BDU ilə Argentinanın Rosario Milli Bolqarıstanın St. Kliment Orhidski adına Sofiya universitetləri arasında əməkdaşlığa  dair müqavilələr imzalanmışdır

 

II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Argentinanın Rosario Milli Universitetinin rektoru Dario Maiorana və Bolqarıstanın St. Kliment Orhidski adına Sofiya Universitetinin rektoru İvan İliçev Dimitrov Bakı Dövlət Universitetində (BDU) olmuşlar.

Burada keçirilən görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov II Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışmışdır.

Bakı Dövlət Universitetinin tarixi və inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə məlumat verən rektor bildirmişdir ki,  BDU dünyanın 100-dən çox universiteti ilə əməkdaşlıq edir.

Müasir qloballaşma şəraitində təhsilin önəmli rolunu diqqətə çatdıran akademik A.Məhərrəmov universitetlərarası əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Argentinanın Rosario Milli Universitetinin rektoru Dario Maiorana və Bolqarıstanın St. Kliment Orhidski adına Sofiya Universitetinin rektoru İvan İliçev Dimitrov rəhbərlik etdikləri ali təhsil müəssisələri barədə məlumatlar vermişlər.

Sonra Bakı Dövlət Universiteti ilə Rosario Milli Universiteti və  St. Kliment Orhidski adına Sofiya Universiteti arasında ayrı-ayrılıqda əməkdaşlığa dair müqavilələr imzalanmışdır.

Hər iki əməkdaşlıq müqaviləsində tədqiqatçı və doktorantların mübadiləsi, birgə simpozium, seminar və konfransların təşkili və digər məsələlər nəzərdə tutulur.

Qonaqlar BDU-nun Heydər Əliyev Muzeyində, Elektron Tədris Mərkəzində də olmuşlar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S.6.