Dünya şöhrətli amerikalı alim Bakı Dövlət Universitetində olmuşdur

 

 Oktyabrın 3-də ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi, Nobel mükafatı laureatı Corc Fitzgerhald Smut  Bakı Dövlət Universitetində (BDU) olmuşdur.

AzərTAc xəbər verir ki,  burada keçirilən görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi universitetin yaranmainkişaf tarixindən, beynəlxalq əlaqələrindən söhbət açmışdır. Qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın əhəmiyyətini vurğulayan rektor bunun reallaşması istiqamətində universitetlərarası əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.

A.Məhərrəmov iki qurum arasında tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsini, ikitərəfli birgə simpozium, seminar və konfransların təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakının önəmini vurğulamışdır.

Corc Fitzgerhald Smut Azərbaycan və ABŞ arasındakı elm, təhsil əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirmişdir. Görüşdə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılmışdır.

Sonda A.Məhərrəmov amerikalı alimə xatirə hədiyyəsi təqdim etmişdir.

 

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S.6.