Qırğız
Respublikasının keçmiş Prezidenti Roza Otunbayeva Qəbələnin tarixi keçmişi, müasir
istirahət-turizm obyektləri, istehsal müəssisələri
ilə tanış olmuşdur
Qırğız
Respublikasının keçmiş Prezidenti Roza Otunbayeva Azərbaycana
səfəri çərçivəsində oktyabrın 3-də Qəbələ
rayonunda olmuşdur.
AzərTAc xəbər verir ki, qonaq əvvəlcə
Qəbələdə "Tufan" dağ-xizək
yay-qış istirahət kompleksinin inşasında işlərin
gedişi ilə tanış olmuşdur. Roza Otunbayevaya məlumat
verilmişdir ki, bu sağlamlıq-turizm obyektində turistlərə
qış idman növləri ilə məşğul olmaq, eləcə
də ilin bütün fəsillərində kompleksə
ekskursiyaya gələnlərin istirahəti üçün hər
cür şərait yaradılacaqdır.
Bildirilmişdir ki, dağ-xizək
kompleksinin ərazisində 18 min metr uzunluğunda
10 enmə zolağı inşa ediləcəkdir.
Bütün dağ-xizək trassasının enmə
zolaqlarının süni qaryaratma
sistemi ilə təchiz edilməsi nəzərdə
tutulur və bu məqsədlə
orada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi
planlaşdırılır. İstirahət mərkəzi gün ərzində üç
min nəfərə xidmət göstərmək
imkanına malik olacaqdır.
Sonra qonaq tikintisi davam edən Qəbələ Konqres
Mərkəzinə baş çəkmişdir.
İnşaat işləri ilə maraqlanan Roza Otunbayevaya məlumat verilmişdir
ki, 2,8 hektar ərazisi
olan mərkəzdə 1200 yerlik
ikimərtəbəli konfrans zalı fəaliyyət
göstərəcəkdir. Yüksək səviyyəli beynəlxalq tədbirlərin
keçirilməsi üçün hər
cür şəraitin
yaradılacağı mərkəz gələn ilin birinci yarısında
istifadəyə veriləcəkdir.
Qırğız
Respublikasının keçmiş Prezidenti Qəbələdə "Gilan piano" MMC-nin "Beltmann" piano fabriki ilə də
tanış olmuşdur. Qonağa
məlumat verilmişdir ki,
2009-cu ildən fəaliyyətə başlayan
fabrik hazırda dünyada
"Beltmann" markalı pianolar
istehsal edən yeganə müəssisədir.
Fabrikdə istehsal prosesi
ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq
standartlara cavab verən
fabrik inzibati bina və istehsal sahəsindən
ibarətdir. Pianolar sexlərdə
yığılaraq xüsusi avadanlıqla
təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə
ildə 1200-1500 piano istehsal
edilməsi mümkündür.
Sonra qonaq Qəbələ
Konserv Zavodunda olmuşdur. Müəssisə ilə
tanışlıq zamanı məlumat verilmişdir
ki, 12 hektar ərazidə
yerləşən zavodun istehsal
gücünə və texnoloji
avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən
avadanlıqlar quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun
qablaşdırılmasına qədər bütün
prosesləri əhatə edir. Ümumilikdə
350 nəfərin çalışdığı müəssisədə
30 çeşiddə meyvə şirəsi, konsentrat,
nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə,
cem, soyuq çaylar, 15 çeşiddə
yarımfabrikat formada məhsullar
hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı,
30-dan çox ölkəyə ixrac edilir.
Roza Otunbayeva rayona səfəri zamanı Qəbələ Limonad Zavoduna da baş çəkmiş,
istehsal prosesi ilə
maraqlanmışdır. Qonağa məlumat
verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı
müəssisədə beş
çeşiddə "Məhsul-kola", "Tərxun",
"Düşes", "Limon", "Üzüm"
limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif
tutumlu plastik və
şüşə qablarda bazara
çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan
zavodda 60 nəfər işlə təmin edilmişdir.
Qırğızıstanlı
qonaq rayon
Tarix-Diyarşünaslıq Muzeyində də olmuşdur.
Muzeylə tanışlıq zamanı qonağa məlumat verilmişdir
ki, 1980-ci ildən fəaliyyət göstərən
bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik
tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik
eksponat mühafizə olunur.
Muzeyin
ayrı-ayrı zallarındakı eksponatlarla
tanış olan qonağın diqqətini
900 il Qafqaz
Albaniyasının paytaxtı olmuş qədim
Qəbələ şəhəri və onun
bu günədək gəlib
çatmış möhtəşəm qala
divarının, bürc və
darvazasının maketi və orada aparılmış arxeoloji
qazıntılar zamanı əldə olunmuş
maddi-mədəniyyət nümunələri cəlb etmişdir.
Qırğız
Respublikasının keçmiş Prezidenti Roza Otunbayeva səfərinin sonunda
Qəbələdəki beşulduzlu otellər
- "Qafqaz Riverside",
"Qafqaz Resort",
"Qafqaz Sport"
otelləri, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də
tanış olmuş, qonağa
bölgənin turizm imkanları barədə geniş
məlumat verilmişdir.
Qonaq Azərbaycanın dünyada turizm
ölkəsi kimi tanınması üçün böyük
potensiala malik olduğunu və bu istiqamətdə böyük
işlər görülərək uğurlar əldə
edildiyini vurğulamış, ölkəmizin sosial-iqtisadi
inkişafının, bölgələrdə müasir
texnologiyaya əsaslanan müəssisələrin
yaradılmasının şahidi olduğunu bildirmiş və
Qəbələyə səfərindən məmnunluğunu
ifadə etmişdir.
Azərbaycan.-2012.-
4 oktyabr.- S.6.