görə məhz
Bakının seçilməsini şərtləndirən
amilləri Prezident İlham
Əliyev tədbirin açılışı zamanı
çıxışında çox
gözəl izah etmişdir:
"Əsrlər boyu Azərbaycanda
müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir
ailə kimi yaşamışlar. Bütün
dövrlərdə Azərbaycanda hökm
sürən ictimai-siyasi quruluşdan
asılı olmayaraq, bütün
xalqlar bir ailə kimi yaşamışlar. Heç
vaxt Azərbaycanda milli,
yaxud dini zəmində
heç bir
qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt
ayrı-seçkiliyə yol verilməmişdir
və bu gün
müstəqil Azərbaycan bu ənənələrə
sadiqdir. Hesab edirəm,
bizim təcrübəmiz əyani şəkildə
göstərir ki, müxtəlif mədəniyyətlərə,
müxtəlif dinlərə mənsub olan
xalqlar mehribanlıq, sülh,
əməkdaşlıq şəraitində yaşaya
bilərlər. Yəni, ölkəmizdə bu
səpkidə keçirilən tədbirlərin ənənəvi
xarakter alması təbiidir".
Birinci Forumda siyasətçilər, sabiq dövlət və hökumət
başçıları, nüfuzlu beynəlxalq
təşkilatların nümayəndələri,
dünyanın hər yerindən gəlmiş adlı-sanlı
alimlər və mədəniyyət xadimləri, o cümlədən Nobel
mükafatı və digər nüfuzlu mükafatların laureatları,
aparıcı KİV-lərin rəhbərləri, ictimai xadimlər öz
fikirlərini bölüşmək üçün
Bakıda toplaşmışdılar. Konkret ifadə etsək Forumda 38 ölkədən, o
cümlədən Rusiya, Amerika
Birləşmiş Ştatları, Böyük
Britaniya, Fransa, Almaniya, Ukrayna, Türkiyə,
Gürcüstan, Misir,
İran, Pakistan və
s. ölkələrdən, 6 beynəlxalq
təşkilatdan 263 nümayəndə iştirak
etmişdir. Onların arasında 3 Nobel mükafatı laureatı, 6 sabiq prezident, Avropa Parlamenti, UNESCO,
İSESCO, İslam Əməkdaşlıq
Təşkilatı və s. beynəlxalq
qurumların nümayəndələri də var
idi. Azərbaycan tərəfdən Forumun plenar iclasında 316
alim, siyasi və ictimai xadim iştirak
etmişdir. Foruma bu qədər məşhur şəxslərin
gəlməsi onun gündəliyinin, habelə
iştirakçılara təqdim edilən və ətraflı
müzakirəyə ehtiyacı olan məsələlərin
aktuallığına dəlalət edirdi.
Forum iştirakçılarının
çıxışları da bugünkü dünyada humanitar məsələlərin həllinin nə
qədər vacib olduğunu
bir daha göstərdi.
Tədbirin keçirilməsinə xüsusi
maraq göstərən Rusiyanın keçmiş Prezidenti,
hazırkı Baş naziri
Dmitri Medvedev də Forum iştirakşılarına
ünvanladığı məktubda humanitar
sahədə əməkdaşlığa yüksək önəm
verərək bildirib: "Müasir
dünyada humanitar əməkdaşlıq
çox böyük
sabitləşdirici rol oynayır. O, davamlı inkişafa şərait
yaradır, ölkələr arasında münasibətlərə
müsbət təsir edir və iqtisadiyyat, elm və mədəniyyətdən
başlamış hüquq siyasəti və
təhlükəsizliyin təmin edilməsi məsələlərinə
qədər insan fəaliyyətinin demək
olar ki, bütün sahələrini əhatə edir. Humanitar əməkdaşlığı haqlı olaraq "yumşaq
qüvvə" adlandırırlar, çünki
o, ölkələri və xalqları ədalət
və tolerantlıq, həmrəylik və
qarşılıqlı hörmət dəyərləri əsasında
birləşdirməklə sivilizasiyaların dialoqundakı
maneələri aradan qaldırmağa
kömək edir".
Türkiyənin
IX Prezidenti Süleyman
Dəmirəl isə Bakıya gəlməkdən şad olduğunu bildirərək
Forum iştirakçıları ilə öz təəssüratlarını bölüşdü. Bildirdi
ki, dünyada baş verən bir çox hadisələr insan
həyatına təsirsiz ötüşmür
və odur ki, humanitar məsələlərlə
bağlı bütün təşəbbüslər
təqdirəlayiqdir. Süleyman Dəmirəl
çıxışında dünyada insan həyatı üçün
təhlükəli risklərin aradan
qaldırılmasına, minilliyin inkişaf məqsədlərinin vaxtında və
təxirəsalınmadan həyata keçirilməsinin
vacibliyinə diqqət çəkdi. Türkiyənin IX Prezidenti Azərbaycan dövlətinin
başçısına belə bir
mötəbər prosesə rəhbərlik etdiyinə görə
minnətdarlıq etdi.
ABŞ-ın
sabiq Prezidenti Bill Klintonun təbrik məktubunda
da Forumun əhəmiyyəti
dəyərləndirilir və qeyd olunurdu ki, dünyada
bir milyarddan artıq insan yoxsulluq şəraitində
yaşayır və bu cür
tədbirlər planetdə baş verən
mənfi proseslərin qarşısının
alınmasında, onların təsir imkanının zəiflədilməsində mühüm rol oynayır.
Avropa Şurası Parlament
Assambleyasının keçmiş sədri
Mövlud Çavuşoğlu
isə diqqəti ən böyük humanitar çağırış kimi birgə yaşayışa çəkmişdir.
Onun sözlərinə görə, mədəniyyətlərarası
dialoqun təşviqi indi
dünyada ən çox
ehtiyac duyulan prinsiplərdən
biridir və bununla
bağlı planların həyata keçirilməsi mühüm əhəmiyyət
daşıyır. Müasir Avropanın ən
böyük problemlərindən olan ksenofobiya və ekstremizmin qarşısının
alınması da böyük
humanitar dəstək istəyir və bununla bağlı təşəbbüslərin
böyük təsiri ola
bilər. Mövlud Çavuşoğlu
hələ də bir çox
ölkələrdə, o cümlədən
Azərbaycanda qaçqınların mövcudluğunu
humanitar əməkdaşlığa problem yaradan amillərdən
biri kimi səciyyələndirərək
demişdir: "Qaçqınlardan
danışarkən cənab Prezidentin xüsusi qeyd etdiyi kimi, biz
unutmamalıyıq ki, qaçqınlar və
məcburi köçkünlər Azərbaycanda da yaşayırlar. Məhz Dağlıq Qarabağ problemi
ucbatından və məhz Azərbaycan torpaqlarının
işğalına görə 1 milyon
qaçqın və məcburi köçkün
Azərbaycanda yaşamaqdadır. Mən bilirəm ki, cənab Prezident və onun hökuməti əlindən gələni
edirlər ki, Azərbaycanda çətin
vəziyyətdə yaşayan bu insanların həyat standartları
yaxşılaşsın. Xüsusilə qadın və
uşaqların hələ də çox
çətin vəziyyətdə yaşadığını
unutmamalıyıq".
UNESCO-nun baş direktorunun kommunikasiya və
informasiya məsələləri üzrə
müavini Yanis Karklins bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar
Forumu mürəkkəb
çağırışların idarə edilməsində çox mükəmməl bir
platformadır. Forumun gündəliyi kifayət
qədər zəngin və maraqlıdır. Eyni
zamanda, bunların hər biri
problemlərin mükəmməl şəkildə həlli
yollarını müəyyənləşdirmək
baxımından çox əhəmiyyətlidir".
İSESCO-nun baş direktoru Əbdüləziz
bin Osman Əl-Tüveycri isə Bakıda tez-tez beynəlxalq tədbirlərin
keçirilməsini Azərbaycanın və Prezident İlham Əliyevin
dünyada getdikcə artan mövqeləri ilə əsaslandırmışdır.
Onun sözlərinə görə, Bakı Beynəlxalq
Humanitar Forumu qarşıya qoyulan məqsədlərə,
gündəlikdə duran yeni humanitar məsələlərin
həllinə nail olmağa imkan verəcəkdir:
"Qloballaşma dövründə əlavə humanitar tədbirlər
beynəlxalq səviyyədə həyata keçiriləcəkdir.
Bu isə çox mütərəqqi bir məsələdir və
Azərbaycanın sivilizasiyalararası dialoqu gücləndirmək
təşəbbüsünün mühüm tərkib hissəsidir.
Azərbaycanın yeni təşəbbüsləri beynəlxalq
ictimaiyyəti narahat edən məsələlərin həllinə
yönəlmişdir".
Moskva Dövlət Universitetinin rektoru
Viktor Sadovniçi dövlətlər və xalqlar arasında
humanitar əməkdaşlıq məsələlərinin belə
bir möhtəşəm forumda artıq beynəlxalq miqyasda
müzakirə edilməsinin əhəmiyyətini
vurğulamışdır. Kimya üzrə Nobel
mükafatı laureatı Əhməd Zeveyl mövcud problemlərin
həllində dünyanın müxtəlif bölgələrində
yaşayan insanların səylərini birləşdirməyin əhəmiyyətini
qeyd etmişdir. Cəmiyyətdəki problemlərin diqqətə
çatdırılmasında, humanitar əməkdaşlığın
inkişafında yazıçıların rolunu yüksək
qiymətləndirən ədəbiyyat üzrə Nobel
mükafatı laureatı Vidiadhar Suracprasad Naypol onların bu məsələlərdə
daha asan dil tapa bildiklərini vurğulamışdır.
Dünyada baş verən bəzi proseslərlə
bağlı narahatlıqlarını Forumda
çıxış edən Rumıniyanın sabiq Prezidenti
Emil Konstantinesku və Slovakiyanın sabiq Prezidenti Rudolf
Şuster də bildirdilər. Onlar dinlərarası, mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsinin vacibliyini söylədilər,
tez-tez baş verən təbii fəlakətlərdən minlərlə
insanın aclıq çəkdiyini diqqətə
çatdırdılar, eyni zamanda, elmi, mədəni, sosioloji,
humanitar məsələlərin müzakirəsi
üçün belə tədbirlərin yaxşı fürsət
olduğunu diqqətə çəkdilər.
Forumda "Multikulturalizm: nailiyyətlər
və problemlər", "Dünyanı dəyişdirən
müasir texnologiyalar",
"Elmlərin konvergensiyası", "Biotexnologiyalar
və etikanın problemləri", "İnkişafın
iqtisadi modelinin humanitar aspektləri", "Sosial jurnalistika və
yüksək texnologiyalar",
"Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər
sistemləri"
mövzuları üzrə təşkil edilmiş
bölmələrdə bu məsələlərə dair
diskussiyalar aparılmışdır. Müzakirələrdə
fəlsəfi, humanitar mövzulara toxunulmuş,
inkişafın müasir mərhələsində bəşəriyyət
qarşısında duran suallara cavablar verilmişdir.
Bakı Beynəlxalq Humanitar Forumunun əsas
yekunlarından biri ondan ibarət olmuşdur ki, qloballaşma
yalnız bütün bəşəriyyətə məxsus
olmağa əsaslanan ümumi gələcəyin
formalaşması üzrə genişmiqyaslı və
israrlı səylərin həyata keçirilməsi yolu ilə
ədalətli xarakter kəsb edə bilər. Forum
iştirakçılarının qənaəti belə
olmuşdur ki, qloballaşan müasir dünyada dəyər
sistemləri yenilənir, sosial və mədəni proseslər
sürətlənir, həyatın bütün sahələrində
fundamental dəyişikliklər yaradan siyasi və mənəvi
irəliləyişlər baş verir, əvvəlki tarixi
dövrlərdə cəmiyyətin şüurunda
formalaşmış stereotiplər və sosial təsəvvürlər
dəyişir. Bu şəraitdə elmin və təhsilin
inkişafı, yeni texnologiyaların yaranması, informasiya cəmiyyətinin
təşəkkülü vaxtilə sırf nəzəri təsir
bağışlayan bir sıra problemləri
aktuallaşdırır.
Forumun daha bir nəticəsi isə ondan
ibarətdir ki, genişlənməkdə və dərinləşməkdə
olan qloballaşma prosesi alimlər və siyasətçilər
qarşısında çoxsaylı məsələlər
qoyur, o cümlədən elə məsələlər
qarşıya çıxır ki, bəşəriyyət
bunlarla əvvəllər üzləşməmişdi və
yeni humanitar gündəliyin formalaşmasını zərurətə
çevirir.
Bakı Forumunun
iştirakçıları narahatlıqlarını
bildirmişlər ki, bəşəriyyət təbiətlə
harmoniya şəraitində yaşamağa hazır
olmadığına və bunu bacarmadığına görə
planetar miqyaslı təhdidlərlə üzləşir. Forumda
çıxış etmiş görkəmli nümayəndələr
vurğulamışlar ki, mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq üçün göstərilən
bütün cəhdlərə baxmayaraq, sivilizasiyaların
münaqişəsi hələ də kifayət qədər
aktual problem olaraq qalmaqdadır. Qloballaşma şəraitində
mədəniyyətlərin və sivilizasiyaların
qarşılıqlı təsiri prosesi heç də o demək
deyil ki, bütün cəmiyyətlərə müəyyən
dəyərlər toplusu zorla qəbul etdirilməlidir.
Qloballaşmanın müxtəlif modellərinin və
variantlarının nəzərdən keçirilməsi bu
gün mövcud olan mədəniyyətlərin və dəyər
oriyentirlərinin müxtəlifliyini ən adekvat şəkildə
nəzərə almağa imkan verir.
Birinci Bakı Beynəlxalq Humanitar
Forumunun iştirakçılarının mövqeyi yekunda qəbul
olunan Bakı Bəyannaməsində öz əksini
tapmışdır. Bəyannamədə müxtəlif
ölkələrin dövlət siyasətində
multikulturalizmin mövqe və imkanlarını bir daha təhlil
etməyə, insanların hüquq və
azadlıqlarının bərqərar edilməsinə nail
olmağa, ksenofobiya, irqçilik və
dözümsüzlüyün bütün təzahürlərini
qətiyyətlə pisləməyə
çağrılır, elmlərin konvergensiyası
ideyasının son dərəcə uğurlu olduğu və
onun sivilizasiyanın yeni simasının formalaşması
üçün xüsusi əhəmiyyət
daşıdığı, sosial jurnalistikada
qloballaşmanın nəticəsi olaraq sürətlə
inkişaf edən yeni meyillərin
elmi təhlilə ehtiyacı olduğu qeyd edilir,
qloballaşma nəticəsində dünyanın
formalaşmaqda olan yeni nizamının uzunmüddətli və
mürəkkəb proses olduğunu və müxtəlif
ölkələrdə yaşayan insanların
dünyagörüşündə dəyişikliklərə
yol açdığı qəbul olunur, mədəniyyətlərin
və dəyərlər sistemlərinin müxtəlifliyini
qoruyub saxlamaq şərtilə bəşəriyyətin gələcək
inkişafı naminə mədəniyyətlərarası,
konfessiyalararası və sivilizasiyalararası dialoq
üçün real imkan və mexanizmləri müəyyən
etməyə çağrılır.
Bəyannamədə bu qəbildən
olan forumların vaxtaşırı keçirilməsinin zəruriliyi
də öz əksini tapıb. Bu təklifi dəstəkləyən
Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il oktyabrın
24-də Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri
haqqında sərəncam imzalamışdır. Həmin sərəncama
əsasən Bakı Forumunun ənənəvi olaraq
keçirilməsini təmin etmək üçün Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi
ilə təşkilat komitəsi yaradılmışdır.
Bakıda "XXI əsr: ümidlər və
çağırışlar" devizi ilə təşkil
olunmuş Beynəlxalq Humanitar Forum Azərbaycanın
sivilizasiyalararası və mədəniyyətlərarası
dialoqa mühüm töhfə verən ölkə statusunu
daha da möhkəmlətdi. Həmçinin bir daha təsdiq
olundu ki, Azərbaycanın bu cür layihələri həyata
keçirməkdə təcrübəsi və potensialı
yüksəkdir.
Bu gün dünyanın diqqəti yenidən
Azərbaycanın paytaxtına - Bakıya yönəlmişdir.
Oktyabrın 4-5-də Bakıda növbəti - İkinci
Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək. Bu dəfə
Forumda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı
təmsil edən 694 nəfər iştirak edəcək.
Onlardan 10 nəfəri sabiq
dövlət başçısı, 11-i Nobel mükafatı
laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru
(Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları
təmsil edən rəhbər vəzifəli şəxs, 55-i
görkəmli ictimai və siyasi xadimdir.
Forumda müxtəlif ölkələrdən
olan görkəmli elm və mədəniyyət xadimlərinin,
o cümlədən Nobel mükafatı laureatlarının
iştirakı ilə "dəyirmi masa"lar təşkil
olunacaqdır. "Dəyirmi masa"lar iqtisadi inkişaf modellərinin
humanitar aspektləri, konvergensiya edən texnologiyalar və gələcəyin
konturları, müasir KİV-lər və yeni
çağırışlar, postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər sistemi, XXI əsrdə
qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar,
müasir təbabətə və molekulyar biologiyaya
baxışları dəyişən texnologiyalar,
multikulturalizm və mədəni özünüdərk, cəmiyyətin
həyatında multikulturalizm məsələlərinə həsr
olunacaq.
Tədbir çərçivəsində
qonaqlar üçün paytaxt Bakı və ölkənin
regionları, Azərbaycan xalqının zəngin mədəni
irsi və incəsənəti ilə tanış olmaq
üçün geniş proqramlar təşkil olunacaqdır.
Təbii ki, qarşıdan gələn
illərdə ölkəmizdə keçirilən belə beynəlxalq
səviyyəli tədbirlərin sayı artacaq. Çünki Azərbaycanın
sürətli inkişafı, dünya birliyində nüfuzunun
artması ölkəmizdə tərəqqiyə və
qarşılıqlı anlaşmaya xidmət edən belə
konfransların, forumların tez-tez keçirilməsinə təsir
göstərir. Bu isə öz növbəsində,
qloballaşan dünyada dialoqa, qarşılıqlı
anlaşmaya kömək edən amillərdir.
Digər tərəfdən, Azərbaycanın
coğrafi vəziyyəti də onun bu mövqeyini gücləndirən
əsas şərtlərdən biridir. Bu mənada Avropa ilə
Asiyanın qovuşduğu, müxtəlif mədəniyyət
və sivilizasiyaların kəsişdiyi bir yerdə artıq
neçə illərdir tolerantlığı, dini
dözümlülüyü ilə seçilən,
dünyanın bir çox inkişaf etmiş ölkəsinə
örnək olan Azərbaycan cəmiyyəti belə tədbirlərə,
mərasimlərə ev sahibliyi etməkdə tam
haqlıdır. Bakı platforması isə qloballaşan
dünyada humanitar dəyərlərin qorunmasına və
inkişafına xidmət edəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2012.-
4 oktyabr.- S.5.