Estoniyanın sabiq Prezidenti Səngəçal neft terminalı ilə tanış olmuşdur

 

 Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gələn Estoniya Respublikasının sabiq Prezidenti Arnold Rüütel oktyabrın 3-də Səngəçal neft terminalı ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, terminal ilə tanışlıq Xəzər Enerji Mərkəzindən başlanmışdır. Qonağa terminal mərkəz, həmçinin Azərbaycanın neft qaz hasilatının tarixi barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkəmizdə irimiqyaslı enerji layihələri həyata keçirilmişdir. Bu layihələrin təməlini qoyan ulu öndər Heydər Əliyev Azərbaycana milyard dollarlarla xarici sərmayələrin cəlb edilməsi üçün çox işlər görmüşdür. İlkin olaraq Xəzərin neft qaz yataqlarının işlənilməsi neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni yerlərinin açılmasına şərait yaradan gəlir gətirmişdir. Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində "Ümid" qaz yatağının açılması ölkəmizə olan diqqəti daha da artırmışdır. Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu vardır.

Vurğulanmışdır ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları idarəetmə məntəqəsi vardır. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft qaz kəmərləri çəkilmişdir.

Qonağa xatirə hədiyyəsi təqdim olunmuşdur.

Sonra Estoniyanın sabiq Prezidenti Səngəçal terminalının ərazisini avtobusla gəzmişdir. Ona terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilmişdir.

 

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S.6.