Milli Televiziya
və Radio Şurasının
yaradılmasının 10-cu ildönümü ilə bağlı hesabat
konfransı keçirilmişdir
Oktyabrın 3-də Milli Televiziya və Radio
Şurasının (MTRŞ) yaradılmasının 10-cu
ildönümü ilə bağlı hesabat konfransı
keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə Fəxri xiyabana
gələrək xalqımızın ümummilli lideri,
müasir müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad
etmiş, məzarı önünə gül dəstələri
qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı
üzərinə tər çiçəklər
düzülmüşdür.
Şəhidlər xiyabanına gələn
qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları
üzərinə gül düzmüşlər.
Tədbir Milli Televiziya və Radio Şurasında
davam etdirilmişdir. Şuranın sədri Nuşirəvan Məhərrəmli
teleradio sahəsində görülmüş
işlər və gələcək planlar barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu illərdə ölkədə fəaliyyət
göstərən ümumrespublika
yayımçısı olan
telekanalların sayı
9-a, regional yayımçıların sayı 14-ə, radio yayımçılarının
sayı 14-ə, kabel şəbəkəsi yayımçılarının
sayı isə 13-ə çatdırılmışdır.
N.Məhərrəmli bildirmişdir ki, ölkədə
bütün telekanallarda
filmlərin yalnız Azərbaycan dilində səsləndirilməsinin təmin
olunması barədə
qərarlar qəbul edilmişdir. Bundan əlavə, milli-mənəvi
dəyərlərin qorunmasına
ardıcıl əməl
edilmiş, milli teleserialların istehsalının
stimullaşdırılması məqsədi ilə ölkədə
yayımlanan bütün
əcnəbi teleserialların
yayımlanması dayandırılmışdır.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdir
müavini Ərəstun
Mehdiyev MTRŞ-ın
10 illik fəaliyyətini
yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə dövlət
başçısının 2002-ci il 5 oktyabr
tarixli fərmanı ilə yaradılmışdır.
Yarandığı dövrdən
bugünədək MTRŞ qanunvericiliklə ona verilmiş səlahiyyətlər
daxilində öz fəaliyyətini qurmuş,
televiziya və radio yayımlarının fəaliyyətini
tənzimləmiş, yayım
zamanı ictimaiyyətin
maraqlarını qorumuş,
televiziya və radio yayımı sahəsində
qanunvericiliyin icrasına
nəzarəti həyata
keçirmiş, beynəlxalq
sahədə bir sıra teleradio qurumları ilə əməkdaşlıq
etmişdir. Şura bu müddət
ərzində öz işini göstərə
bilmiş, cəmiyyət
tərəfindən qəbul
olunmuş, qiymətləndirilmişdir.
Ə.Mehdiyev "Azərbaycan Respublikası
Milli Televiziya və Radio Şurasının
üzvlərinə fəxri
adların verilməsi
haqqında" və
"Azərbaycan Respublikası
Milli Televiziya və Radio Şurası əməkdaşlarının "Tərəqqi" medalı
ilə təltif edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin sərəncamlarını
oxumuşdur.
Tədbirdə çıxış edən
Mətbuat Şurasının
sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda televiziyanın və radionun sürətlə
inkişaf etdiyini bildirmiş, bu yayım sahəsinin cəmiyyətdə,
dövlətin həyatının
bütün sahələrində
öz yerini tutduğunu qeyd etmişlər.
Bildirilmişdir ki, MTRŞ bütövlükdə
teleradio məkanında cəmiyyətimizin, ictimaiyyətin
maraqlarının qorunması sahəsində mühüm tədbirlər
həyata keçirilmişdir. Şuranın üzvləri onların
qarşısına qoyulmuş vəzifələrin öhdəsindən
layiqincə gəlmişlər. Sonda jurnalistləri
maraqlandıran suallar cavablandırılmışdır.
Azərbaycan.-2012.-
4 oktyabr.- S.2.